Vətəndaş cəmiyyətləri qrant və ianələrə görə cərimələrin artırılmasına etiraz edir

Milli Məclis

50-dən çox QHT Milli Məclisi qanunvericiliyə dəyişikliyi müzakirəyə çıxarmamağa çağırıb
Ölkənin bir sıra ictimai təşkilatları hökumətin vətəndaş cəmiyyətinin fəaliyyətinin məhdudlaşdırılmasına yönəlmiş siyasətinə etiraz bəyanatı yayıblar.
Sənəddə deyilir ki, son vaxtlar birləşmək, toplaşmaq və ifadə azadlıqları ilə bağlı hüquqi bazanın və siyasi mühitin sərtləşdirilməsi istiqamətində ardıcıl antidemokratik addımlar atılır.

“Sərbəst toplaşmaq azadlığına qadağalar, bununla bağlı iri həcmli cərimələrin tətbiqi, kütləvi həbslər, QHT-lərə artıq nəinki regionlarda, hətta Bakidakı otellərdə konfranslarin kecirilmələrində suni maneələr, cəmiyyətdəki problemlərin mətbatda qabardılmaması ilə baglı müxalifət və müstəqil media nümayəndələrinə xəbərdarlıqlar, ümumilikdə sivil topluma garşı mərkəzləşdirilmış təzyiq həlqəsinin tərkib hissəsidir.

Hazırda qeyri-hökumət təşkilatları, siyasi partiyalar və dini birliklərin iqtisadi əsasları və maliyyə fəaliyyətinin daha da sərtləşdirilməsi və bununla bağlı fantastik cərimələrin, hətta əmlak müsadirəsi sanksiyaların tətbiqini nəzərdə tutan yeni qanun layihəsinin Milli Məclisin müzakirəsinə çıxarılması da bu siyasətin davamı kimi qiymətləndirilməlidir.

Biz, Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları bu siyasətə etiraz edərək bəyan edirik ki, bütün bunlar ölkədə birləşmək, toplaşmaq və ifadə azadlıqlarının məhdudlaşdırılmasına xidmət edir. Hesab edirik ki, bəyan edilən siyasi kursla birbaşa ziddiyyət təşkil edən bu siyasət ölkədə demokratik proseslərin və vətəndaş cəmiyyətinin inkşafına əngəl yaratmaqla dövlətin imicinə ciddi zərbə vurur.

Bütün bu basqıların və sivil toplumla bağlı qanunvericiliyə yeni dəyişikliklər layihəsinin ölkədə vətəndaş cəmiyyəti təşkilatlarnın fəaliyyətinə vuracaq ağır təsirləri nəzərə alaraq, siyasi hakimiyyəti belə təşəbbüslərdən çəkinməyə cağırırıq.
Eyni zamanda Milli Məclisin rəhbərliyinə və hər bir millət vəkilinə müraciət edərək belə bir mürtəce qanun layhəsini müzakirəyə çıxarmamağa və ona səs verməməyə çağırırıq.

Biz, vətəndaş cəmiyyəti təşkilatlarının təmsilçiləri öz növbəsində bildiririk ki, parlament və hökumət səviyyəsində bu qanun layihəsi də daxil olmaqla birləşmək, toplaşmaq və ifadə azadlıqları ilə bağlı hüquqi bazanın liberallaşdırılması məqsədi ilə bütün məsələlərin konstruktiv müzakirələrində maraqlıyıq və bu müzakirələrə hazırıq.

Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlara və diplomaik missiyalara müraciət edərək müzakirələrə və həqiqi vətəndaş - hökumət dialoqunun başlanmasına dəstək verməyə çağırırıq”.

Qeyd edək ki, bəyanata 50-dən cox QHT dəstəkləyib.

Xatırladaq ki, Azərbaycan Milli Məclisi İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikləri müzakirə edəcək.

Dəyişikliyə görə, qrant alan şəxslər tərəfindən qrant alınması haqqında müqavilələrin və qərarların surətlərinin qeydiyyat üçün qanunvericiliklə müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə vəzifəli şəxslər 1500 manatdan 2500 manata qədər, hüquqi şəxslər isə 5 min manatdan 7 min manata qədər miqdarda cərimə olunacaqlar.

Məcəlləyə əlavələrdə həmçinin qeyd olunur ki, qrant müqaviləsi olmadan fəaliyyət göstərən dini qurumlar, QHT-lər, o cümlədən xarici dövlətlərin QHT-lərinin nümayəndəlikləri tərəfindən yardımın qəbul edilməsinə görə vəsait və əşyalar müsadirə olunmaqla vəzifəli şəxslər 2500 manatdan 5000 manatadək miqdarda, hüquqi şəxslər isə 8000 manatdan 15 min manatadək miqdarda cərimə edilir.