Ağahüseyn Əhmədov yerlilərə və səyahətçilərə müvəqqəti istifadə üçün avto-maşın tapmağa kömək edən Lendock start-apının təsisçisi və icraçı direktorudur. O bu günlərdə ABŞ-da Silikon Vadisində keçirilən Qlobal Sahibkarlıq Sammitində iştirak edib. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi facebook səhifəsində məlumat yayıb.
Cənab Əhmədov deyib: “Mən inanılmaz məkanda – Silikon Vadisində keçirilən Qlobal Sahibkarlıq Sammitində (QSS) iştirak etdiyimə görə çox şanslıyam. Dünyanı daha yaxşı etmək, real məsələləri həll etmək istəyən bu qədər çox oxşar düşüncəli insanların olmasını bilmək çox sevindiricidir. Sahibkarlıq yolunda hamımız oxşar problem və maneələrlə rastlaşırıq.
Çoxlu məhşur sahibkarlarla tanış olmaq, onlarla söhbətləşmək və fikir mübadiləsi aparmaq inanılmaz bir təcrübə idi. Bundan əlavə, öz sahələrinin mütəxəssisləri ilə olan sessiyalar çox əhəmiyyətli idi. QSS mənim motivasiyamı alovlandırdı və sahibkarlıq yolumu davam etdirmək və dünyanı daha da yaxşılaşdırmaq üçün mənə mühüm bilik verdi”, o qeyd edib.
"2016 Qlobal Sahibkarlar Sammiti" iyunun 22-24-də ABŞ-ın Kaliforniya ştatının Silikon Vadisində və Stanford Universitetində keçirilib.
Sammitdə Azərbaycanı 4 sahibkar təmsil edib.