Qlobal Koalisiya Çinin insan haqları pozuntularına dair daha çox araşdırma aparılmasına çağırır

60 ölkədən 321 vətəndaş cəmiyyəti qrupundan ibarət Qlobal Koalisiya Çinin sistemli və ciddi insan haqları pozuntularına dair daha çox araşdırma aparılmasını tələb edir.

Koalisiya BMT-nin İnsan Hüquqları Şurasının gələn həftə keçiriləcək sessiyası zamanı Çinin cəzasızlığına son qoyulmasını tələb etməyi planlaşdırır.

Qrup Birləşmiş Millətlər Təşkilatının baş katibi və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına Çində insan haqları vəziyyəti ilə bağlı narahatlıqlarına dair açıq bir məktub ünvanlayıb.

Məktubu imzalayanlar Honq Konq, Tibet və Sincan da daxil olmaqla, Çində geniş yayılmış insan haqları pozuntuları probleminin həllinin vacibliyini vurğulayıb.

Human Rights Watch-un Çin üzrə direktoru Sofi Riçardson BMT-nin İnsan Hüquqları Şurasından Çinin daxildə və ölkə xaricində yol verdiyi qanun pozuntularına fərqli bir cavab verməsini tələb edib.

"Bir milyon insanı etnik kimliyinə görə özbaşına həbsdə saxlamaqda davam edən və digər ciddi qanun pozuntularına yol verən Çin hökumətinin bunun nəticəsi ilə üzləşməsinin vaxtı çatıb" - deyə Riçardson bildirib.

Çin əksəriyyəti müsəlman uyğurlar olmaqla, çoxsaylı insanı bağlı düşərgələrdə məcburi saxladığına görə ittiham edilir.

Pekin Sincandakı uyğurlara və ya digər müsəlman etnik qruplara qarşı qəddar iddiları rədd edərək, İslam ekstremizmi və separatizmə mane olduğunu və onlara yeni peşələrlə bağlı təhsil verdiyini deyir.

Koalisiyanın bəyanatında Çinin BMT İnsan Hüquqları Şurasının mandatını təhrif etmək səyləri, repressiyadan çıxış yolu axtaran fəalları təqib etməsi, Pekin hökumətinin dünya ölkələrində törətdiyi iddia edilən ciddi hüquq pozuntularına və beynəlxalq cinayətləri dəstəkləmək təşəbbüsləri vurğulanır.

Çin hökuməti BMT-nin insan hüquqları rekordunu “kobud müdaxilə” kimi qiymətləndirməsini rədd edir.

Human Rights Watch-un Cenevrə direktoru Con Fişer Birləşmiş Millətlər Təşkilatının Çinin hüquqlarının pozulmasına görə cavabdeh olmasına çağıran səslərin artması üzərindən hərəkət etməsinin vacibliyini vurğulayıb.

“Düşünürəm ki, bu müraciət ətrafında təəccüblü olan şey bu qədər fərqli ölkədən çoxsaylı QHT-rin Çinin yalnız öz sərhədləri daxilində yol verdiyi pozuntuların deyil, həm də Çinin insan haqlarına nifrətinin qlobal təsirlərinin araşdırılması tələbidir” - deyə, Fişer bildirib.

Qlobal koalisiya Çin hökuməti tərəfindən yol verilən pozuntuları araşdırmaq üçün İnsan Hüquqları Şurasının xüsusi iclasına və hər il Çinin insan haqları vəziyyətini yaxından izləmək və hesabat vermək üçün qərəzsiz və müstəqil mexanizm yaradılmasına çağırıb.