Qiyas İbrahimov xaricə buraxılıb

Mayın 16-da Azərbaycan Dövlət Sərhəd Xidməti NİDA Hərəkatının fəalı və keçmiş siyasi məhbus Qiyas İbrahimovu Azərbaycan-Gürcüstan sərhədində saxlayıb.

Hərəkatın koordinatoru Samir Əsədli bildirib ki, sərhədçilər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tətbiq etdiyi qadağaya əsaslanıb. Qadağa onun hərbi bileti qeydiyyata alınmadığına görə tətbiq edilib. Lakin Qiyas İbrahimov bu yaxınlarda məhz bu hərbi biletin əsasında pasport alıb.

Bir neçə saat sürən uzun yoxlamadan sonra onu ölkədən xaricə buraxıblar.

Qiyas İbrahimov və digər gənc fəal Bayram Məmmədov 2016-cı il mayın 10-da Bakının mərkəzində Heydər Əliyevin abidəsinə siyasi şüarlar yazdıqdan sonra həbs edilib.

Gənclər külli miqdarda narkotik maddə alverində ittiham olunaraq 10 il azadlıqdan məhrum edilib.

Onlar Amnesty İnternational (Beynəlxalq Əfv) təşkilatı tərəfindən "vicdan məhbusları" kimi tanınıb.

Bu ilin martında hər iki gənc Azərbaycan prezidenti tərəfindən əfv edilib.