Oktyabrın 31-də Bakının Yasamal rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə NİDA Vətəndaş Hərəkatının fəalı Qiyas İbrhimov və onun atası Həsən İbrahimovun cinayət işi üzrə hazırlıq iclası başlayıb.
NİDA Vətəndaş Hərəkatının üzvləri Qiyas İbrahimov və Bayram Məmmədov 2016-cı il mayın 10-da Heydər Əliyevin abidəsinin üzərində siyasi şüarlar yazdıqdan sonra həbs olunub. Ancaq onlar qanunsuz narkotik maddə dövriyyəsində ittiham edilərək, hər biri 10 il azadlıqdan məhrum edilib.
Bu il iyunun 5-də Bakı Apellyasiya Məhkəməsi Qiyas İbrahimivun şikayətini təmin etməyib.
Məhkəmə zalında insident baş verib. Belə ki, şüşə qəfəsdə olan Qiyas İbrahimov prokuror çıxış edərkən dəfələrlə sədrlik edən hakim Vüqar Məmmədova əlləri ilə eşidə bimədiyini işarə edib. Hakim ona məhəl qoymadıqda gənc fəal şüşə qəfəsdəki mikrofonu çıxararaq yerə atıb və sərt şəkildə etiraz edib. Bu zaman məhkəmə nəzarətçiləri şüşə qəfəsdə İbrahimovun qollarını arxadan qandallayıb. Onun əlində sıyrıntı yaranıb və oturduğu skamyada qan izləri görünüb.
Buna fəalın məhkəmə zalında olan atası Həsən İbrahimov dözməyib və hakimlərə etiraz edərək “allahınız olsun”, “balalarınızın qarşısına çıxacaq” kimi ifadələr işlədib.
Qiyas İbrahimov isə hakimlərə etiraz olaraq “mantiya geyinmiş marionetlər” deyə müraciət edib.
Bunu hakim heyəti “məhkəməyə hörmətsizlik, şərəf və layaqətin alçaldılması” kimi qəbul edərək ata və oğuldan şikayət edib. Beləliklə Azərbaycan Ədliyyə Nazirliyinin İstintaq İdarəsində Qiyas İbrahimova və atası Həsən İbrahimova Cinayət Məcəlləsinin 289.2-ci maddəsilə (Məhkəməyə hörmətsizlik) cinayət işi qaldırılıb.
"Amnesty International" təşkilatı Qiyas İbrahimovu “vicdan məhbusu” elan edib. Təşkilat hesab edir ki, gənclərə qarşı narkotik ittihamı saxtalaşdırılıb.
Amma hakimiyyət təmsilçiləri onların “siyasi məhbus” olmasını qəbul etmir, konkret cinayətlərə görə cəzalandırıldığını bəyan edir.
Bu gün keçirilən hazırlıq iclasında vəkil Elçin Sadıqov Qiyas İbrahimovun şüşə qəfəsdən çıxarılaraq vəlkilin yaında oturdulması, cinayət işinə xitam verilməsi, cinayət işinin Bakı Apellyasiya Məhkəməsinin icraatına qaytarılması və təqsirsizlik prezumpsiyasının tanınması barədə vəsatətlər verib.
Vəkil deyib ki, o, Bakı Apellyasiya Məhkəməsində 23 vəsatət verib.
“Qiyas İbrahimov prokurorun və hakimin dediklərini eşitmirdi. O dəfələrlə şüşə kamerada səslərin eşidilmədiyini əlləri ilə işarə etdi. Buna məhəl qoyulmadı. Məhkəmə zalında onun qolları qandallandı. Buna hakimlər münasibət bildirmədi. Mən 23 vəsatət verdim. Bütün vəsatətlərim rədd edildi. Bu halda Qiyas İbrahimovun və atasının etirazı məhkəməyə hörmətsizlik sayıla bilməz. Bu, Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinə (Fikri ifadə etmək azadlığı), Azərbaycan Ali Məhkəməsinin Plenumlarının qərarlarına ziddir. Bu səbəbdən cinayət işinə bəraətverici əsaslarla xitam verilməlidir”, vəkil qeyd edib.
Bununla yanaşı, Sadıqov Azərbaycan məhkəmələrinin qərarları ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin “ədalətsiz məhkəmə araşdırması” barədə qərarlarına, ABŞ Dövlət Departamentinin insan hüquqları ilə bağlı hesabatlarına, beynəlxalq və yerli hüquq müdafiə təşkilatlarının bəyanatlarına istinad edib.
Dövlət ittihamçısı Vüsal Abdullayev vəsatətləri müdafiə etməyib.
Hakim də vəsatətləri baxılmamış saxlayıb. Yalnız Qiyas İbrahimovun şüşə kameradan çıxarılaraq vəkilin yanında oturmasına icazə verib. Amma bu da uzun çəkməyib. Cəmi 15 dəqiqədən sonra Qiyas İbrahimov yenidən şüşə kameraya qaytarılıb.
Hakim dövlət ittihamçısının çıxışa hazırlaşması üçün hazırlıq iclasını noyabrın 7-si saat 15-dək təxirə salıb.
Qiyas İbrahimov Amerikanın Səsinin məhkəmə zalında olan müxbirinin saxlanma şəraiti və səhhəti ilə bağlı sorğularını da cavablandırıb.
“Səhhətim normaldır. Gözlərimdə bir az sulanma yaranır. Müəyyən səhiyyə xidmətləri göstərilir”, o qeyd edib.
İbrahimiv həmçinin başqa məhbuslarla müqayisədə ona qarşı ayrıseçkiliyin olmadığını bildirib.