Qətər Qəzzaya 1 milyard dollar yardım ayırmağa söz verib

Qətər Qəzzada bərpa işlərinə 1 milyard dollar ayırmağa söz verib.

Təbii qazla zəngin olan Qətərin ayıracağı maliyyə yardımı Fələstin prezidenti Mahmud Abbasın müharibədən zərər çəkmiş Qəzzada bərpa işləri üçün istədiyi 4 milyard dolların üçdə birini təşkil edir. Qəzzanın böyük hissəsi iyul və avqust aylarında İsrail və Həmas arasında 50 gün sürən hərbi münaqişə nəticəsində bütünlüklə dağıdılıb.

Qətər hökuməti Qəzzaya maliyyə yardımı haqda öhdəliyi öz üzərinə Qahirədə 30 ölkənin iştirak etdiyi donor konfransında götürüb. ABŞ Dövlət katibi Con Kerri Birləşmiş Ştatların əvvəl ayrılmış 118 dollarla yanaşı 212 milyon dollar məbləğində yeni yardım ayıracağını bildirib.

Qahirə konfransında 28 ölkəni təmsil edən Avropa İttifaqı 568 milyon, Birləşmiş Ərəb Əmirlikləri isə 200 milyon dollar yardım ayırmağa söz v erib.

BMT-nin Baş katibi Ban Ki Mun beynəlxalq ictimaiyyətin Qəzzanın böyük yardıma ehtiyac olduğunu başa düşdüyünü deyib. Lakin cənab Ban bunun Qəzzanın bərpasına dair sonuncu konfrans olduğunu bildirib. O deyib ki, inşa edib dağıtmağa son qoyulmalıdır.

ABŞ Dövlət katibi və konfransın digər iştirakçıları on illərdir sürən İsrail-Fələstin münaqişəsinə son qoymaq üçün müzakirələri bərpa etməyə çağırıb. Con Kerri deyib ki, tərəflər davamlı sülhə nail olmaq üçün “çətin seçimlər” etməlidir.