Qərbi Azərbaycan vilayətində koronavirusa yoluxanların sayı 30 faiz artıb

Urmiyə

Qərbi Azərbaycan vilayətinin səhiyyə xidməti vilayətdə COVID-19 virusuna yoluxanların sayının keçən aya nisbət 30 faiz artdığını bildirib.

Urmiyə Tibb Universiteti və səhiyyə xidmətinin rəhbəri doktor Cavad Ağazadənin açıqlamalarına görə, Qərbi Azərbaycanda fevralın 25-dən 26-ya qədər 24 saat ərzində koronavirusa 340 yeni yoluxma halı qeydə alınıb. Yoluxanların sayında bir neçə gün öncəyə görə təqribən 3 qat artım müşahidə olunur.

Səhiyyə xidməti həmin müddətdə üç Qərbi Azərbaycan sakininin koronavirusdan öldüyünü qeyd edib.

İran xəbər agentlikləri həmçinin Qərbi Azərbaycan vilayətində COVID-19 virusunun mutasiya olmuş və yüksək yoluxuculuğa malik Britaniya variantının aşkar edildiyinə dair məlumat yayıblar.

Dövlət agentliyi İRNA-ya istinadən, mutasiyaya uğramış koronavirusun aşkar edildiyi xəstələrdən biri bu yaxınlarda İraqın Kürdüstan bölgəsinə səfər edib və bir neçə gün əvvəl Təmərçin sərhəd qapısından Qərbi Azərbaycan vilayətinə daxil olub.

Daha əvvəl koronavirusun Britaniya variantının ölkədə yayılmasının qarşısını almaq məqsədilə İraq vətəndaşlarının Qərbi Azərbaycan sərhədindən girişinin fevralın 21-dən etibarən ən az iki həftə müddətinə dayandırıldığı bildirilmişdi.