Qənirə Paşayeva iki həftə Somalidə uşaq həkimi qismində sakinlərə yardım edəcək
Xanım Paşayeva bu gün Facebook səhifəsində yazıb ki, Somalidə bu gün Azərbaycanlı dostların dəstəyi ilə qurulan və minlərlə qaçqının sığındığı düşərgədə olub. “Xəstələrə baxdıq, ehtiyacı olanlara kömək edildi. Azərbaycan düşərgəsində artıq bir neçə aydır ki, Somalidə aclıqdan əziyyət çəkən minlərlə insana yemək verilir və acından ölənlərin sayı azalıb”.
Onun sözlərinə görə, bu gün 30 xəstəyə yardım edib. “Xəstələrin, xüsusilə xəstə uşaqların sayı həddindən artıq çoxdur. Hər gün yüzlərlə uşaq aclıq və xəstəliklərdən ölür”.
Deputat Paşayeva regionda həkimlərin olmadığın deyir. “Həkim dostlarımızdan kim gəlmək istəsə böyük savab iş görər. Burada həkimlərə çox böyük ehtiyac var”, - deyə o həkim həmkarlarına müraciət edib.