Qənimət Zahidin 3 qohumu tutulub [Yenilənib]

İylun 20-də Fransada mühacirətdə olan “Azadlıq” qəzetinin baş redaktoru, “Azərbaycan saatı” televiziya proqramının rəhbəri Qənimət Zahidin daha bir qardaşı oğllu Rüfət Zahidov Bakıda saxlanılıb. Ailə üzvləri Amerikanın Səsinə bildirib ki, o hazırda Daxili İşlər Nazirliyinin Baş Narkotiklə Mübarizə İdadəsində saxlanılır.

Ailə üzvləri həmçinin bu gün baş redaktorun Şamaxı rayonunun Qurdtəpə kəndində yaşayan əmisi oğlu Rövşən Zahidovun rayon məhkəməsinin qərarı ilə inzibati qaydada 25 sutka həbs edildiyini bildirib.

Bu saxlanma və həbslin səbəbləri ilə bağlı hələ rəsmi məlumat yayılmayıb.

Müşahidəçilər həbslərin Qənimət Zahidin rəhbəri olduğu “Azərbaycan saatı” televiziya proqramında yüksək vəzifəli hökumət rəhbərlərinin sərt tənqidindən sonraya təsadüf etdiyini bildirir.

Xatırladaq ki, son dövrdə “Azərbaycan saatı” televiziya proqramının aparıcısı Seymur Həzi 5 il həbsə məhkum edilib. Digər aparıcı Natiq Adilov ölkədən mühacirətə gedib. Onun qardaşı Murad Adilov isə 6 il azadlıqdan məhrum edilib.

***

İyulun 18-də Şamaxı rayon Polis Şöbəsi “Azadlıq” qəzetinin Fransada mühacirətdə olan baş redaktoru və “Azərbaycan saatı” televiziya proqramının rəhbəri Qənimət Zahidin qardaşı oğlu Tural Zahidovu saxlayıb. Şamaxı rayon Məhkəməsinin qərarı ilə Tural Zahidova 30 sutka inzibati həbs verilib. Bu barədə Qənimət Zahid Facebook səhifəsində yazıb.

Polis Qənimət Zahidin anası yaşayan Şamaxı rayonunun Meysəri kəndinə gedib.

Qənimət Zahidin diqər qardaşının oğlu Rüfət də axtarılır.

Tural Zahidovla bağlı xəbəri Şamaxı rayon Polis Şöbəsinin növbətçi hissəsindən Amerikanın Səsinə təsdiq ediblər.

“Tural Zahidov Şamaxı rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 310-cu maddəsi (Polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) ilə 30 sutka inzibati həbsə məhkum edilib”, növbətçi hissədən bildirblər.

Qənimət Zahid 2007-2010-cu illərdə, qardaşı “Azadlıq” qəzetinin əməkdaşı Mirzə Sakit 2007-2010-cu illərdə həbsdə olub. Hər iki qardaş “Amnesty İnternational” tərəfindən“vicdan məhbusu” elan edilib. Daha sonra hər iki qardaş mühacirətə gedib.

Onun hazırda Azərbaycanda yaşayan və axtarılan qardaşı, həbs edilən qardaşı oğlu, axtarılan digər qardaşı oğlu siyasərlə məşğul olmur və mediada çıxış etmir.

Zahid “Azadlıq“ qəzetində dərc etdirdiyi “İnqilab başlayır. Kod adı: “Xədicə (Qənimət Zahidin anası nəzərdə tutulur-red) hərəkatı” adlı məqaləsində yazır ki, indi hakimiyyət, öz aləmində qohumlarını ona görə incitmək fikrinə düşüb.

Axtarış və həbs Ramazan bayramında Qənimət Zahidin dostları və jurnalist həmklarlarının onun anası Xədicə xanımı ziyarət etdikdən sonraya təsadüf edir.

“Meysəriyə, mənim anam, 87 yaşlı Xədicənin qapısını döyənləri, onun əhvalını soruşanları şübhəli şəxs qismində araşdırmağa başlayıblar. Görünür, hesab ediblər ki, Azərbaycan növbəti inqilab ərəfəsindədir və bu dəfə inqilabın lideri Xədicə Əlisahib qızı olacaq”, jurnalist ironiya ilə yazır.

Qənimət Zahid Şamaxı polisinin nəzərinə çatdırır ki, Şamaxıda olan qohumlarının heç biri ilə əlaqə saxlamır.

“Ümumiyyətlə, mənim bu dünyaya gəlişimdə onların heç birinin günahı yoxdur. Dünyaya gəlişimdə, hal-hazırda mövcud olan səbəblərdən biri və yeganəsi anamdır, rayonun Meysəri kəndində yaşayır. Şərləyib həbs edə bilərsiz...”, jurnalist bildirir.

Baş redaktor yazılarında heç kimi təhqir etmədiyini də xatıraldır. Halbuki tribunası var və bunu etməyə imkanı var.

“Mən peşəkar jurnalistika ilə məşğulam. Əndazələri aşmaqdan xoşum gəlmir. Söz ehtiyatı və istər yazı, istər də danışıq texnikası mənə imkan verərdi ki, bütün əndazələri də rahatlıqla aşa bilim. Amma çirkin texnologiyaları, elə, çirkin texnologiya sayıram. Anamın narahat edilməsini də çirkin texnologiya sayıram. Heç başqalarının anasını narahat etmədim”, deyə o ailəsinə qarşı təzyiq edənlərə xatırladır.