Qənimət Zahid: Azərbaycan rəsmilərinə sanksiyalar barədə müzakirələr dayanmamalı, əksinə şiddətlənməlidir

Qənimət Zahid

Varşavada ATƏT-in ifadə azadlığı mövzusunda tədbirdə iştirak edən "Azadlıq" qəzetinin baş redaktoru və "Azərbaycan Saatı" verilişinin aparıcısı Qənimət Zahid Amerikanın Səsinə müsahibədə tədbirdəki diskussiyalar, Mehman Əliyevin azadlığa çıxması və Azərbaycanda siyasi atmosfer haqda fikirlərini paylaşıb.

Amerikanın Səsi: Qənimət bəy, Varşavada ATƏT-in ifadə azadlığı və azad media mövzusunda konfransa iştirak edirsiniz. Varşavadakı tədbir haqda, bu tədbirdə Azərbaycana ayrılan diqqət haqda nə deyə bilərsiniz?

Your browser doesn’t support HTML5

Qənimət Zahid: Azərbaycan rəsmilərinə sanksiyalar barədə müzakirələr dayanmamalı, əksinə şiddətlənməlidir

Qənimət Zahid: Tədbir, adından göründüyü kimi, ATƏT-in tərkib hissəsində olan ölkələrdə insan haqlarının, söz azadlığının və eyni zamanda seçki hüquqları kimi məsələlərin müzakirəsinə həsr olunmuş tədbir idi. Və təbii, istər-istəməz tematikadan asılı olaraq, Azərbaycan bütün bu bəndlərin mərkəzinə düşməyə layiq bir ölkədir. Ona görə də, Azərbaycana diqqətin kifayət qədər olduğunu mən müşahidə etdim. Eyni zamanda bu, onunla həm də sübut olunur ki, deyəsən, Azərbaycan rəsmiləri də bu cür müzakirələrə çox ciddi hazırlaşırlar. Burada çoxlu hökümətyönlü qeyri-hökümət təşkilatları vardı Azərbaycan tərəfdən. Və onların ardıcıl çıxışlarının da şahidi olduq.

Azərbaycan hökümətinin Mehman Əliyevi həbs etməsində və sonradan qısa müddətinə həbsdə saxlamasında əsas məqsəd, məncə, elə Turan agentliyinin qapadılmasına nail olmaq idi.
Qənimət Zahid

Amerikanın Səsi: Ötən həftənin ən mühüm olaylarından biri Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin azadlığa buraxılması idi. Sizin baş verənlərə reaksiyanız? Niyə həbs olunmuşdu, və niyə buraxıldı?

Qənimət Zahid: Mehman bəyin həbsi demək olar ki, hamı kimi mənim üçün də gözlənilməz oldu. Mən hesab etmirdim ki, Mehman bəy indi, bu arada həbs olunmaq üçün namizədlərdən biridir, amma bütün hallarda onun bu şkalaya düşməsi üçün bir əsaslı səbəb vardı - o, müstəqil Turan agentliyinin rəhbəri idi. Azərbaycan hökümətinin də Mehmam Əliyevi həbs etməsində və sonradan qısa müddətinə həbsdə saxlamasında əsas məqsəd, məncə, elə Turan agentliyinin qapadılmasına nail olmaq idi və buna da nail oldular ki, Turan agentliyi fəaliyyətini dayandırdı və faliyyətinin bərpa olunacağını, hər halda yaxın gələcəkdə bərpa olunacağını mən təsəvvür etmirəm. Buna görə də, hesab edirəm ki, Mehman Əliyevin həbsi məhz agentliyin qapadılmasına hesablanmışdı və bu həbsdən dərhal sonra bir sıra hökümətyönlü deputatların, heç bir zaman siyasi həbslərə reaksiya vermək düşüncəsində olmayan bəzi tanınmış adamların Mehman bəyin azadlığı üçün prezidentə müraciət etməsinin də, mən belə hesab edirəm ki, səbəbi elə bu idi, onu bir müddət həbsdə saxlayıb, sonra azadlığa buraxmaq və ara yerdə də, Turan agentliyinin qapadılmasına nail olmaq.

Amerikanın Səsi: Mehman Əliyevin həbsi zamanı ABŞ Senatında Azərbaycan rəsmilərinə qarşı sanksiyalar gündəmə gəldi. Siz insan haqlarını pozan, həbslərdə əli olan Azərbaycan rəsmilərinə qarşı şəxsi sanksiyalara necə münasibət bəsləyirsiniz?

Əgər Mehman Əliyevin azadlığa buraxılmasından sonra həmin sanksiyaların ətrafındakı müzakirələr dayandırılacaqsa, şəxsən mən bunu başa düşməyəcəm.

Qənimət Zahid: Əlbəttə, bu, çox yaxşı bir tədbir olardı. Və əgər Mehman Əliyevin azadlığa buraxılmasından sonra həmin sanksiyaların ətrafındakı müzakirələr dayandırılacaqsa, şəxsən mən bunu başa düşməyəcəm, çünki söhbət Mehman Əliyevin həbsindən getmir, ən azından bu zamana qədər həbsdə öldürülmüş Mehman və eyni zamanda hələ də həbsdə saxlanılan başqa bir Mehman var. Bunlardan başqa da ən azı 160 siyasi dustaq hələ də həbsxanadadır. Mehman Əliyevin həbsdən buraxılması o demək deyil ki, yeni Mehmanlar və ya başqaları həbs olunmayacaq. Ona görə də, mən bu kontekstdə düşünürəm ki, sanksiyaların tətbiq ediləcəyi barədə müzakirələr dayanmamalı, əksinə şiddətlənməlidir. Əgər Mehman Əliyevin təcili həbsi həmin sanksiyaların nəticəsində meydana çıxıbsa, bu, o deməkdir ki, deyəsən, doğurdan sanksiyalar işləyir, işləyən bir mexanizmə çevrilə bilər.

Mehman Əliyev

Başqa məsələyə gəldikdə, Azərbaycanda siyasi həbslərə sifariş verən, siyasi həbsləri icra edən konkret məmurlara sanskiyaların tətbiq edilməsi bir az qeyri-müəyyəndir. Açığı bir qədər qeyri-müəyyən olduğu qədər dəqiqliyi də var, çünki hər kəs bilir siyasi həbslər hansı səviyyədə sanksiyalaşdırılır və necə icra olunur. Bu, çox geniş siyahıdır və mən, təbii, buna çox normal baxıram ki, bu şəxslərə qarşı ünvanlı sanksiyalar tətbiq edilsin.

Amerikanın Səsi: Sizcə Qərb Azərbaycanda söz azadlığını, müstəqil medianı dəstəkləmək üçün nə edə bilər?

Qənimət Zahid: Biz hər zaman bəlli mərhələləri dəfn edəndən sonra adətən bu cür söhbətlərə qayıtmalı oluruq. Azərbaycanda məhz Qərb dəyərlərini müdafiə edən, Qərb dəyərlərini Azərbaycan üçün zəruri sayan böyük bir camianı böyük itkilərin olduğu bügünkü günlərə gətirib çıxara bilmişik. Bu, vətəndaş cəmiyyətinin darmadağın edilməsidir. Bu, söz azadlığının sıradan çıxarılmasıdır. Eyni zamanda, Qərb dəyərlərini müdafiə edənlər və həmin dəyərlər uğrunda cəmiyyəti səfərbər etmək üçün mübarizə aparan siyasi təşkilatların ağır durumu da artıq gözümüzün qarşısındadır.

Bütün bu fəlakətli hədd öz-özünə gəlib çıxmayıb. Bu, məhz, həmin Qərbin, Avropa strukturlarının, eləcə də Amerika vətəndaş cəmiyyətinin, Amerikadakı demokratik təsisatlarının passivliyi nəticəsində olub. Faktiki olaraq, Qərb bütövlükdə, (mən Amerika və Avopanı da nəzərdə tuturam Qərb deyəndə) Qərb demokratiyası, Qərbin idealist demokratiyası həmin Qərbin praqmatik maraqları qarşısında geri çəkildiyinə görə, Azərbaycandakı vətəndaş cəmiyyəti və demokratik təsisatlar indiki gündədir. Bundan imtina etməyi bacarmaq lazımdır. Əslində, bundan imtina etmək təkcə Azərbaycan üçün yox, son zamanların hadisələri göstərir ki, elə Qərbin özü üçün zəruridir. İndi təxminən belə bir vəziyyət yaranır ki, kiminsə əlində 1-2 milyard dollar pulu varsa, həmin adam bu pulu cibinə qoyub, Avropanın çox böyük iddialı çevrələrini satın ala bilir. Mənim Azərbaycan landromatından çıxardığım nəticə budur. Demək ki, 1-2 milyard pulla gedib Avropada böyük, iddialı, neçə yüz illik tarixi olan demokratik institutların üzdə olan təmsilçilərini, hətta təsisçi qismində təmsilçilərini satın almaq olur. Görürsünüz, burada deqradasiya necə baş verir.

Rəsmi Bakının Avropada heç bir lobbi fəaliyyəti olmayıb, söhbət əgər rəsmi Bakıdan yəni Azərbaycan hökümətindən gedirsə. Əgər hər hansı lobbi fəaliyyəti varsa, bu, Əliyev ailəsinin lobbi fəaliyyəti olub.
Qənimət Zahid

Eyni zamanda, açığı, mənim bu son landromat ifşalarından sonra məhz Azərbaycanın demokratik qüvvələrinə çox böyük hörmətim bir daha yarandı ki, bu qədər pullarla, bu qədər iddialı Avropa siyasi çevrələrində nə qədər adamlar satın alınıb, amma Azərbaycanda idealist demokratlar öz siyasi prinsipləri və ideoloji prinsipləri uğrunda davam etdirirlər. Orada çoxları var, satın alınmamış, pulun qarşısında əyilməmiş, sınmamış minlərlə insan var.

Amerikanın Səsi: Bu günlərdə Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Təşkilatı (OCCRP) Azərbaycanın Avropada 3 milyard dollar həcmində pulyuma əməliyyatı haqda hesabat dərc etdi. Sizcə bu hesabatın ortaya çıxması, Azərbaycan rəsmilərinin korrupsiya əməllərinin ifşa olunması rəsmi Bakının Avropada lobbiçilik səylərinə necə təsir göstərə bilər?

Qənimət Zahid: Bilirsiniz mənim və bir çoxlarının bu materialları analiz etməsinin nəticəsində ortaya nə çıxır? Bəlli olur ki, rəsmi Bakının Avropada heç bir lobbi fəaliyyəti olmayıb, söhbət əgər rəsmi Bakıdan yəni Azərbaycan hökümətindən gedirsə. Əgər hər hansı lobbi fəaliyyəti varsa, bu, Əliyev ailəsinin lobbi fəaliyyəti olub. Rəsmi Bakının, Azərbaycan dövlətinin mənafeləri baxımından qurulmuş bir lobbi fəaliyyəti yoxdur. Faktiki olaraq, işin çox pis tərəfi də budur ki, Əliyev ailəsinin Avropada kirayələdiyi lobbi fəaliyyəti xidmətləri olduqca çirkin məqsədlərin təşviqi və müdafiəsi ilə məşğul olub.

Burada təkcə Əliyevlərin lobbi cəhdləri ifşa olunmayıb. Eyni zamanda Avropada bir ailənin, mən buna lobbi xərcləri də demirəm əslində, korrupsiya və rüşvəti hesabına öz prinsiplərindən imtina edən böyük bir Qərb siyasi sektoru çox pis vəziyyətə düşüb və çox pis vəziyyətdə görünür. Söhbət ondan gedir, yoxsa mən Azərbaycan adına orada lobbi işinin olduğunu görmürəm açığı. Yoxdur belə bir şey.