Qəddafi Liviyanın şərqində nəzarəti itirdi

Qəddafi Liviyanın şərqində nəzarəti itirdi

Müəmmər Qəddafi tərəfdarlarını anti-hökumət nümayişçilərə hücum etməyə çağırdıqdan sonra Liviya paytaxtı Tripolidə şahidlər küçələrin boşaldığını deyirlər.

Şahidlər xarici xəbər agentliklərinə bildiriblər ki, Qəddafi loyalistləri və Afrikanın başqa ölkələrindən gətirilmiş muzdlular paytaxtı dolaşır və qrup halında toplaşan adamlara atəş açırlar. Dünən üsyan başlanandan bəri televiziya ilə ilk çıxışında Qəddafi hakimiyyətdə qalacağını bəyan etmiş və tərəfdarlarını “terrorçu” kimi qələmə verdiyi müxalifətçilərə qarşı döyüşməyə çağırmışdır. O, hökumətə qarşı silaha sarılan və ya casusluqla məşğul olan hər kəsin edam olunacağını bildirib.

Artan sayda faktlar göstərir ki, Müəmmər Qəddafi ölkənin şərqinə nəzarəti itirib. Hərbi birləşmələr müxalifətin tərəfinə keçdikdən sonra Benqazi və Tobruk şəhərlərində nümayişçilər nəzarəti ələ alıb. Dünən şəhər sakinləri küçələrdə Qəddafi üzərində qələbələrini bayram ediblər.

İtaliya xarici işlər naziri Franko Frattini deyir ki, etibarlı mənbələrə əsasən Liviyada ölənlərin sayı 1000-ə yaxındır. O, həmçinin təsdiq edib ki, Sirenaika adlanan şərq bölgələri Qəddafinin nəzarətindən çıxıb.