İsrail və Fələstin nümayəndələri Misir danışıqlarını davam etdirir

İsrail və fələstinli nümayəndələr bu gün Qahirədə yenidən bir araya gəlir. Tərəflər 72 saatlıq atəşkəs başa çatanadək böhranın həllinə dair qərar çıxarmalıdır.

Atəşkəs günün sonunadək başa çatmalıdır. Münaqişə nəticəsində əksəriyyəti fələstinlilər olmaqla 2000 insan həyatını itirib.

Qəzzanı idarə edən yaraqlı Həmas qrupu Aralıq dənizi sahilində İsrailin blokadasının aradan qaldırılmasını tələb edir. İsrail isə Həmasın tam tərkisilah olmasını istəyir.

Ötən həftə Misirin vasitəçiliyi ilə əldə edilən üçgünlük atəşkəs heç bir razılıq əldə edilmədən başa çatıb. Tərəflər arasında düşmənçilik yenidən başlayıb. Yaraqlılar Qəzza zolağından raket, İsrail qüvvələri isə hava hücumlarını bərpa edib.