Son bir ildə Bakıda 300 qəzet satan köşk ləğv olunub. Onların yerinə qoyulan köşklər isə qəzet əvəzinə ərzaq məhsulları satır
Sentyabrın 3-də Bakıda akkreditə olunmuş qərb ölkələrinin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə Azərbaycanın çap mətbuatının yayımı problemləri müzakirə olunub.
Görüşdə “Ayna-Zerkalo”, “Azadlıq”, “Yeni Müsavat” qəzetlərinin, Turan agentliyinin, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun, həmçinin Avropa İttifaqı, ATƏT, Avropa Şurası, ABŞ, Almaniya, Böyük Britaniya, Fransa və digər ölkələrin missiyalarının nümayəndələri iştirak edib.
Redaktorlar çap mətbuatının yayımı sahəsində vəziyyətin kəskin pisləşməsi barədə məlumat verib ki, bu da özünü “Qasid” yayım firmasının köşklərinin ləğvində və Bakı meriyasının yeni köşklərində dövrü mətbuatın satışından imtina olunmasında özünü göstərir.
On illərlə qəzet və jurnal satışı ilə məşğul olan “Qasid”in 400-dən çox köşkündən 300-ü son ildə Bakıda ləğv edilib. Onların əvəzinə yeni köşklər qurulur ki, bunlar da qida məhsullarının satışı ilə məşğuldur. Regionlarda çap məhsullarının yayımı ilə bağlı vəziyyət daha acınacaqlıdır.
Nəticədə “Yeni Müsavat” və “Azadlıq” qəzetlərinin satışı üçdə bir qədər azalıb. Distribyutorların həmin qəzetlərə borcu müvafiq olaraq 8 min və 28 min manat təşkil edir. “Azadlıq” qəzetinin durumu daha da ağırdır, qəzet “Azərbaycan” nəşriyyatına ödəniş edə bilmir.
Gğrüşdə həmçinin bildirilib ki, iyulda redaktorların Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənovla görüşü nəticə verməyib. Ə.Həsənovun vədlərinə baxmayaraq, problem nəinki həllini tapmayıb, əksinə daha da pisləşib.
Redaktorlar problemin həlli yolları barədə fikirlərini bildirib və Azərbaycanda mediada reklam sahəsi də daxil olmaqla, müstəqil KİV-in iqtisadi vəziyyətinə diqqətin artırılmasını xahiş edib.