Yanvarın 2-də Qazaxıstanda maye qazın bahalaşmasına etiraz olaraq keçirilən aksiyalar köhnə qiymətlərin qaytarılmasına və hökumətin istefasına səbəb olub.
Yanvarın 4-də hökumət maye qaz üçün köhnə qiymətlərin qaytarıldığını elan edib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yanvarın 5-də hökumətin istefasını qəbul edib. Baş nazirin birinci müavini Alixan Smailov aralıq dövr üçün baş nazir təyin olunub.
Qazaxıstandakı sosial böhran Azərbaycanda da geniş müzakirələrə yol açıb. Sosial şəbəkələrdə insanlar Azərbaycanda bahalaşmaya, o cümlədən qazın, elektrik enerjisinin, suyun, çörəyin və digər məhsulların bahalaşmasından narazılıqlarını ifadə edən çoxsaylı statuslarla çıxış edir.
Gültəkin Hacıbəyli: Qazax xalqı azadlıq istəyir
Müxalifətdə olan Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli bildirib ki, Qazaxıstanda etirazlar sıxılmış qazın qiymətinin iki dəfə artırılmasına görə başlayıb.
Azadlıq bütün xalqların ən doğal haqqıdır.Gültəkin Hacıbəyli, Milli Şuranın üzvü
“Ancaq Azərbaycanda suyun qiyməti iki dəfə artırılanda, ardınca benzinin, dərmanların, işığın qiyməti qalxanda biz avtobus müxalifətinin başına yığılıb Tarif Şurasını bir-iki ağız qaralayıb sonra Zərgəzuru almağa getdik... Artıq Qazaxıstan hökuməti istefaya göndərilib. Məmur həbsləri başlayıb. Sıxılmış qazın qiyməti əvvəlkindən də aşağı səviyyəyə salınıb- ancaq insanlar sakitləşmir. Qazax xalqı azadlıq istəyir. 30 illik diktaturadan bezib. Öz hökumətini özü seçmək arzusundadır. Və "əşşi, bu müxalifətdənsə Nazarbayev, Tokayev yaxşıdır" demir. Kənardan ağ atlı oğlan və ya əlində Musa peyğəmbərin əsası olan müxalifət lideri gözləmir. Öz taleyinə özü sahib çıxır. Azadlıq bütün xalqların ən doğal haqqıdır,” o qeyd edib.
Qubad İbadoğlu: Qazaxıstanda baş verənlərdən Azərbaycan hakimiyyəti nəticə çıxarmalıdır
Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu hesab edir ki, Qazaxıstanda baş verənlərdən xüsusilə Rusiya və Azərbaycan hakimiyyətləri və xalqları nəticə çıxarmalıdır.
Qazaxlar yalnız qiymət artımına deyil, həm də avtoritar idarəçiliyə, məmur özbaşınalığına qəzəblidirlər.Qubad İbadoğlu, Azərbaycan Demokratiya və Rifah Pariyasının sədri
“Qazaxlar yalnız qiymət artımına deyil, həm də avtoritar idarəçiliyə, məmur özbaşınalığına, neft-qaz gəlirlərinin ədalətsiz bölüşdürülməsinə, transmilli korrupsiyaya, insan haqlarının kobud şəkildə pozulmasına, siyasi və fərdi azadlıqarın məhdudlaşdırılmasına etiraz edirlər, ona görə də çox qəzəblidirlər,” o qeyd edib.
AXCP sədri: Qazax xalqı öz gücünü gördü
AXCP sədri Əli Kərimli hesab edir ki, Qazaxıstanda qiymət artımına etirazlar siyasi tələblərlə müşaiyət olunsa da, ölkədə birdən-birə köklü dəyişikliyə səbəb olmaz.
Hakimiyyət etirazçılar qarşısında faktiki geri çəkilib, onların əsas tələblərini yerinə yetirib.Əli Kərimli, AXCP sədri
“Ancaq, bu ölkə daha əvvəlki kimi də olmayacaq. Prezident Kasım Jomart Tokayev Almatı şəhərində və Manqistau rayonunda fövqəladə vəziyyət elan etsə də, bəzi yerlərdə nümayişçilərə qarşı qaz bombalarından istifadə olunsa da, hakimiyyət etirazçılar qarşısında faktiki geri çəkilib, onların əsas tələblərini yerinə yetirib. Etirazlara səbəb olmuş maye qazın litrinin qiyməti 50 tengeyə (bizim pulla 20 qəpiyə) endirilib və hökumət istefaya göndərilib. Qazax xalqı da öz gücünü gördü,” Kərimli qeyd edib.
İqtisadçı ekspert: Qazaxıstan demokratikləşmə potensialı yüksək olan ölkədir
İqtisadçı Rövşən Ağayev bildirir ki, Qazaxıstanda etirazçıların iqtisadi tələbi yerinə yetirilsə də, artıq bir neçə iri şəhərdə siyasi tələblərlə küçə yürüşləri davam edir. Əsas tələblərdən biri də keçmiş prezident Nazarbayevin siyasətdən tamamilə çəkilməsidir.
Avtoritar idarəçilik son 30 ildə siyasi partiya sistemini inkişaf etdirməyə imkan verməsə də, yaxşı vətəndaş cəmiyyəti var.Rövşən Ağayev, iqtisadçı
“Qazaxıstan Orta Asiya ölkələri içərisində demokratikləşmə potensialı ən yüksək olan ölkədir. İddia etmirəm Qərb tipli demokratiya qura bilərlər, amma Asiyanın bizə bəlli (Yaponiya, Sinqapur, Malayziya kimi) demokratikləşmə modeli üçün potensialları var. Bunun əsası kimi bir neçə amili deyə bilərəm. Təhsil səviyyəsi daha yüksəkdir. Xüsusilə də Qərb təhsili almış geniş bir kütlə formalaşıb. Əhalinin iqtisadi imkanları daha yüksəkdir, daha böyük miqyasda və imkana sahib orta təbəqəyə malikdir. Avtoritar idarəçilik son 30 ildə siyasi partiya sistemini inkişaf etdirməyə imkan verməsə də, yaxşı vətəndaş cəmiyyəti var. Hətta beynəlxaql donor təşkilatları (Soros Fondu) belə ölkədə çalışmaqda davam edir. Amma Çin və Rusiya kimi sərt, həmçinin nəhəng avtoritar rejimlərlə əhatələnməsi demokratk dəyişiklik imkanlarını əhəmiyyətli dərəcədə azaldır.
Yuxarıda sadaladığım imkan və məhdudiyyətlərin tərəzidə hansı ağır gələr? İlk baxışdan ikisinin ağır olduğu və etirazların yatırılacağı daha real görünür. Amma biz postsovet məkanında nə olmazların olduğunu gördük. Məsələn, Belarus uzun illər az qala Türkmənistanla eyniləşdirilirdi. Amma etirazlar bu cəmiyyətlərin tamamilə fərqli olduğuna hər kəsi inandıra bildi - baxmayaraq ki, Rusiyanın açıq müdaxiləsi ilk mərhələdə dəyişkliyi mümkünsüz etdi,” iqtisadçı qeyd edib.
Asim Mollazadə: Qardaş ölkədə stabilliyin pozulması Azərbaycana mənfi təsir edir
Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə Amerikanın Səsinə deyib ki, dost, qardaş ölkədə stabilliyin kobud surətdə pozulması Azərbaycana mənfi təsir edir.
Hesab edirəm ki, Azərbaycanla hər hansı paraleli aparmaq düzgün deyil.Asim Mollazadə, Milli Məclisin deputatı
“Biz istərdik ki, Qazaxıstanda tezliklə sabitlik bərpa olunsun, qardaş xalqın firəvan yaşamaq imkanları olsun,” o qeyd edib.
Qazaxıstandakı sosial böhranın, qiymət artımına etirazların sosial şəbəkələrdə Azərbaycan hökumətinin ünvanına tənqidlərə səbəb olması ilə bağlı sualın cavabında Mollazadə deyib ki, Azərbaycanda kəskin sospal böhran yoxdur.
“Qazaxıstandakı hadisələrin səbəbləri ciddi araşdırılmalı və öyrənilməlidir. Hesab edirəm ki, Azərbaycanla hər hansı paraleli aparmaq düzgün deyil. Sadəcə olaraq, bur qədər vaxt keçəndən sonra Qazaxıstandakı hadisələrin mahiyyəti bəlli olacaq,” Milli Məclisin deputatı Amerikanın Səsinə deyib.