Türkiyədə Bakı-Tbilisi-Ərzurum qaz kəmərində baş verən partlayış Azərbaycanda “Şahdəniz” platformasının işinə təsir göstərməyib. Bu barədə Trend-ə “BP Azerbaijan” şirkətindən bildirilib.
Məlumatda qeyd olunur ki, profilaktik tədbirlərdən sonra yataqda hasilat və platformanın bərpa işləri tədricən artır:
“Kəmərin tamamilə qazla dolması üçün 2-3 gün lazım olacaq. Belə ki, “Şahdəniz” yatağında hasilat bazar günü bərpa edilib, boru kəməri qazla indi dolmağa başlayır və qaz Türkiyəyə hələ gedib çatmayıb”.
***
Avqustun 25-də gecə saatlarında PKK (Kürd Fəhlə Partiyası) Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Türkiyənin Qars vilayətinin Sarıqamış qəsəbəsindən keçən hissəsində partlayış törədib.
Türkiyə mediasının məlumatına görə, partlayış nəticəsində alov yüzlərlə metr ərazini əhatə edib, qaz nəqli dayandırılıb.
Xəsarət alanların olub-olmaması barədə məlumat verilmir.
Hazırda bölgədə ciddi təhlükəsizlik tədbirləri həyata keçirlir.
Azərbaycan tərəfi hələ partlayışla bağlı məlumat yaymayıb.