Hacıqabulda yük qatarı qəzaya uğrayıb

Vaqonlar reysdən çıxıb

500-600 kvadrat metr sahəyə mazut dağılıb
Yanvarın 4-də Hacıqabul rayonunun Qarasu dəmiryol stansiyası (Bakıdan 140 kilometr qərb) yaxınlığında Bakı-Ucar marşrutu ilə hərəkət edən yük qatarının 5 vaqonu və hər birinin tutumu 60 ton olan 2 sisterni relsdən çıxıb.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, qəza nəticəsində 2 sistern aşıb, təxminən 500-600 kv.m sahəyə dizel yanacağı dağılıb. Sisternlərdən birinin qapağında mazut qalıqları yanıb. Yanğının qarşısı yanğınsöndürənlər tərəfindən alınıb, ərazidə təhlükəsizlik tədbirləri görülüb. Hazırda müvafiq qurumlar tərəfindən qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür. Baş verə biləcək yanğının qarşısını almaq məqsədi ilə yanğınsöndürən maşın hadisə yerində növbə çəkir.

Azərbaycan Dəmir Yolları QSC-nin yerli vaxtla saat 9-a olan məlumatına görə, dəmir yolunda hərəkət bərpa olunub.

İlkin məlumatlara görə, qəza texniki nasazlıqdan baş verib. Xəsarət alan olmayıb.