Bakı-Gəncə-Bakı “Ekspress” qatarı aprelin 8-dən ləğv edilir. Bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə Əlaqələr Şöbəsi məlumat yayıb.
Bakı-Gəncə-Bakı “Ekspress” qatarı günaşırı işləyirdi. Bakı-Gəncə arasındakı 364 kilometr məsafəni 6.35-7.00 saata qət edir. Bu qatar marşrutu hələ Sovet dövründən, yəni bir neçə on il əvvəldən fəaliyyətdə idi.
Məlumatda deyilir ki, Bakı-Gəncə sahəsində dəmir yolunun əsaslı təmiri ilə bağlı Bakı-Gəncə-Bakı “Ekspress” qatarının hərəkət cədvəlindən çıxma halları baş verir və bu hallar qatarın mənzil başına çatmasında gecikmələr yaradır.
“Bu səbəbdən Bakı-Gəncə-Bakı “Ekspress” qatarında sərnişin sıxlığının çox aşağı olması müşahidə olunur. Bununla əlaqədar olaraq, iqtisadi cəhətdən səmərəli olmadığına görə 7 apreldən etibarən Bakıdan, 8 apreldən isə Gəncədən Bakı-Gəncə-Bakı “Ekspress” qatarı ləğv edilir”, Səhmdar Cəmiyyəti bildirir.