Qətəri boykot edən 4 ərəb ölkəsi dialoqa hazırdır

Qətəri boykot edən 4 ərəb ölkəsi dialoqa hazır olduqlarını bəyan edib. Dialoqun Dohanın bəzi şərtləri qəbul etməsi müqabilində baş tutacağı bildirilib.

Bunu Bəhreynin xarici işlər naziri həmkarları ilə görüşündən sonra deyib.

Şeyx Xalid Bin Əhməd Əl-Xəlifə bildirib ki, Qətərin terrorizm və ekstremizmi dəstəkləməkdən, habelə xarici ölkələrin daxili məsələlərinə müdaxilə etməkdən əl çəkməsi və 13 şərtə əməl etməsi müqabilində dialoq başladıla bilər.

Nazir Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Misirdən olan həmkarları ilə görüşündən sonra Manamada mətbuat konfransı keçirib.

Dörd ölkə neft və qazla zəngin Körfəz ölkəsi olan Qətəri regionda terrorizmi dəstəkləməkdə ittiham edərək, onunla diplomatik və nəqliyyat əlaqələrini kəsib.

Rəsmi Doha isə terrorizmlə əlaqəsi olduğunu inkar edir və qonşu dövlətlərin Qətərə qarşı böhtan kampaniyası aparmaqda günahlandırır.

Boykota son qoymaq üçün Qətərin qonşu dövlətləri rəsmi Dohaya öz şərtlərini bildiriblər.

Qahirə görüşündən sonra Qətərin 4 qonşu dövlətinin xarici işlər nazirləri məlumat verib ki, rəsmi Doha onların şərtlərini yerinə yetirməkdən imtina edib.

Bu arada isə Qətərin xarici işlər naziri Londonda çıxış edərək bildirib ki, Qətərlə diplomatik və nəqliyyat əlaqələrinin kəsilməsində məqsəd Qərbdə ölkəyə qarşı mənfi fikir yaratmaqdır.

Qətər terrorist qrupu olan Haması və İranı dəstəkləməkdə ittiham olunur. Qonşu dövlətlər bildirir ki, Doha höküməti vətəndaşlarının cihadçı qruplara maliyyə dəstəyi verməsinə göz yumur. Bəhreynin xarici işlər nazirliyinin bildirdiyinə görə, terrorizmi dəstəkləyən hər bir ölkə bu kimi ittihamlara məruz qalacaq.