Ekspertlər 2021-ci ilin bayram mövsümündə də alış-verişin böyük hissəsinin İnternetlə olacağını deyir

Your browser doesn’t support HTML5

Bu bayram mövsümü qeyri-adi bir mövsüm olacağını vəd edir. Ekspertlərin fikrincə, tədarük zənciri problemləri, pandemiya, inflyasiya və onlayn satışlar bayram alış-verişinə təsir edəcək.

Ekspertlərin fikrincə əvvəlki ildə olduğu kimi 2021-ci ilin tətil mövsümündə də alış-verişin böyük hissəsi onlayn olacaq. İnternetlə alış-verişin asanlığı pandemiyadan alınan dərsdir. Adobe Digital Insights-ın araşdırmasına görə, 2021-ci ilin tətil mövsümündə ABŞ-da satışlar 207 milyard dolları keçə bilər.

Adobe Digital Insights-dan Vivek Pandyanın dediyinə görə, bu, işlərin normala qayıtması demək deyil. “Pandemiya və qlobal təchizat zəncirindəki problemlərə görə bu il qiymətlər keçən il bayram mövsümündən təxminən 3% yüksəkdir və faktiki olaraq endirimlər də zəifləyir. Tələbin artması və malların daha məhdud olması onlayn-da qiymətlərin qalxmasına səbəb olur."

Və tədarük zənciri problemləri müəssisələri qiymətləri vaxtından əvvəl, Milad bayramını gözləmədən Şükran Günündən sonrakı Qara Cümə adlanan gündə azaltmağa sövq edir. Siyetl Universitetinin professoru Metyu İsaak: “Pərakəndə satıcılar Milad bayramlarından dərhal əvvəl verilən sifarişlərin təlaşını görmək istəmirlər, çünki onlar bu cür sifarişləri yerinə yetirə bilməyəcəklər. Beləliklə, tələbatın daha əvvəl dəyişdirilməsi onların maraqlarına uyğundur”.

İsaak deyir ki, tədarük zəncirindəki problemlər səbəbindən mağazalar anbarlarda alıcılar üçün müxtəlif seçimlərdən daha çox ən populyar məhsullara diqqət yetirir. Psixoloq Donna Hoffman deyir ki, bu, bayram alış-verişi edənləri məyus edə bilər. "ABŞ-da bir çoxları normal vəziyyətə qayıtdığımızı düşünür və internetə girəndə normallıq gözləyəcək. Düşünürəm ki, pərakəndə satıcıları malların qaytarılmasına hər zamankından daha çox hazır olmalıdırlar. Bu, çox böyük məyusluğa çevriləcək.”

İnternetlə alış-veriş Şükran Günündən sonrakı gün, Qara Cümə günü bayram alış-verişinin konsepsiyasını da dəyişib. Templ Universitetinin professoru Şeri Lambert: “Əvvəllər bu, Kiber Bazar Ertəsi və Qara Cümə idi. İndi bayram alış-verişi Kiber Noyabrdır, Qara Noyabrdır. Kommersiya sürücülük vəsiqəsi olan sürücülərin çatışmazlığı, müəyyən işçi çatışmazlığı, pərakəndə satış üçün kütləvi işçi çatışmazlığı mövcuddur.“

Mütəxəssislər bu il alıcılara hədiyyə seçərkən daha az tələbkar olmağı və əgər bir şey plana uyğun getmirsə, həmişə B planına sahib olmağı məsləhət görürlər.