20 Yanvar faciəsindən 24 il keçir [Video & Fotoqalereya]

Your browser doesn’t support HTML5

20 Yanvar faciəsindən 24 il keçir

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə o zamankı SSRİ rəhbərliyinin göstərişi ilə Bakıya 35 minlik ordu korpusu yeridilib
20 Yanvar -Azərbaycanda matəm günüdür.

Ənənəvi olaraq on minlərlə adam 1990-cı il yanvarın 20-də şəhid olanların xatirəsini anmaq üçün Şəhidlər Xiyabanına gedir.

Anım mərasimində prezident İlham Əliyev, deputatlar, hökumətin üzvləri, diplomatik korpusların nümayəndələri iştirak edib. İctimai Palatanın üzvləri, digər siyasi qurumların təmsilciləri də Şəhidlər Xiyabanını ziyarət ediblər.

Ölkə məscidlərində “Qara Yanvar” qurbanlarının xatirəsi ilə bağlı tədbirlər keçirilir. Bu gün telekanalların efirində əyləncəli verilişlər yayımlanmır.

Bakı metropolitenində matəm musiqisi çalınır, stansiyalarda və eskalatorlarda qırmızı qərənfillər qoyulub.

24 il əvvəl sovet ordusu hissələrinin Bakıya daxil olması dinc əhali arasında çoxsaylı tələfata səbəb olub. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə o zamankı SSRİ rəhbərliyinin göstərişi ilə Bakıya 35 minlik ordu korpusu yeridilib.

Aksiyada məqsəd Azərbaycanda kommunist rejimini xilas etmək və milli-azadlıq hərəkatını boğmaq idi.

Bu əməliyyat SSRİ Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Komitəsi (DTK) tərəfindən hazırlanaraq həyata keçirilmişdi və “Zərbə” adlanırdı. Əməliyyatda əsas rolu “ALFA” xüsusi təyinatlı qrup və SSRİ DTK-nın təxribat qrupları oynayırdı.

Qoşunların yeridilməsi üçün əsas bəhanələrdən biri yanvarın 13-dən başlayaraq əhalinin hakimiyyətin tələblərinə məhəl qoymaması olmuşdu. Lakin qoşunlar gələnə kimi ölkədə artıq tam sabitlik yaranmışdı. Bakının işğalı nəticəsində 134 mülki şəxs öldürülüb, 700-dən çox adam yaralanıb.

Bu il rəsmi təbliğatda faciənin əsas günahkarları kimi keçmiş SSSR-nin rəhbərləri, əsasən prezident Mixail Qorbaçovun adı çəkilir. Bununla yanaşı, əgər Mərhum prezidentlər Əbülfəz Elçibəy və Heydər Əliyevin dövründə o zaman Azərbaycan o zmanakı baş naziri (20 Yanvar faciəsindən sonra Azərbaycan Kommunust Partiyası Mərkəzi Komitəsinin birinci katibi) olmuş Ayaz Mütəllibov, Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədri Vaqif Hüseynov daha çox günahladırlırdısa, hazırda bu şəxslərin ünvanına tənqidlər yoxdur.

Qeyd edək ki, keçmiş SSRİ və Azərbaycan SSR-nin rəhbərliyindən heç kim yanvar faciəsinə görə məsuliyyətə cəlb olunmayıb.

1992-ci il yanvarın 14-də Azərbaycan Baş Prokurorluğu o zamankı Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə cinayət işi qaldırıb: 94 (ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürmə), 149 (əmlakın qəsdən məhv edilməsi), 168 (hakimiyyət və vəzifə səlahiyyətini aşma), 255 (hakimiyyətdən istifadə etmə və aşma).

Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişindən sonra ölkə parlamenti yanvar hadisələrinə siyasi-hüquqi qiymət verib. Buna görə məsuliyyət Mixail Qorbaçov da daxil olmaqla, SSSR-nin keçmiş rəhbərlərinin, həmçinin Azərbaycan KP MK-nın birinci katibi Əbdürrəhman Vəzirovun, Nazirlər Sovetinin sədri Ayaz Mütəllibovun üzərinə düşdü. Eyni zamanda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ikinci katibi Yevgeni Primakovun adı faciə günahkarlarının siyahısından çıxarıldı.

Faciənin 20-ci ildönümü ərəfəsində Azərbaycan Baş Prokurorluğu məlumat yayıb ki, ilkin istintaq aparan SSRİ Baş Prokurorluğu hərbçilərin hərəkətlərində cinayət tərkibinin olmadığını bildirib və işi bağlayıb. İş üzrə materialların, həmçinin ittiham olunan şəxslərin Azərbaycana verilməsi ilə bağlı Rusiyanın hüquq-mühafizə orqanlarına sorğu göndərilib. Lakin Rusiya tərəfi buna cavab verməyib.

Azərbaycanın müxalifət nümayəndələri vaxtaşırı bəyan edirlər ki, yanvar faciəsində günahkar olanlar indi də hakimiyyətdədir.

Əsasən qeyd olunur ki, qoşunların gətirilməsi xahişilə Moskvaya göndərilən teleqramları o zamankı baş nazirin müavini, indiki baş nazir Artur Rasizadə imzalayıb.

20 Yanvar faciəsindən 24 il keçir