“Qanun nəşriyyatı tamamilə iflic ola bilər”

“Qanun” nəşriyyatı da Azərbaycanın bir parçasıdır. Onun iqtisadiyyatında yaşanan bu cür ağır durum bizə də sözsüz ki, təsir edəcək. Nəşriyyat həm də istehsal sahəsidir. Bizim kitab istehsalı üçün lazım olan avadanlıqlar dollarla alındığından böhran bizə çox ciddi təsir edəcək. Hətta bu vaxta qədər olan vergi yoxlamaları ilə bağlı problemlərimiz bizi bu qədər təhlükəli duruma salmamışdı. Amma indiki böhran salacaq”.

Bunu Modern.az saytına açıqlamasında “Qanun” Nəşrlər Evinin sahibi Şahbaz Xuduoğlu bildirib. O, manatın devalvasiyasının, iqtisadi böhranın kitab sektoruna, konkret olaraq “Qanun” Nəşriyyatına zərbə vuracağını qeyd edib. Şahbaz Xuduoğlunun sözlərinə görə, belə getsə, işçilər ixtisara düşə və yeni kitablar nəşr olunmaya bilər:

“İşçiləri itirə bilərik. Kitab nəşrindəki sabitliyi təbii ki, qoruya bilməyəcəyik. Yeni kitabların buxarılması da sual altına düşür. Çox ciddi böhranla üz-üzəyik. Ümidim azdır ki, biz durumdan tam xilas ola bilərik”.

“Qanun”un direktoru 2016-cı ildə kitab yarmarkalarının olub-olmayacağından da danışıb. Ş.Xuduğlu böhranın nəşriyyatı tamamilə iflic edə biləcəyini və belə olan təqdirdə yarmarkaların da keçirilməyəcəyini gizlətməyib:

“Bizim yarmarkalar hazırda da davam edir və bacardığımız qədər də davam etdirməyə çalışacağıq. Əgər bu şok böhran bizi “vursa”, onda tamamilə iflic olacağıq. İflic olacağıqsa, onda yarmarkaların keçirilməsi də mümkün deyil. Amma indiki halda nə qədər mümkündürsə, yarmarkalarımızı davam etdirəcəyik”.