Dəyişən dünyada Cənubi Qafqaz və ya Qafqaz uğrunda geosiyasi rəqabət

Dəyişən dünyada Cənubi Qafqaz konfransı

Bakıda Cənubi Qafqazın geosiyasi problemlərinə həsr olunmuş beynəlxalq konfrans keçirilir
​Bakıda Beynəlxalq Münasibətlər üzrə Alimlər Assosiasiyasının 2-ci Forumu açılıb.

Forum çərçivəsində Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Dəyişən dünyada Cənubi Qafqaz” konfransı keçirilir.

Avropa və NATO-nun vahid qərarlar qəbul etməkdə mövqeyi zəiflədikcə regionda Rusiya Şərqi Avropa və Cənubi Qafqazda mövqeyini möhkəmlətməyə çalışacaq.
Çoxsaylı beynəlxalq tədqiqatçıların iştirak etdiyi iki günlük konfransda Cənubi Qafqaz uğrunda geosiyasi rəqabət, Xəzər regionunda qlobal enerji təhlükəsizliyi, regionda uzun müddət davam edən münaqişələr, mürəkkəb vəziyyətdən çıxış yolları, Cənubi Qafqazda Avropa və Asiyanın maraqları ilə bağlı məsələlər müzakirə olunur.

Çıxışlarda bildirilib ki, dünya dönüş anındadır. Artıq soyuq müharibə, vahid Avropa, iki qütblü dünya dövrü başa çatıb. Çin iqtisadiyyatı sürətlə inkişaf edir, Amerika enerji ixracatçısına çevrilə bilər. Bu səbəbdən də Azərbaycanın Avropaya qovuşması, NATO, Rusiyanın güclənən rolu və Çinin enerjiyə artmaqda olan tələbatı nəzərə alınmalıdır.

Dəyişən dünyada Cənubi Qafqaz konfransı

“Avropada iqtisadi böhrandan sonra vahid Avropa olmayacaq.Varlı Avropa qalacaq, amma milli dövlətləri olan Avropa olacaq. Bu səbəbdən Avropadan vahid deyil çoxsaylı səslər eşidiləcək. Avropa və NATO-nun vahid qərarlar qəbul etməkdə mövqeyi zəiflədikcə regionda Rusiya Şərqi Avropa və Cənubi Qafqazda mövqeyini möhkəmlətməyə çalışacaq. Çində isə yüksək iqtisadiyyatı ilə aşağı əmək haqqı siyasəti uzlaşmır. Bu səbəbdən Çinin enerji tələbatı sürətlə artmaqdadır. Eyni zamanda Amerikanın enerji idxalçısından, enerji ixracatçısına çevrilməsi Rusiyanın mövqeyini kifayət qədər zəiflədəcək. Azərbaycan siyasətini bu proqnozlara uyğun qurmalıdır”, deyə “Stratfor” Analitik Mərkəzinin rəhbəri Corc Fridman bildirib.

Onun sözlərinə görə, Azərbaycanla Amerikanın maraqları üst-üstə düşür. Amma, maraqlarda bir sıra çətinliklər də var. Azərbaycan təhlükəsizliyini düşünəndə bütün Avropanı və regionu da düşünməlidir.

“Nə Rusiya şeytanlar, nə də Avropa mələklər deyil. Bu baxımdan Azərbaycan Amerika ilə münasibətlərdə daha dözümlü olmalıdır. İki dövlətin maraqları üst-üstə düşür və bu getdikcə daha da aydınlaşacaq. Hazırda Azərbaycanın təhlükəsizliyi regionun bir sıra dövlətlərindən, o cümlədən İrandan güclüdür. Azərbaycan təhlükəsizliyini qorumaqla bərabər super dövlətlərdən asılı olmamalıdır”, deyə Fridman qeyd edib.

“Nə Rusiya şeytanlar, nə də Avropa mələklər deyil. Bu baxımdan Azərbaycan Amerika ilə münasibətlərdə daha dözümlü olmalıdır.
Çıxışlarda dünyada beynəlxalq hüquq böhranın yarandığı bildirilib. Bu halda birinci və ikinci dünya müharibələri öncəsi beynəlxalq hüquq böhranı xatırladılıb.

“Dünyada ədalət böhranı yaranıb. Beynəlxalq hüquq bir çox hallarda bir sıra dövlətlərin təhlükəsizliyinin girovuna çevrilib. Öz növbəsində, beynəlxalq hüquq böhranı digər sahələrdə də böhrana səbəb olub. Dağlıq Qarabağ problemi də beynəlxalq hüquq böhranı nəticəsində həllini tapmır”. deyə Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov qeyd edib.

Forumda enerji kəmərləri strategiyası, Suriyada son durum, multikultiralizmi, dini dözümlükdən danışılıb.

N.Məmmədov dünyada yaşanan böhran fonunda Azərbaycanda iqtisadi, sosial, humanitar və mədəni inkişafdan danışıb.

“Azərbaycan son illər yardım alan ölkədən donor ölkəyə çevrilib. Dünyanı iqtisadi böhran bürüdüyü halda, Azərbaycanda ümumdaxili məhsul 3,4 dəfə artıb”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov bildirib ki, Azərbaycan Avropanın şərqidirsə tolerantlıq baxımından şərqlə qərbin mərkəzidir.

Avropadan vahid deyil çoxsaylı səslər eşidiləcək.
“Azərbaycan dünyanın yeganə ölkələrindədir ki, antisemitizm sıfır səviyyəsindədir. Burada yəhudilərə sinaqoqun tikildiyi torpağı azərbaycanlı alıb bağışlayıb. Rus pravoslav kilsəsini azərbaycanlı tacir tikdirib. Ölkədə tolerantlığın yaranmasında tarixi “İpək Yolu” mühüm rol oynayıb. İqtisadi maraqlar tolerantlığa təkan verib. Bir də ölkədə şiəlik və sünnilik sufilik təməli üzərində qurulub. Sufiliyin isə əsas amalı “bütün insanlar qardaşdır” prinsipidir”, o qeyd edib.

Onun sözlərinə görə, Ermənistanın işğalı nəticəsində və bu ölkədən deportasiya edilmiş bir milyondan çox insan olmasına baxmayaraq Bakının mərkəzində erməni kilsəsi bərpa edilib.

Beynəlxalq hüquq bir çox hallarda bir sıra dövlətlərin təhlükəsizliyinin girovuna çevrilib.
Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun Postsovet Araşdırmalar Mərkəzinin direktoru Stanislav Çernyavski də Azərbaycanın regionun lider dövləti kimi iqtisadiyyatını modernləşdirdiyini bildirib.

“Azərbaycan iqtisadiyyatı və nəqliyyat sistemi beynəlxalq standartlara tam cavab verir”.

Onun sözlərinə görə, Azərbaycanda tolerantlıq milli ənənə ilə yanaşı qanunvericiliklə də qorunur.

S Çernyavski Dağlıq Qarabağ münaqişəsinin Madrid prinsipləri çərçivəsində həllinə üstünlük verilməsini önə çəkib.

“Azərbaycan rəhbərliyi hadisələri müdrikcəsinə dəyərləndirərək münaqişənin davam etməsinə imkan verməyib. Rusiya Azərbaycan diplomatiyasının uğurlarını tam dəyərləndirmir”.

O Rusiya-Gürcüstan münasibətlərinin yaxşılaşdırılmasında Azərbaycan üstün mövqeyini qeyd edib.

“Əgər Moskvanın Gürcüstanla münasibətləri doğrudan da yaxşılaşdırmaq və bərpa etmək niyyəti olsaydı, Azərbaycana müraciət etmək kifayət idi. Çünki Azərbaycan Gürcüstanda son dərəcə yüksək nüfuza malikdir”, Çernyavski qeyd edib.