"Qadınların susdurulduğu cəmiyyətdə yaşayırıq" [Audio-Müsahibə]

Vətəndaş cəmiyyəti nümayəndəsi Nisə Hacıyeva Bakı metrosundakı insidenti şərh edir

Bu günlər Bakı metrosunda şort geyən qızla onun geyim tərzini qınayan bəzi sərnişinlər arasında baş vermiş qarşıdurma sosial mediada debatlara yol açıb. Amerikanın Səsi insidentlə əlaqədar vətəndaş cəmiyyəti nümayəndəsi Nisə Hacıyeva ilə söhbət aparıb.

Your browser doesn’t support HTML5

Nisə Hacıyeva Azərbaycanda şort qalmaqalı haqda Amerikanın Səsinə danışıb

Amerikanın Səsi: Cəmiyyətdə geyim kodeksi - geyim kodekslərinin mövcud olduğunu bilirik. Lakin insanların gündəlik həyatında geyimlərinə qarışılmasına münasibətiniz nədir?

İnsanların gündəlik həyatlarında geyim seçmək hüquqları var.

Nisə Hacıyeva: Əslində, insanların gündəlik həyatlarında geyim seçmək hüquqları var. Bu, müxtəlif tip geyimlər ola bilər. Hicab da ola bilər, şortik də ola bilər. Məsələn dress kodları (geyim kodeksi) var, müəyyən restoranların öz dress kodları var. Hətta dəniz kənarında olsa belə ora çimərliklə (red.-çimərlik kostyumu) buraxılmırlar. Əgər ictimai yerlədə belə qaydalar yoxdursa, hər bir insan istədiyi geyimdə həmin yerə daxil ola bilər.

Amerikanın Səsi: Məsələn, bunun tərsi olsa, kiminsə xoşuna gəlmədiyi kişi və ya qadın geyimini tənqid etsə, (mühafizəkar geyim tərzini nəzərdə tuturam) buna reaksiya verilərmi?

Qadınlar daim geydiklərinə görə, davranışlarına görə ittiham olunurlar.

Nisə Hacıyeva: Əslində, bilirsiniz necədir? Baxmayaraq ki, kiminsə kişilərin, kiminsə qadınların geyimindən xoşu gəlmir. Bu yaxınlarda bir qızı cırıq cins geydiyi üçün döymüşdülər. Bundan qabaq bir neçə belə hal baş verib. Qadınlar daim geydiklərinə görə, davranışlarına görə ittiham olunurlar. Son olay bir partlayış idi. Kişilərin diqtəsi və ya başqa qadınların diqtəsi altında geyinmək, yaşamaq, davranmağa olan bir etiraz idi. Reaksiya məsələsi ondan dolayı yaranıb ki, qadınlar kiminsə diqtəsi altında yaşamaqdan yorulublar. Qadınlar da bəzi hallarda bunu edir. Açığı, mən bunu Stokholm sindromu adlandırıram. Çünki qadınlar özləri də fərqində deyil ki, həmin o basqının altındadırlar. Həmin videoda müdaxilə edən yaşlı qadın yaşından istifadə edərək, kişinin tərəfini tutur, qadını susdurmağa çalışır. Biz qadınların susdurulduğu bir cəmiyyətdə yaşamağa məcburuq. Bu məsələnin bu qədər səs salması da bu etirazın nəticəsi idi.

Amerikanın Səsi: Siz susdurmaq dediniz. Amma videoda daha çox zorakılığa əl atılırdı. Belə insanlar məsuliyyətə cəlb edilirmi?

Bizim cəmiyyətdə insanlar bilir ki, məhkəmə olsun, polis olsun ədaləti tapa bilməyəcəklər.

Nisə Hacıyeva: Əfsuslar olsun ki, edilmir. Çünki əgər insanlar sistemə dirənsə, məhkəmə hakimiyyətinə dirənsələr, bu məsələlər baş verməz. Ümumiyyətlə, Azərbaycanda məhkəməyə, polisə güvənməmək problemi var. Kimsə bilsə ki, hər an məhkəmədə ədaləti bərqarar edəcək, həm öz davranışını idarə edər, həm də kiminsə ona qarşı olan hər hansısa haqsızlığına görə müəyyən tədbirlər görər. Bizim cəmiyyətdə insanlar bilir ki, məhkəmə olsun, polis olsun ədaləti tapa bilməyəcəklər.

Amerikanın Səsi: İnsanların ən adi hüquqlarının qorunması demokratiyanın təməlidir. Avropaya inteqrasiya iddiasında olan Azərbaycan cəmiyyətində bu kimi hallara yol verilməsi ziddiyyət təşkil etmirmi?

Nisə Hacıyeva: Ziddiyyət təşkil edir, əlbəttə. Amma hər şey siyasi iradədən asılıdır. Həqiqətənmi biz Avropaya inteqrasiya etmək istəyirik? Burada xalqın, fərdlərin baxış acısından asılı olmayaraq, bir dövlət kimi Avropaya inteqrasiya etmək istəyiriksə, məhkəmə sistemimiz olmalıdır. Demokratiyanın qoruyucusu məhkəmədir.

Amerikanın Səsi: Bəs cəmiyyət?

İnsanların öz mədəniyyətlərini qorumaq və istədiyi kimi davranmaq haqqını dövlət tənzimləməlidir.

Nisə Hacıyeva: Mən cəmiyyətin çoxunun sistemlə işləyəcəyini düşünürəm. Pis və ya yaxşı cəmiyyət yoxdur. Mədəni və ya mədəniyyətsiz cəmiyyət yoxdur. Sadəcə işləyən və ya işləməyən mexanizmlər var. İşləyən mexanizmlər fərqlilikləri, fərqli düşüncələri bir yerdə yaşamağa, işləməyə kömək edir. Hər kəsin şəxsi fikri var. Bunlar mühafizəkar, dindar, dar fikirli, dindar olmayan fikirli insanlar ola bilər. İşləyən mexanizmlərlə yanaşı təhsilsizlik problemləri də var. İnsanlar anlaya bilmir ki, biz dünyəvi ölkəyik. Onlar çox hallarda biz müsəlman ölkəyik deyir. Konstitusiyanı açıb oxusalar, müsəlman ölkə olmadığımızı görəcəklər. Çoxluq müsəlman ola bilər. Amma burada müxtəlif dinlər, müxtəlif millətlər yaşayır. İnsanların öz mədəniyyətlərini qorumaq və istədiyi kimi davranmaq haqqını dövlət tənzimləməlidir. Dövlət bunu etmirsə, təbii ki, insanlar biri-birinin haqqına girəcək.