Qadınlara qarşı məişət zorakılığı halları nədən qaynaqlanır?

Qadınlara qarşı məişət zorakılığı halları nədən qaynaqlanır? (foto arxiv)

Qadınlara qarşı məişət zorakılığı halları nədən qaynaqlanır? Bunun qarşısını almaq üçün ölkədə mövcud qanunvericilik bazası və görülən tədbirlər yetərlidirmi? Qadın qurbanlar özlərini nə zaman təhlükəsiz hiss edəcək?

Azərbaycanda "Məişət zorakılığı haqqında" Qanun 2010-cu ildə qəbul edilib. 2020-ci il noyabrın 27-də isə "Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı" qəbul olunub. Bu plan qadınlara qarşı məişət zorakılığına son qoyacaq? Bu suallar daim Azərbaycanda olan gender fəalları, ekspertləri, qadın hüquqları müdafiəçilərini düşündürür.

Qadınlara qarşı məişət zorakılığı halları nədən qaynaqlanır?

"O qədər şiddətə məruz qalmışam ki, səhhətimdə ciddi problemlər var"

22 yaşlı F.Cənnətova (qurbanın təhlükəsizliyi baxımından ad şərti qoyulub) məişət zorakılığına məruz qalan qadınlardandır.

O, Amerikanın Səsinə deyib ki, əri tərəfindən nəinki məişət zorakılığı, həm mənəvi, maddi, həm də psixoloji şiddət görüb.

“Hal-hazırda hər mənada o qədər şiddətə məruz qalmışam ki, səhhətimdə ciddi problemlər var. Müalicə olmağıma baxmayaraq yaşadığım fəsadları hələ də özümlə daşıyıram.”

Cənnətova deyir ki, ərinin ailəsi tərəfindən də daim zorakılığa məruz qalıb.

“Qaynanam mənə daima psixoloji, mənəvi şiddətlər göstərib.”

O, zorakalıqla bağlı hüquq-mühafizə orqanlarına müraciət etsə də, ərinin təzyiqi ilə ərizəsini geri götürüb.

“Gəl ayrı evə çıxaq, bir şərtlə ki, birinci şikayətini geri götürəcəksən. Mən yenə də güvəndim ona, inandım. Amma buna baxmayaraq şiddətlər dayanmadı. Nə qədər şikayət etməyimə baxmayaraq, övladlarımın atası deyib, bağışladım. Amma, insan dəyişmədi. Məhz özümə görə yox, hər zaman övladlarıma görə çox qorxmuşam. Çünki mənim özümdən əlavə 3 can əmanətim var. Mənə bir şey olsa onlara ana qədər heç kəs can yandırmaz, - deyə düşünürəm.”

Cənnətova deyir ki, hazırda ərindən boşanmaq üçün məhkəməyə müraciət edib. Dekabrda məhkəmə ərizəyə baxacaq.

“Atamın mənə verdiyi küllü miqdarda pul və qızıllarımı əlimdən alıb. Ona görə boşanmağa razıdır. Əgər ondan nəsə tələb eləsəm bəlkə də məni öldürər.”

F.Cənnətova, Azərbaycan dövlətinin ona dəstək olmasını istəyir.

“Dövlətdən xahişim odur ki, övladlarıma, mənə dəstək olsunlar, haqqım yerdə qalmasın. Mənim üç balaca körpə balam var və mən tələbəyəm. Fəryadım duyulsun, istəyirəm.”

Ekspertlər, hüquq müdafiəçiləri məişət zorakılığının qurbanı olmuş qadınlardan narahatdır

Qadın hüquqları müdafiəçisi Vəfa Rüstəm Amerikanın Səsinə müsahibəsində cəmiyyətdə məişət zəminində qadınlara qarşı cinayətlərin sayının artdığını deyir. Onun fikrinə görə, qadınlara qarşı cinayətlərin sayının artmasının səbəbi cəzasızlıq mühitidir.

Vəfa Rüstəm

Hüquq müdafiəçisi hesab edir ki, məişət zəminində qadınlara qarşı cinayətlərinin qarşısını almaq üçün dövlət və cəmiyyət qarşılıqlı tədbirlər görməldir.

Onun sözlərinə görə, ölkədə qadın sığınacaqlarının sayı artırılmalıdır. Eyni zamanda əhalini məişət zorakılığı istiqamətində maarifləndirmək lazımdır.

Vəfa Rüstəm deyir ki, məişət zorakılığı ilə bağlı qanunvericilik bazası yetərli deyil.

“Birinci məsələ, Cinayət Məcəlləsinə məişət zorakılığı halları daha ağırlaşdırıcı hal kimi daxil edilməlidir. Məsələn, əgər şəxs kiməsə yüngül xəsarət yetiribsə və yaxud az ağır xəsarət yetiribsə, onu məişət zəminində törədibsə, bunun sanksiyası daha ağır olmalıdır. Bununla daha ciddi mübarizə aparmaq lazımdır. Döymək inzibati xətadır. Qadını döymək məişət zorakılğı zəminində cinayət hesab edilməlidir. Psixoloji zorakılıq, iqtisadi zorakılıq məişət zəminində inzibati xətadır. Bu kriminallaşdırılmalıdır. Cinayət Məcəlləsinə salınmalıdır. İkinci məsələ, barışdırma məsələsidir. Burada araşdırılma aparılmalıdır. Qadın öz iradəsi ilə gəlibmi? Ona nə təsir edib? Bir çox hallarda qadını həqiqətən barışmağa məcbur edirlər. Çünki, bu qadından asılı olur ki, bu təqib davam edəcək ya yox. Qadın da tək bir adam, buna qarşı dayana bilmir və geri çəkilir. Böyük hallarda biz görürük ki, araşdırma aparılmır, barışdırılır şəxslər və barışdırma çoxsaylı ölüm hallarına qədər gətirib çıxara bilir.”

Öz növbəsində vəkil Zibeydə Sadıqova məişət zorakılığına məruz qalmış qadınların praktikada qarşılaşdığı çətinliklərə və bu çətinlikləri yaradan səbəblərə toxunub.

“Məişət zorakılığının qarşısı niyə alınmır? Buna səbəb məsələyə ciddi yanaşılmamasıdır. Bir sıra qanunlar qəbul olunub. Gender bərabərliyi, Məişət zorakılığı haqqında qanun qəbul olunub. Lakin bu qanunlarda boşluqlar çoxdur. Əsas məsələ tənzimlənmir”.

Zibeydə Sadıqova

Onun fikrinə görə, əsas problemlərdən biri də mühafizə orderinin alınması (mühafizə orderi məişət zorakılığı törətmiş şəxsin zərər çəkmiş şəxsə qarşı edə biləcəyi hərəkətlərə tətbiq olunan məhdudiyyətlər haqqında aktdır) ilə bağlıdır.

“Mühafizə orderlərinin alınması əl çatan olmalıdır. Bu orderlər icra hakimiyyətlərindən alınıb polisə verilməlidir.

Vəkil hesab edir ki, polis idarələrində bu sahə üzrə ixtisaslaşmış qadın və kişi polis olmalıdır.

“Məişət zorakılığının qurbanı olmuş qadınlar maddi cəhətdən çox ciddi sıxıntı keçirirlər və bunu da tənzimləyən heç bir dövlət qanunu yoxdur. Məsələn, yeni bir qanun layihəsi qəbul oluna bilər ki, dövlət büdcəsindən məhz məişət zorakılığının qurbanlarına yardım edilməsi üçün bir fond ayrılsın.

Bundan əlavə Zibeydə Sadıqova bildirir ki, qurbanlara pulsuz psixoloji və hüquqi yardım edən yerlər olmalıdır.

“Bu yerlərdə psixoloji və hüquqi yardım əl çatan olmalıdır. Orada bu qadınlarla işləyən hüquqşünaslar və psixoloqlar ixtisaslaşmış olmalıdır”

Vəkil həmçinin yeni üçrəqəmli qaynar xəttin yaradılmasını, məişət zorakılığına məruz qalan qadınların təhlükəsizliyinin təmin edilməsinin vacib olmasını da önə çəkib.

Statistika

Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə əsasən ötən ildə qeydə alınan cinayət hadisələrinin 1260-ı məişət zorakılığı ilə bağlı olub. Bu da 2019-cu ilin göstəricisindən 3,7 faiz azdır. Qurumun məlumatına görə, məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində zərərçəkənlərin sayı 2019-cu ilin göstəricisinə nisbətən 4,3 faiz azalaraq 1300 nəfər olub :

"Onların 75,9 faizini qadınlar, 1,2 faizini isə yetkinlik yaşına çatmayanlar təşkil edib. Əvvəlki illə müqayisədə bu cinayətlər nəticəsində ölənlərin sayı 34,1 faiz artaraq 59 nəfər (onlardan 41-i qadın) olub."

Bakının mənzərəsi (view of Baku)

Açıqlamaya görə, bu ilin birinci rübündə qadınlara qarşı 550 cinayət faktı qeydə alınıb.

Rəsmi qurumlar nə deyir?

Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsindən Amerikanın Səsinə bildirilib ki, qısqanclıq, ailə münaqişəsi və sair məişət zəminində ötən il ərzində 973-fakt, 2021-ci ilin 9 ayı ərzində isə 956 fakt qeydə alınıb.

Qurumdan qeyd olunub ki, bununla bağlı davamlı olaraq bir sıra tədbirlər həyata keçirilir.

Komitə qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı" təsdiq edilib. Bu planın icrası ilə bağlı bir sıra işlər görülüb.

Belə ki, “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı” nın icrası təmin etmək məqsədi ilə “Qanunvericiliyin və institusional mexanizmin təkmilləşdirilməsi” və “məişət zorakılığının qarşısının alınması və zərərçəkmiş şəxslərin müdafiəsi” üzrə İşçi Qrupları yaradılıb.

"Qanunvericiliyin və institusional mexanizmin təkmilləşdirilməsi üzrə;

Məişət zorakılığının qarşısının alınması və zərərçəkmiş şəxslərin müdafiəsi üzrə.

Müstəqil ekspert tərəfindən “məişət zorakılığının yayılma səviyyəsinin və onu törədən səbəblərin monitorinqi” və “zərərçəkmiş şəxslərin məhkəyə çıxış imkanlarının qiymətləndirilməsi və vəziyyətin təkmilləşdirilməsi” mövzularında təhlil və araşdırılmalar

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, BMT- nin Əhali Fondu, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə əməkdaşlıq çərçivəsində 860 Gender-əsaslı zorakılıqla bağlı Qaynar Xətt 01.11.2020-ci ildən fəaliyyətə başlanıb, 01.12.2020-ci ildən etibarən məişət zorakılığından zərər çəkən şəxslərin zənglərini qəbul edir." Komitədən bildiriblər.

Bundan əlavə qurum qeyd edir ki, bütün yerli icra hakimiyyətlərində “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə” monitorinq qrupları yaradılıb. Avropa İttifaqının maliyyə dəstəyi ilə “Azərbaycanda məişət zorakılığı qurbanlarının təhlükəsizliyinin və onlara dəstəyin təmin edilməsi üçün dövlət qurumlarının və yerli səviyyədə istiqamətləndirmə mexanizmlərinin imkanlarının gücləndirilməsi” adlı Tvininiq layihəsi həyata keçirilir.

Beynəlxalq qurumlar

Bir müddət əvvəl Böyük Britaniya Azərbaycanı İstanbul Konvensiyasına qoşulmağa çağırıb. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin bəyanatında deyilib

“Heç bir qadın ailə üzvlərinin hücumundan qorxu içində yaşamamalıdır və hər bir qız təhlükəsiz olduğunu bilərək böyüməlidir. Belə halların düzgün araşdırılması və məişət zorakılığından zərərçəkmişlərin mühafizəsi çox vacibdir. Böyük Britaniya Azərbaycanda gender bərabərliyini dəstəkləməkdə davam edir və Azərbaycanı məişət zorakılığına son qoymaq üçün beynəlxalq çərçivə olan İstanbul Konvensiyasını imzalamağa çağırır,” səfiriliyin bəyanatında qeyd edilir.