Qadın hüquqları fəalı azyaşlının zorlanmasına etiraz edib

Oktyabrın 19-da qadın hüquqları müdafiəçisi Gülnara Mehdiyeva Azərbaycan Prezident Administrasiyasının binası qarşısında cinsi təcavüzə məruz qaldığı iddia olunan azyaşlı qızın hüquqlarının müdafiəsi məqsədi ilə aksiya keçirib.

Mehdiyeva "Azyaşlını zorlayan niyə azadlıqdadır?" şüarı qaldırıb. O, azyaşlını zorladığı iddia edilən şəxsin həbsini tələb edib.

“Prokurorluq yuxarıdan əmr gözləyir. Azərbaycanda ən yuxarı vəzifə Prezident və vitse-prezident vəzifəsidir. Bunu öyrənməyə bir yol var ki, həmin şəxs həbs olunur yoxsa yox... Həmin şəxs nə qədər azadlıqdadırsa biz hamımız təhlükədəyik," qadın hüquqları müdafiəçisi qeyd edib.

Polis əməkdaşları fəalın əlindən şüarı alıb və özünü polis avtomobili ilə ərazidən uzaqlaşdırıb.

Daxili İşlər Nazirliyini bildirib ki, məsələ ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

Baş Prokurorluğun Mətbuat Xidməti bildirib ki, azyaşlı qızın cinsi təcavüzə məruz qalması barədə Cinayət Məcəlləsinin 149.2.3 (zorlama təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə Yasamal rayon Pprokurorluğunda başlanmış cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülüb.

“Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri həyata keçirilir,” mətbuat xidməti qeyd edib.

Bu il oktyabrın 12-də cinsi zorakılığa məruz qaldığı iddia edilən qızın anası Zümrüd Yağmur keçirdiyi mətbuat konfransında deyib ki, ötən ilin avqustunda hadisədən iki gün sonra polisə şikayət edib və cinayət işinin istintaq prosesi ərzində sübutların toplanılması üçün bütün lazımi addımları atılıb. O, həmçinin bildirib ki, cinayəti həmin şəxsin törətdiyini sübut edən azı 3 ədəd tibbi ekspertiza rəyi var. Buna baxmayaraq, Yasamal Rayon Prokurorluğunda cinayət işinə “kifayət qədər sübut olmadığı” əsas gətirilərək iki dəfə xitam verilib. Apellyasiya Məhkəməsinin iki gün əvvəl çıxardığı qərara əsasən, iş araşdırılmağa geri göndərilib.