The New York Times: Dörd qadın Trampı onlara icazəsiz toxunmaqda ittiham edir

Oktyabrın 12-də The New York Times-ın dərc etdiyi bir yazıda iki qadın Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın onlara nalayiq şəkildə toxunduğunu iddia edib. Buna bənzər iddialar az sonra "People" jurnalında da yer alıb.

The New York Times yazır ki, Cessica Leeds və Reyçel Kruks Trampın icazə almadan onları öpdüyünü, yaxud əlini əndamlarında gəzdirdiyini iddia edir. Hadisələrdən birinin 2005-ci ildə, digərininsə 30 il əvvəl baş verdiyi deyilir.

Cessika Leeds

Xanım jurnalist iddia edir ki… "People" jurnalının yazarı Nataşa Stoynoffsa iddia edir ki, 2005-ci ildə Floridada Trampla xanımı Melanianın evliliyinin birinci ildönümünü işıqlandırarkən, Trampın fiziki hücumuna məruz qalıb.

Trampın seçki düşərgəsi bəyanat yayaraq The New York Times-da çıxan ittihamları rədd edib və qəzeti məhkəməyə verəcəyi ilə hədələyib. Bəyanatda deyilir ki, qəzetdə çıxan yazılar siyasi motivlidir.

“Bu saxta hekayətdə ləyaqət və həqiqət yoxdur”

"Planetin ən tanınmış biznes liderlərindən birinin, öz şirkətlərində daim qadınlara şərait yaratmış bir şəxsin bu məqalədə iddia edilən şəkildə davranması absurddur. Bunun yalnız onillər sonra üstəlik, namizədlik kampaniyasının son ayında ortaya çıxması hər şeyi deyir", - Trampın sözçüsü Ceyson Miller bildirib.

"Belə bir şey heç vaxt baş verməyib. Bu saxta hekayətdə ləyaqət və həqiqət yoxdur", - Trampın sözçüsü bu sözləri də "People" jurnalına ünvanlayıb.

Sözügedən qadınlar prezidentliyə namizədlərin 2-ci debatını izləyəndən sonra bu barədə danışmaq qərarına gəliblər. Debat zamanı CNN-in əməkdaşı Trampdan "qadınları onların razılığı olmadan öpüb-öpmədiyini..." soruşub. Namizədsə cavabında "yox" deyib.

Donald Tramp

Tramp The New York Times-ın müxbirinə bildirib ki, "bunların heç biri olmayıb".

Trampın vəkili qəzetdən "tam və dərhal təkzib verməsini və üzr istəməsini" tələb edib.

"Sizin məqaləniz düşüncəsiz və böhtan xarakterlidir". Bu sözləri vəkil Marc E. Kasovitz "The New York Times"ın icraçı redaktoruna göndərdiyi məktubda yazıb və fikrini belə əsaslandırıb: "Hər şeydən əvvəl məqalənin dərc edildiyi vaxtdan aydın görünür ki, bu, cənab Trampın namizədliyini gözdən salmağa yönəlmiş siyasi motivli cəhddən başqa bir şey deyil".

Trampın özü isə "The Palm Beach Post" qəzetini bənzər məzmunlu yazıya görə məhkəməyə verməklə hədələyib.

Klintonun seçki komandası da münasibət bildirib

Hillary Clinton-un seçki düşərgəsinin kommunikasiya direktoru Cennifer Palmierinin yaydığı bəyanatda da sözügedən iki qadının iddiasına toxunulub: "Təəssüf ki, bu üzücü əhvalat Donald Trampın qadınlara münasibəti barədə bildiklərimizə uyğun gəlir. Bu məqalələr onun debat səhnəsində yalan danışdığını, lent yazısında haqqında danışdığı iyrənc davranışınsa boş sözlərdən ibarət olmadığını göstərir".

Hillari Klinton

Ötən həftə - Trampın xoşagəlməz söhbətlərinin videoyazıları mediaya sızandan bəri, o, Respublikaçılar Partiyası üzvlərinin dəstəyini itirib və eyni zamanda qadınlarla keçmişdəki davranışlarına görə çoxsaylı tənqidlərlə üzləşib.

Namizədlərin 2-ci debatında Tramp, əslində, heç vaxt hər hansı qadına qarşı nalayiq hərəkətə yol vermədiyini iddia edib.