Bloq: Qadın futbolu, dünya kuboku və gender qeyri-bərabərliyi

ABŞ-ın futbol üzrə qadınlardan ibarət milli yığması bu günlər Kanadanın Vankuver şəhərində keçirilən Dünya çempionatının qalibi oldu. Amerika Birləşmiş Ştatlarının 4 iyul Müstəqillik gününün qeyd edildiyi həftə sonuna təsadüf edən bu qələbə ölkədə böyük sevinclə, qadın futbolçularsa qəhrəman kimi qarşılandılar. Futbol Amerikada ən populyar idman növü olmasa da ABŞ-ın qadınlardan ibarət milli yığmasının azarkeşlərdən ibarət böyük auditoriyası var və qadın yığması kişilərdən ibarət yığmadan daha populyardır. Vankuverdə Kerri Lloyd və onun komanda yoldaşlarının final oyununu 20 milyondan çox tamaşaçı izləyib. Bu, Amerika tarixində ən çox tamaşaçı tərəfindən izlənilən futbol oyunudur.

Üçüncü dəfə dünya çempionu titulunu qazanan Amerika futboçuları 2012-c ildə London Olimpiadasında olduğu kimi yüksək professionallıq və klass göstərə bildi.

ABŞ-ın qadınlardan ibarət milli yığması

Lakin çempionların gözəl oyun nümayiş etdirməsinə baxmayaraq, kişilər arasında dünya futbol çempionatı ilə müqayisədə qadın idmançıların gəlirlərində ciddi qeyri-bərabərlik mövcuddur. Ekspertlərin sözlərinə görə, ABŞ-ın qadınlardan ibarət milli yığmasının dünya çempionatının qalibi kimi əldə etdiyi qazanc kişi idmançıların qazancı ilə müqayisədə “cib xərcliyi”nə bənzəyir.

FİFA ABŞ-ın qadınlardan ibarət milli yığmasına 2 milyon dollar ödəcəyək. Müqayisə üçün, 2014-cü ildə Braziliyada kişilər arasında keçirilən dünya çempionatında qızıl kubok qazanmış Almaniya milli yığması 35 milyon almışdı.

ABŞ mediasında mövzuya kifayət qədər böyük diqqət verilir və göstərilən rəqəmlər həqiqətən də təəccüb doğurmaya bilmir. ABŞ-ın Qadınlardan ibarət Milli Futbol Liqasında idmançıların maaşlarının 6 min dollarla 30 min dollar arasında olduğu göstərilir, bu isə onların yarışdığı böyük şəhərlərdə yaşamaq üçün belə kifayət etmir.

ABŞ-ın milli yığmasının oyunçusu Karli Lloyd

Futbol Amerikada qadın idmançıların kişilərlə müqayisədə az gəliri olduğu yeganə idman növü deyil. ABŞ-ın Milli Basketbol Liqasının klublarında oynayan kişi idmançılar çox vaxt Forbes və Time kimi aparıcı dərgilərin dünyanın ən gəlirləri idmançıları siyahılarında göstərilir. Qadınlara gəldikdə, Milli Basketbol Liqasında bir komandanın maaşı 900 min dollardan bir qədər yuxarıdır. Kişilərdən ibarət bir komandanın maaşı isə ümumi hesabla 58,7 milyon təşkil edir. Milli Basketbol Liqasının ən yüsək gəlirli oyunçularından biri olan Kobe Brayantın illik gəliri 23,5 milyon dollardır. Qadınların yüksək gəlirlər əldə etdiyi yeganə idman növü olaraq hələlik yalnız tennisi göstərmək mümkündür.

Eyni idman növlərində kişilərə daha yüksək maaşların verilməsi qadınlarda daha böyük uğurlar qazana bilmək üçün stimulun azalmasına səbəb olur və qızlar və qadınların professional idmana cəlb olunmasını çətinləşdirir. Lakin eyni iş üçün bərabər maaşların ödənməsi Amerikanın özündə hələ də həllini tapmamış məsələ olaraq qalır. Qadın Siyasət Araşdırma Mərkəzinin hesabatına əsasən, dünyanın inkişaf etmiş ölkələri arasında yalnız Birləşmiş Ştatlarda qadınlar və kişilər arasında maaşlarda qeyri-bərabərlik mövcuddur. Amerikada qadınlar gördükləri eyni işə görə kişilərə nisbətən 22 faiz daha az maaş alır. Maaşlarda qeyri-bərabərlik demək olar bütün fəaliyyət sahələrinə aiddir.

ABŞ-ın milli yığmasının oyunçusu Aleks Morqan

Professional idmanda qadınlar və kişilər arasında gəlirlərdə bərabərliyə nail olmaq üçün görüləcək işlər çoxdur. Futbola gəldikdə isə FİFA hələ keçən il qadınlara bərabər maaş verilməsi məsələsinin gündəmdə olmadığını bildirib.

Qadınlar arasında futbol qlobal səviyyədə populyarlaşmağa davam edir və idman növünə investisiya və diqqətin artması FİFA-nın “futbolun hər yerdə və hamı üçün inkişaf etdirilməsi” missiyasına tam uyğun olardı.

Dilşad Əliyarlının "Qadın dünyası" bloqunu burada izləyə bilərsiniz.