Pərvanə Məmmədli İran Azərbaycanında yaradılmış bütün türkcə əsərlərin siyasi müstəviyə çıxarılaraq dəyərləndirilməsini düzgün yanaşma hesab etmir.
Your browser doesn’t support HTML5
Azərbaycan Milli Elmlər Akademiyasının aparıcı elmi işçisi Amerikanın Səsi ilə söhbətdə İran Azərbaycanındakı ədəbi yaradıcılığı dəyərləndirib. Onun fikrincə, Azərbaycan Respublikası ilə müqayisədə güneydə ortaya çıxan bədii əsərlərdə dünya görüşü və məzmun baxımından müxtəliflik daha çox görünməkdədir.
Fars dilində dünya ədəbiyatından tərcümələr çox olur. Onları oxuyurlar. Bu, o yeni nəslin yazılarında görünür. Ədəbiyatı oxuyub, mənimsəyirlər və ortaya qoyduqları əsərlər türkcə olur.
Pərvanə Məmmədli güneydə yazılmış bədii əsərləri siyasi müstəviyə çıxararaq birləşmək kimi ideyalar üzərindən dəyərləndirməyin doğru olmadığını ifadə edir:
“Burada bəziləri bilərəkdən, ya naşılıqdan güneyli yazarların əsərlərini lazım oldu da, olmadı da siyasi müstəviyə çıxarırlar. Məsələni dərindən bilmirlər. Elə bilirlər ki, bəs orada mücadilə əsasən birləşməklə bağlıdır. Belə deyil axı. Bu çox gözəl arzu və istəkdir. Gələcəyin işidir. Amma biz bir-birimizi nə qədər tanıyırıq ki? Uzun aradan sonra yaxınlaşa bilmişikmi? Boşluqlar var. Onlar doldurulmalıdır.”
O əlavə edir, “Güneydə elə bir yeni nəsil yetişib ki, ədəbiyyatda olan türlü türlü cərəyanları mənimsəyirlər. Bir neçə dil bilirlər, ana dili ilə yanaşı təbii ki, rəsmi dil olan farscanı da. Fars dilində də dünya ədəbiyatından gözəl tərcümələr çox olur. Onları oxuyurlar. Mütaliələri güclüdür. Bu, o yeni nəslin yazılarında görünür.”
Araşdırmaçı alim yeni nəslin farsca düşünüb, türkcə yazmasını müsbət qiymətləndirir.
Güneydə məzmun bolluğu var. Quzeydə ola bilər ki, gözəl dil üslublarından istifadə olunur. Amma məzmun baxımından, dünya baxışı baxımından elə bil ki, biraz yeknəsəqlik var. Güneydə bu başqa cürdür.
“Xoşa gələn hal budur ki, onlar ədəbiyatı oxuyub, mənimsəyirlər və ortaya qoyduqları əsərlər türkcə olur. Türkcə yazmağa çalışırlar. Tanınmış aydın Rza Bərahəni deyir ki, ‘bizdə ziyalılar öncələr türkcə düşünüb farsca yazırdılar. Amma indi xüsusən də bu gənc nəsil farsca düşünüb, türkcə yazır.’ Bu çox yaxşı haldır” - deyə, ədəbiyyatşünas alim bildirir.
Pərvanə Məmmədlinin dediklərinə görə, İran Azərbaycanında yazılmış əsərlərdəki məzmun müxtəlifliyi Azərbaycan Respublikasına görə daha genişdir:
“Yaxşı xüsusiyyətlərdən biri də budur ki, məzmun bolluğu var. Quzeydə ola bilər ki, gözəl dil üslublarından istifadə olunur. Dilimizdə məktəb təhsili görürlər... Amma məzmun baxımından, dünya baxışı baxımından elə bil ki, bir az yeknəsəqlik var. Amma güneydə bu başqa cürdür.”
AMEA-nın aparıcı elmi işçisi həmçinin müəllifi olduğu “Güney Azərbaycan Ədəbiyyatı Antologiyası” kitabı haqqında danışıb.
“Ötən əsrin 80-ci illərindən başlayaraq mərhum Mirzə İbrahimov Cənubi Azərbaycan ədəbiyyatı antologiyası hazırlamışdı. Kitabda cənubda olan şair və yazarların əksəriyyəti təmsil olunurdu. Amma bir 30 il keçdi və yeni antologiyalara ehtiyac var idi. Mən bunun üzərində düşündüm. Dörd-beş il çalışıb bir antologiya ortaya qoya bildim” , o açıqlayır.
Məmmədli əlavə edir, “90-cı illərdən bu yana, yeni düşüncə ilə, yeni nəfəslə yazan gənclərin də, ortaya yaşlıların da əsərləri antologiyaya daxil oldu. Təbii ki, bunlar o öncəki nəsildən çox fərqlidirlər. Bu, kitabı oxuyanda dərk olunur.”