Pəncşirdə Talibanla müqavimət hərəkatı arasında döyüşlər olub

Tərəflər arasındakı fikir ayrılıqlarının aradan qaldırıla bilməməsindən sonra Pəncşir vadisində Taliban döyüşçüləri ilə Taliban əleyhinə müqavimət qüvvələri arasında şiddətli döyüşlər başlayıb. Müqavimət qüvvələrinin nümayəndəsi Talibanın hücumunun dəf edildiyini və onların ağır itkilər verdiyini iddia edib.

Müqavimət hərəkatına 1990-cı illərdən bəri tanınmış anti-Taliban müqavimət lideri Əhməd Şah Məsudun oğlu Əhməd Məsud rəhbərlik edir. Taliban əleyhinə Şimal İttifaqına rəhbərlik edən ata Məsud ABŞ-a edilən 2001-ci il sentyabrın 11-i hücumlarından az əvvəl özünü jurnalistlər kimi göstərən Əl-Qaidə militantları tərəfindən öldürülüb.

Keçən ay Kabilin süqutundan sonra ölkənin hər yerində hərbi liderlərinin təslim olmasını xəyanət hesab edən Əfqanıstan təhlükəsizlik qüvvələrinin üzvləri müqavimət hərəkatına qoşulmaq üçün Pəncşirə yollanıb. Onların arasında illərdir Talibanla mübarizədə qazandıqları zəfərlərlə məşhur olan xüsusi təyinatlılardan bir neçəsi və devrilmiş hökumətin birinci vitse -prezidenti Əmrullah Saleh də var idi.

Məsudun sözçüsü Fahim Dəşti Talibanın hücumları vadinin şimal-şərqindən, əsasən də Kavak adlı dağ keçidindən, eləcə də Pərvan vilayətinin cənub-qərbindən keçirdiklərini deyib.

Sözçü Pəmcşirdə qərargahlanan və özünü Əfqanıstanın Milli Müqavimət Cəbhəsi (NRFA) adlandıran hərəkatın Talibanın hücumlarını dəf etdiyini və onların yüzlərlə döyüşçüsünü öldürdüyünü bildirib.

“Ağır məğlubiyyətə uğradılar. Əlimizdə olan rəqəmlərə görə, 150 nəfər öldürülüb, 200-ü yaralanıb, 35-i ələ keçirilib, dörd konvoyu və iki ağır silahı məhv edilib" - deyə, sözçü bildirib.

Əfqanıstanın Milli Müqavimət Cəbhəsinin döyüşçüləri

Taliban tərəfdarları isə sosial şəbəkələrdə üzərində Talibanın bayraqları olan zirehli maşın karvanının Pəncşirə getdiyi video paylaşıb. Onlar Talibanın əvvəllər müqavimət hərəkatı qüvvələrinin nəzarətində olan bir neçə ərazini ələ keçirdiyini iddia edib.

Çərşənbə günü Taliban Pəncşiri qonşu Gülbaharla birləşdirən əsas yolu bağlayıb.

Tərəflər bir-birini danışıqların nəticəsiz qalmasında günahlandırır.

“Məsələnin danışıqlar yolu ilə həll olunmasına çox çalışdıq. Pəncşirdə maraqlı tərəflərlə bir neçə görüş keçirdik. Telefonla da əlaqə saxlayırdıq. Lakin indiyə həll yolu tapa bilməmişik“ - deyə, Talibanın yüksək səviyyəli lideri Moləvi Əmir Xan Müttaqi tərəfdarları və nümayəndələrinin sosial mediada paylaşdığı Pəncşir vilayətinin əhalisinə etdiyi səsli mesajında bildirib.

Məsudun sözçüsü Fahim Dəşti çərşənbə axşamı Amerikanın Səsinə deyib ki, danşıqların məqsədi qadın hüquqları da daxil olmaqla, bütün əfqanların insan haqlarını təmin edəcək məqbul, zəmanət verən və əhatəli bir razılaşma əldə etmək idi.

Onun dediyinə görə, bu, artıq Talibandan asılıdır. "Digər tərəf əgər inklüziv olmayan hökumət elan etmək istəyirsə, bu inların işidir. Bu bizim mövqemizi dəyişməyəcək," o deyb.