Şimali Koreya hələ də ABŞ prezidenti Donald Tramp ilə danışmaq istəyir. Tramp iyunun 12-nə Kim Jong Unla planlaşdırılan sammiti təxirə salıb, bunu Pxenyanın “böyük qəzəb və açıq düşmənçiliyi” ilə izah edib.
Şimali Koreya xarici işlər nazirinin müavini Kim Kye Gvan Trampın açıqlamasına münasibət bildirib, Pxenyanın Vaşinqtonla məsələləri “istənilən vaxt, istənilən yolla” həll etməyə açıq qaldığını söyləyib.
Gvan Trampın qərarını “gözlənilməz” adlandırıb, “böyük təəssüf” doğurduğunu vurğulayıb. O deyib ki, danışıqların təxirə salınması “Şimali Koreya- ABŞ arasındakı tarixən düşmən münasibətlərin durumunun necə ağır olduğunu, əlaqələrin yaxşılaşdırılması üçün sammitin keçirilməsinin vacibliyini” göstərir.
“Dünya və Koreya yarımadasında sülh və sabitlik yaratmaq öhdəliyimiz dəyişməz qalır, ABŞ-a vaxt və fürsət verməkdə açıq fikirliyik”, o bildirib.
Tramp Kim Jong Un-la sammiti ləğv etmək istədiyini mayın 24-də açıqlayıb. Ondan bir gün öncə isə Şimali Koreya ABŞ-ın vitse-prezidenti Mayk Pensi “siyasi oyuncaq” adlandırmış, sammiti təxirə salmaqla hədələmişdi.