Vladimir Putin Sovet İttifaqının bərpası cəhdinə dair ittihamları "mənasız iddia" adlandırdı

Rusiya prezidenti Vladimir Putin Sovet İttifaqının bərpası cəhdinə dair ittihamları xarici həmkarlarının mənasız iddiası adlandırıb. Ötən hətə ABŞ dövlət katibi Hillari Klinton Putinin keçmiş Sovet respublikalarını iqtisadi müttəfiq kimi birləşdirmək səylərini regionun sovetləşdirilməsi kimi qiymətləndirmişdi. Rusiyanın dövlət başçısı isə prosesin ortaq dil, ortaq mentalitet və ortaq infratruktura malik olan region üçün təbii olduğunu deyib.

Rusiyanın Dövlət Dumasının spikeri Sergey Narışkin Klintonun bəyanatını vəzifəsindən getməkdə olan bir şəxsin son sözü adlandırıb. Qeyd edək ki, Hillari Klinton dövlət katibliyi vəzifəsinə gələn il son qoymalıdır.

Eyni zamanda Rusiya qanunvericiləri ABŞ Konqresinin Maqnitski qanununa rəsmi bəyanatla cavab verməyə hazırlaşır. Onlar qanunları pozan bəzi Amerika vətəndaşlarına qarşı cəza tədbiqlrini nəzərdən keçirməlidir.

“Sergey Maqnitski-qanunun aliyiyi və məsuliyyət” adlı qanun layihəsi 2009-cu ildə vəkil Sergey Maqnitskinin həbsxanada ölümü ilə bilavasitə əlaqəsi olan Rusiya rəsmilərinə qarşı sanksiyalar tətbiq edilməsini nəzərdə tutur.

Qanun layihəsinə əsasən Maqnitskinin həbsi və ölümündə bilavasitə əlaqəsi olan Rusiya rəsmilərinə viza verilməsi qadağan edilir və onların ABŞ-dakı hesabları dondurulur.