Putinə daha bir saxta məzar daşı

Rusiya Prezidenti Vladimir Putinin tənqidçiləri son bir ayda artıq üçüncü dəfədir ona saxta məzar daşı düzəldir.

Bu dəfə doğma şəhəri Sankt-Peterburqda fəallar Müqəddəs İsaak Kilsəsi qarşısında qranitə oxşar lövhə qaldırıb, sonra fotosunu internetdə yayıb.

Qara lövhədə Putinin fotosu, adı, “O, Rusiya xalqına xəyanət etdi” sözləri yazılıb. Doğum və ölüm tarixləri “1952-2019” göstərilib. 1999-cu ildə Rusiyanın prezidenti, yaxud baş naziri olmuş Putin 1952-ci ildə anadan olub.

Agit Russia qrupu Twitter-də yazıb ki, saxta baş daşı onların işidir.

“Bunu demək istədik: Xalqa qarşı qanunlar, daimi yalanlar, iyrənc idarəçilik ucbatından Putin Rusiya vətəndaşları üçün ölüb”, qrup bildirib.

Müqəddəs İsaak kilsəsi Sankt-Peterburqda məşhur binalardandır. Qrup tvitində estafeti ələ aldığını bildirib. Ötən ay oxşar aksiyalar Moskvada və Tatarıstanın Naberejniye Çelni şəhərində keçirilib.

Amma Naberejniye Çelnidə iki fəal Putinə məzar daşı ucaldandan sonra 28 və 6 günlük inzibati cəzaya məhkum edilib.