Putin və Netanyahu İranın Suriyada mövcudluğu məsələsini müzakirə edəcək

İsrailin baş naziri Benyamin Netanyahu İranın Suriyada mövcudluğu məsələsini müzakirə etmək üçün bu ayın sonu Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. Bu haqda İsrail lideri özü açıqlama verib.

Netanyahunun bildirdiyinə görə, fevral ayının 21-də keçiriləcək danışıqların diqqət mərkəzində İsrailin İranın “Qolan yüksəkliklərində yeni anti-İsrail cəbhəsi” yaratmasının qarşısının alınması səyləri olacaq.

Netanyahu yanvar ayında İsrail Suriyada İranın hədəflərinin vurulduğunu təsdiq etdikdən sonra bildirib ki, İsrail İranın Suriyada mövqeyini möhkəmlətməsinə imkan verməyəcək. “İsrail İranın Suriya, Livan və Qəzzadan İsrailə qarşı onların açıq şəkildə elan etdiyi məqsəd – İsrailin məhv edilməsi – üçün istifadə etməsi səylərinin qarşısını alacaq”, Netanyahu deyib.

Rəsmi Moskva hələlik qarşıdan gələn Netanyahu-Putin görüşü haqda şərh verməyib.

Arxiv fotosu - Suriyanın rəsmi SANA xəbər agentliyinin fotoda Suriya prezident Bəşar Əsəd və İranın müdafiə naziri Əmir Hatəmi ilə görüşdüyü göstərilir, 26 avqust, 2018.

Bu informasiya təsdiq edilsə, bu, İsrailin baş naziri və Rusiya prezidenti arasında 2018-ci il iyul ayından bəri üçüncü görüş olacaq.

Suriya münaqişəsi 2011-ci ildə Əsəd hökumətinə qarşı dinc nümayişlərlə başlayaraq, sonradan xarici qüvvələrin cəlb olunduğu dağıdıcı vətəndaş müharibəsinə çevrilib. Rusiya və İran Suriyada səkkiz ildir davam edən vətəndaş müharibəsində Suriya prezidenti Bəşar Əsədə dəstək verir.

İran dəfələrlə Suriyada mövcudluğunun Əsəd hökumətinin dəvəti ilə olduğunu və qüvvələrinin ölkədən dərhal çıxarılması planları olmadığını bildirib.

Suriyada 2012-ci ildən İranın elitar İnqilab Qvardiyasının yüksək səviyyəli üzvləri də daxil olmaqla, mindən çox iranlı öldürülüb.

Suriya münaqişəsi nəticəsində 500 mindən çox insanın öldüyünə inanılır.