Putin nüvə çəkindirmə qüvvələrinin yüksək hazırlıq vəziyyətinə salınması əmrini verib

Ukrayna hərbi qüvvələrinin əsgəri Xarkovda döyüşdən sonra zədələnmiş hərbi maşını yoxlayır, 27 fevral 2022-ci il.

Ukrayna Belarusla sərhəddə Rusiya ilə danışıqlar aparmağa razılaşdığını bildirdiyi vaxt Rusiya prezidenti Vladimir Putin Rusiya çəkindirmə qüvvələri, o cümlədən nüvə qüvvələrini yüksək hazırlıq vəziyyətinə salmaq əmri verib.

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə bağlı Qərblə gərginliyin artdığı bir vaxt prezident Putin bazar günü Rusiyanın müdafiə nazirinə nüvə qüvvələrini “xüsusi hazırlıq” vəziyyətinə gətirməyi əmr edib. O, rəsmilərə NATO-nun aparıcı dövlətlərinin “aqressiv bəyanatlar” verdiyini və Rusiyaya qarşı sərt maliyyə sanksiyaları tətbiq etdiyini deyib.

ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild bazar günü bildirib ki, Rusiya prezidenti Vladimir Putinin Rusiya çəkindirmə qüvvələrini, o cümlədən nüvə qüvvələrini yüksək hazırlıq vəziyyətinə salmaq əmri qəbuledilməz eskalasiyadır.

Ağ Evin mətbuat katibi Cen Psaki bazar günü ABC tele kanalına bildirib ki, Putin “sonrakı təcavüzə haqq qazandırmaq üçün mövcud olmayan təhdidlər yaratmaq” modelini davam etdirir.

“Rusiya heç vaxt NATO tərəfindən təhdid edilməyib, Rusiya heç vaxt Ukrayna tərəfindən təhdid edilməyib” – deyə, o bildirib.

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ilə ilkin şərt olmadan sülh danışıqlarına başlamaq üçün Belarus sərhədinə nümayəndə heyəti göndərməyə razılaşdığını bildirib.

“Biz razılaşdıq ki, Ukrayna nümayəndə heyəti Rusiya nümayəndə heyəti ilə Ukrayna-Belarus sərhədində Pripyat çayı yaxınlığında heç bir şərt olmadan görüşəcək”, Ukrayna prezidenti bildirib.

Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarova hökumətin sülh danışıqlarına hazır olduğunu, lakin təslim olmağa hazır olmadığını vurğulayıb və əlavə edib ki, Ukrayna hökuməti Rusiyaya qarşı Ukraynada müharibə cinayətləri ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsində iddia qaldırıb.

Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin dördüncü günündə Rusiya hərbi qüvvələri və Ukrayna müdafiə qüvvələri arasında paytaxt Kyiv və digər şəhərlərə nəzarət uğrunda döyüşlər davam etdirilir.