Ukrayna prezidenti Petro Poroşenko separatistlərlə sülh sazişi imzalansa, hökumət qüvvələrinə atəşkəsə riayət edilməsinə göstəriş verəcəyini deyib.
Poroşenko bu açıqlamanı Uelsdə ABŞ prezidenti Barak Obama,Britaniyanın baş naziri Devid Kameron və Almaniya kansleri Angela Merkelin də iştirak etdiyi görüşdən sonra verib.
Rusiya və ATƏT nümayəndələri Belarusda keçiriləcək sülh danışıqlarında iştirak edəcək.
Rusiyapərəst separatistlərin liderləri Ukraynanın münaqişənin siyasi yolla həllinə dair planı imzaladığı təqdirdə, atəşkəsə göstəriş verəcəklərini deyib.
Rusiya Vladimir Putinin Ukraynanın şərqində sülhə dair fəaliyyət planına uyğun olaraq, praktiki addımlar atmağa hazır olduğunu deyib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, Rusiya bu planın Ukraynada və ölkənin şərqindəki Luqansk və Donetsk şəhərlərində də qəbul ediləcəyinə ümid edir. Lavrov bunu bu gün ATƏT-in Parlament Assambleyasının prezidenti İlkka Kanerva ilə görüşü zamanı deyib.
Rusiya prezidenti Vladimir Putin çərşənbə günü Ukraynanın şərqində sülhə dair 7 maddəli planını təqdim edib. Putin həm Ukrayna hökumət qüvvələri, həm də üsyançıların ağır döyüşlərin getdiyi Donetsk və Luqansk regionlarında əməliyyatlara son qoymalı və hökumət qüvvələrinin rusdilli əhalinin məskunlaşdığı ərazilərdən çəkilməli, həmin bölgələrə beynəlxalq müşahidəçilərin yerləşdirilməli olduğunu bildirib.
Rusiya lideri atəşkəsə beynəlxalq ictimaiyyət tərəfəndən hərtərəfli və obyektiv nəzarətin təmin edilməsinə, mülki ərazilərdə hərbi aviasiyada istifadə edilməsinə qadağa qoyulmasını, hərbi əsirlərin qeyd-şərtsiz dəyişdirilməsinə, qaçqınların hərəkət edə bilməsi və yardımın çatdırılması üçün humanitar dəhlizin açılmasına və zərər dəyimiş infrastrukturun bərpası üçün təmir briqadalarının göndərilməsinə çağırıb.