Tramp və Putin Suriya münaqişəsi ilə bağlı birgə bəyanatla çıxış ediblər

Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp APEC sammiti zamanı

ABŞ və Rusiya prezidentləri Suriya ilə bağlı birgə bəyanatla çıxış ediblər. Bəyanatda “münaqişənin hərbi çıxış yolunun olmadığı” qeyd olunur.

Donald Tramp və Vladimir Putin, bəyanatı Vyetnamda keçirilən Asiya-Sakit Okean Ölkələrinin İqtisadi Əməkdaşlığı (APEC) forumu çərçivəsində təsdiq ediblər. Rusiya rəsmisi bildirib ki, Putin və Tramp arasında müzakirə APEC-in qrup foto mərasimindən öncə olub.

Ağ Ev, Kremlin iki lider arasında görüşü təsdiq edən elanı ilə bağlı sualları dərhal cavablandırmadı.

Bəyanatda iki dünya lideri İslam Dövlətinin məhv edilməsinin əhəmiyyətini vurğulayırlar. Bununla bərabər, sənəddə qeyd edilir ki, həm ABŞ, həm də Rusiya qüvvələrinin təhlükəsizliyinin təmin edilməsi üçün hər iki ölkənin hərbi peşəkarları arasında hərbi kommunikasiya kanallarının saxlanılması razılaşdırılıb.

Tramp və Putin Suriyanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü məsələsində öhdəliklərini təsdiq etdilər və Suriya münaqişəsində cəlb olunmuş tərəfləri həll yolunun tapılması üçün Ceneva prosesinə istinad etmələrinə çağırış etdilər.

Bəyanat, Rusiyanın Xarici İşlər Nazirliyi tərəfindən yayılıb. Nazirlikdən verilən məlumata görə, sənəd Rusiya və Birləşmiş Ştatların mütəxəsisləri tərəfindən hazırlanıb və hər iki ölkənin xarici işlər nazirləri - Sergey Lavrov və Reks Tillerson tərəfindən koordinasiya edilib.