Putin: Rusiya START müqaviləsində iştirakını dayandırır

Rusiya prezidenti Vladimir Putin çərşənbə axşamı Moskvanın ABŞ və Rusiya arasında nüvə silahlarına nəzarətə dair qalan sonuncu müqavilə olan Yeni START müqaviləsində iştirakını dayandırdığını bildirib.

2010-cu ildə imzalanmış müqavilə hər bir ölkəni maksimum 1550 nüvə başlığı ilə məhdudlaşdırır. Müqavilənin müddəti 2026-cı ildə başa çatır.

Rusiya Dumasına müraciəti zamanı Putin bildirib ki, o, hazırda müqavilədən tamamilə çıxmır.

O həmçinin bildirib ki, ABŞ bunu edərsə, Rusiya nüvə silahı sınaqlarını bərpa etməyə hazır olmalıdır.

ABŞ dövlət katibi Antoni Blinken Rusiyanın açıqlamasını "çox uğursuz və məsuliyyətsiz" adlandırıb.

"Rusiyanın əslində nə etdiyini görmək üçün diqqətlə izləyəcəyik. Əlbəttə ki, hər bir halda mövqelərimizin ölkəmiz və müttəfiqlərimizin təhlükəsizliyinə uyğun olduğuna əmin olmalıyıq" – deyə, Blinken jurnalistlərə bildirib.

O həmçinin qeyd edib ki, ABŞ-ın rəhbərlik etdiyi Qərb koalisiyası Rusiyanın təxminən bir ildir davam edən müharibəsinə qarşı mübarizədə Ukraynaya silah tədarükünü davam etdirsə də, Birləşmiş Ştatlar istənilən vaxt Rusiya ilə strateji silahların məhdudlaşdırılması barədə danışmağa hazırdır.

Blinken deyib ki, nüvə arsenallarına nəzarət etmək hər iki ölkənin təhlükəsizlik maraqlarına uyğundur.

"Düşünürəm ki, bu sahədə məsuliyyətlə hərəkət etməyimiz vacibdir. Bu, həm də dünyanın qalan hissəsinin bizdən gözlədiyi bir şeydir" – deyə, Blinken bildirib.

NATO-nun baş katibi Yens Stoltenberq Putini qərarını yenidən nəzərdən keçirməyə çağırıb. "Daha çox nüvə silahı və silahlara daha az nəzarət dünyanı daha təhlükəli edir" – deyə, o bildirib.

"Son illərdə Rusiya əsas silahlara nəzarət razılaşmalarını pozub və onlardan uzaqlaşıb. Yeni START ilə bağlı bugünkü qərarla bütün silahlara nəzarət arxitekturası pozulub" – deyə, Stoltenberq Brüsseldə jurnalistlərə bildirib.