Putin qaz boru xətti lahiyəsinin açılışı üçün Pakistana gedəcək [Təhlil]

Rusiya prezidenti Vladimir Putinin qaz boru xətti lahiyəsinin açılışını etmək üçün yaxın günlərdə Pakistana səfər edəcəyi gözlənilir. Rusiya bu layihəyə miliyardlarla dollar investisiya qoyur.

Pakistanın baş naziri Nəvaz Şərif Kremlinə dəvətnamə göndərib. Rusiya prezidenti Vladimir Putinin qarşıdakı bir neçə ay ərzində Pakistana səfər edəcəyi gözlənilir.

Rusiya qaz boru xətti lahiyəsi üçün 2,5 miliyard dollara yaxın investisiya qoymağı planlaşdırır. Boru xətti vasitəsi ilə təbii qaz Kəraçi liman şəhərindən ölkənin şimal ərazilərinə çatdırılacaq.

Layihəyə Pakistan Dövlət Qaz Sistemləri şirkəti rəhbərlik edir. Şirkətin başçısı Mobin Saulat deyir ki, Rusiya bunu digər iqtisadi imkanlar üçün çıxış yolu kimi görür. Bu yolla Pakistan Rusiyadan ildə 4 miliyon ton təbii qazı maye halında idxal edəcək.

İqtisadi məsələlər üzrə jurnalist Xürrəm Hüseyn düşünür ki, bu layihənin digər məqamları var.

Bu layihə iqtisadi maraqdan çox geopolitik maraq daşıyır
Xürrəm Hüseyn

Xürrəm Hüseyn: Bu layihə iqtisadi maraqdan çox geopolitik maraq daşıyır.

Pakistan ABŞ və Çindən asılılığını diversifikasiya etmək üçün yeni regional əməkdaşlıq yolları axtarır. Bu yolla Pakistan Cənub və Mərkəzi Asiyada öz təsirini gücləndirməyi düşünür.

Hüseyn deyir ki, hər iki ehtimalda bu, Pakistan üçün yaxşı sövdələşmədir.

Xürrəm Hüseyn: “Pakistanın infrastruktur üçün xarici investisiyaya ehtiyacı var. Bu sahədə önə çıxan ölkə isə hələlik Çindir.”

Buna baxmayaraq o, hökumətin gizli qapılar arxasında sövdələşmə aparmasını tənqid edir.

Heç kim keçən il iki ölkənin enerji nazirləri arasında imzalanan razılaşmanın mətni ilə tanış olmayıb.

1100 km uzunluğunda olan qaz boru xətti bir gündə 34 milyon kub metr qaz daşımaq qabiliyyətinə sahib olacaq. Layihənin üç mərhələdə 2019-cu ilədək tamamlanması gözlənilir.