Vladimir Putin Barak Obamanı təbrik edib

Rusiya prezident Vladimir Putin ABŞ-ın Müstəqillik Günü münasibəti ilə prezident Barak Obamaya ünvanladığı bayram təbrikində Rusiya və ABŞ arasında əlaqələrin yaxşılaşdırılmasına çağırıb.

Cənab Putin bugünkü mesajında bildirib ki, fikir ayrılıqlarına baxmayaraq hazırda iki ölkə arasında gərginləşmiş münasibətlər "praqmatik və bərabər təməl" üzərində inkişaf edəcək. Rusiya prezidentinin sözlərinə görə, iki ölkə beynəlxalq sabitliyi və təhlükəsizliyi qorumaq üçün xüsusi öhdəliyə malikdir və bütün dünyanın maraqları uyğun olaraq əməkdaşlıq etməlidir.

Rusiyanın Krım yarımadasını ilhaqından sonra Vaşinqton və Moskva arasında əlaqələr Soyuq Müharibədən bəri ən gərgin nöqtəsinə çatıb.

ABŞ və Avropadakı müttəfiqləri Rusiya ilə diplomatik əlaqələri kəsərək Krımın ilhaqına sanksiyalarla cavab verib. Birləşmiş Ştatlar və Avropa Birliyi Moskvanın dəstəklədiyi Rusiya tərəfdarı separatçıların Ukraynadakı fəaliyyətlərinin qarşısını almaq məqsədi ilə daha çox sanksiyaların tətbiqi barədə xəbərdarlıq edib.