Bayden Varşavada ABŞ-ın Ukrayna və NATO-ya dəstəyini vurğuladı

Biden US Poland

Ukraynanın paytaxtı Kyivə gözlənilməz səfərindən sonra ABŞ prezidenti Co Bayden Polşaya gedərək, Varşavanın tarixi Kral Qalasında çox gözlənilən nitqlə çıxış etdi. O, Rusiyanın işğalından bir il keçdiyini qeyd edərək, Birləşmiş Ştatların Ukrayna prezidenti Volodimir Zelenskinin ölkəsini müdafiə etmək səylərinə dəstək məsələsində NATO və Qərb arasında birlik yaratdığını vurğuladı.

“Bir il öncə dünya Kyivin süqutuna hazırlaşırdı. Mən indicə Kyivdən səfərdən gəlmişəm və deyə bilərəm ki, Kyiv güclüdür. Ən əsası isə o, azaddır,” Bayden dedi.

Baydenin çıxışından öncə Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan deyib ki, Bayden çıxışında ötən ilin mart ayınd eyni yerdə səsləndirdiyi fikirləri genişləndirəcək və NATO və ABŞ-ın Ukraynaya dəstəyi ilə bağlı fundamental sualları cavablandıracaq.

“Bir il sonra o inanır ki, biz birliyimiz və qətiyyətimiz, fundamental prinsiplərə sadiqliyimizlə bağlı bu sualları cavablandırmışıq,” Sallivan çərşənbə axşamı müxbirlərə deyib.

Sallivan həmçinin qeyd edib ki, Baydenin nitqində “fundamental prinsipləri dağıtmağa çalışan aqressorlar ilə onu dəstəkləmək üçün bir araya gələn demokratiyalar” arasındakı rəqabəti vurğulayacağı gözlənilir.

Baydenin çıxışından bir neçə saat əvvəl isə Rusiya Prezidenti Vladimir Putin Moskvanın Ukraynaya qarşı müharibəsinə bəraət qazandırmaq üçün müraciətindən istifadə edərək, Rusiyanın mövcudluğunun təxminən bir il əvvəl Kremlin genişmiqyaslı müdaxiləyə başlamasından sonra Kiyev ətrafında birləşən Qərb tərəfindən təhdid edildiyini bildirib.

Fevralın 24-də Kremlin bir neçə həftə davam edəcəyini gözlədiyi, lakin 12 aydan sonra hələ sonu görünməyən hərbi müdaxilənin ildönümünə bir neçə gün qalmış Rusiya Federal Şurasında televiziya müraciətində çıxış edən Putin Ukrayna və digər məsələlərlə bağlı tanış və çox vaxt saxta xəbərləri təkrarlayıb və Vaşinqtonu və Qərbi tənqid atəşinə tutaraq, müharibədən qaçmağa çalışdığını, "amma arxamızda tamamilə başqa bir ssenari hazırlandığını" bildirib.

Vaşinqton dərhal Putinin açıqlamalarının "absurdluğunu" pisləyərək, "heç kimin Rusiyaya hücum etmədiyi" bildirib, Kyiv isə Putinin sözlərinin "yersiz və çaşqın" adlandırıb.

Putinin Ukraynada bir sıra hərbi uğursuzluqlar səbəbindən dekabrda təxirə salınan çıxışı fevralın 20-də ABŞ prezidenti Co Baydenin Rusiya liderinin Qərbin Ukraynanı dəstəkləməyə marağını itirməsi ilə bağlı son iddialarını sarsıdaraq, Kyivə tarixi səfərindən bir gün sonraya təsadüf edir.

Rusiya prezidenti Vladimir Putin Moskvada Federal Şurada illik müraciəti ilə çıxış edir, 21 fevral 2023.

Bir sıra ekspertlər Putinin öz nitqində alqışlaya biləcəyi qələbəni təmin etmək üçün çıxışından əvvəl döyüş meydanında böyük uğur qazanılacağına ümid etdyini bildirir. Lakin belə görünür, Rusiyanın hücumu Ukraynanın şərqində Baxmut şəhəri yaxınlığında dayanıb və Rusiya qüvvələri 70 yaşlı Rusiya liderinin hazırda Qərbə qarşı proksi müharibə kimi təsvir etdiyi müharibədə ağır itkilər verir.

"Müharibəni onlar başlatdı. Biz isə buna son qoymaq üçün gücdən istifadə edirik" - deyə, Putin Ukraynada döyüşmüş hərbçilər, qanunvericilər və dövlət rəsmilərindən ibarət auditoriyaya nəzər salaraq bildirib.

Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan Putinin çıxışı zamanı jurnalistlərə deyib ki, bu, "Rusiya üçün seçim müharibəsidir" və Moskva istəsə, münaqişəyə son qoya bilər.

"Heç kim Rusiyaya hücum etmir. Rusiyanın Ukrayna və ya başqa kiminsə tərəfindən hər hansı bir formada hərbi təhdid altında olması fikrində bir növ absurdluq var," Sallivan Varşavada deyib.

"Rusiya Ukraynada müharibəni dayandırıb vətənə qayıdır və müharibə başa çatır. Amma Ukrayna döyüşləri dayandırırsa və ABŞ və koalisiya onlara döyüşməkdə kömək etməyi dayandırırsa, onda Ukrayna xəritədən silinir" – deyə, o bildirib.

Sallivan həmçinin deyib ki, Bayden öz çıxışında diqqəti Ukraynada müharibənin demokratiyalar və avtokratik rejimlər arasında qlobal mübarizədə "dönüş nöqtəsi" olaraq gördüyü məsələ kimi daha geniş dərslərinə yönəldəcək.

Bayden fevralın 20-də Kyivə gözlənilməz səfəri zamanı orada beş saatdan çox vaxt keçirib. ABŞ prezidenti tərəfindən Vaşinqtonun böyük hərbi mövcudluğunun olmadığı aktiv müharibə zonasına presedenti olmayan səfərində Bayden Vaşinqtonun Ukraynaya dəstəyini vurğulayıb və Ukrayna əhalisi arasında əhval-ruhiyyənin yüksəlməsinə gətirib çıxarıb.

Beynəlxalq və müstəqil medianın iştirakına icazə verilməyən çıxışında Putin qlobal kəşfiyyat rəsmilərinin hesablamalarına görə müharibədə Rusiya tərəfindən böyük itkilərdən danışmaqdan yayınıb, bunun əvəzində o, Ukraynanı növbəti dəfə "neonasist rejimi" tərəfindən idarə olunmaqda ittiham edib və bildirib ki, "qarşıda duran vəzifələr həll edilənə qədər" müharibə davam edəcək.

İttihamlar Zelenskinin müşaviri Mixaylo Podolyak tərəfindən "Putin öz əhəmiyyətsizliyini və çaşqınlığını açıq şəkildə nümayiş etdirib" sözlərilə qarşılanıb.