Son dövrlərdə təşkilatçılar Azərbaycanda keçirilən aksiyalarda polis zorakılığına xüsusi vurğu edirlər. Aksiya təşkilatçıları bildirir ki, polis aksiyaları dağıdarkən sərt müdaxilə edir və zorakılığın miqyası artan tempdə müşahidə olunur.
İctimai fəal Əziz Məmiyev Amerikanın Səsinə müsahibəsində deyir ki, noyabrın 11-də Azərbaycan Xalq Cəbhəsinin Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında keçirdiyi aksiyada polis tərəfindən zorakılığa məruz qalıb. Fəalın iddiasına görə polis onun gözünə xəsarət yetirib:
Your browser doesn’t support HTML5
“Aksiya ərazisinə daxil olmaq istəyəndə İçərişəhər metrosunun yaxınlığındakı yeraltı keçidin qarşısında polis əməkdaşları üzərimizə hücum elədi və bizi yerə yıxdılar. Polis avtobusuna aparılanda yolda ayaq, diz zərbələri ilə mənə xəsarət yetirdilər. Polislər sədd çəkmişdi ki, jurnalistlər oradan o tərəfə keçməsinlər. Həmin ərazidə, kor nöqtələrdə əhatəyə aldılar və başım aşağı şəkildə, ağrıdıcı fəndlə də qolumu burmuşdular. Söyüşlərlə məni təhqir edirdilər və məsafə qətt etdikcə də diz zərbələri ilə vurub gözümü pis günə qoyublar. Gözüm göyərib, ağır xəsarətlər yetirdilər. Hər vurduqca burnumdan, ağzımdan qan səpələnirdi. Beləcə avtobusun içinə aparıb tulladılar”.
“Müdafiə Xətti İnsan Haqları təşkilatının həmtəsisçisi, hüquq müfafiəçisi Rüfət Səfərov aksiyalarda polis tərəfindən kobud müdaxilələr və qeyri-adekvat güc tətbiq edildiyini bildirir:
Your browser doesn’t support HTML5
“2019-cu ilin yanvar ayından bəri dəfələrlə toplaşmanın bu və ya digər formaları ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müxalif şəxslər tərəfindən müraciət edilməsinə baxmayaraq, Azərbaycan hakimiyyəti sərbəst toplaşmaq azadlığını görməzdən gəlir. Bu zaman polis orqanlarının müdaxiləsi aşkar görünür”.
Onun sözlərinə görə, “Müdafiə Xətti İnsan Haqları təşkilatı son dövrlər ərzində piketləri monitorinq edərkən aşkar edib ki, polis “ənənəvi” funksiyasına sadiqdir. Səfərov qeyd edib ki, polis fəalları nəinki təyinat məntəqəsində saxlayır, hətta bir gün öncə, ya da evlərinin qarşısında, digər məntəqələrdə qanunsuz əsaslarla saxlayıb piket bitdikdən sonra onları sərbəst buraxırlar.
“Bəzi hallarda işgəncə faktları da olur, fəallar polisə müqavimət ittihamı ilə inzibati qaydada cəmiyyətdən təcrid olunur, tərəfimizdən pis rəftarlar barədə qeydlər alınır”, deyə Səfərov bildirib.
Hüquq müdafiəçisi deyir ki, aksiyalar zamanı jurnalistlər də polis zorakılığına məruz qalırlar və cəmiyyətin informasiya təminatına maneələr yaradılır.
Jurnalist Nərgiz Absalamova aksiyaları işıqlandırarkən polis tərəfindən müxtəlif müdaxilələrlə üzləşdiyini, hətta zorakılığa məruz qaldığını deyir. Onun sözlərinə görə, polislər çəkiliş apardığı zaman kamerasının önünə keçir, bəzən press-kartını boynundan çıxarmağa çalışırlar. Jurnalist bildirib ki, əvvəllər bunu gizli şəkildə, kameraların görmədiyi yerlərdə edirdilərsə, indi bunu açıq şəkildə etməkdən çəkinmirlər:
“Son aksiyalardan birində polis dirsəyi ilə kürəyimdən vurmuşdu, onlar dirsəkləri ilə qoluma, kamerama vururdular. Hətta bir dəfə telefonu əlimdən yerə saldım. Mənim işim baş verən hadisəni cəmiyyətə çatdırmaqdır, amma buna imkan vermirlər. Məsələn, bir nəfəri 3 polis əməkdaşı saxlayırsa, qalan polislər jurnalistlərin çəkiliş etməsinə mane olmaq üçün müdaxilə edir ki, mən o anı çəkə bilməyim”.
Daxili İşlər Nazirliyinin Kütləvi İnformasiya Vasitələri ilə iş və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Amerikanın Səsinə bildirib ki, polis orqanları jurnalistlərin və ictimai fəalların polis zorakılığı ilə bağlı səsləndirdiyi iddialardan məlumatlıdırlar:
Your browser doesn’t support HTML5
“Polis tərəfindən hansısa jurnalistin qanunsuz aksiyanı işıqlandırmasına heç bir məhdudiyyət tətbiq olunmur, ola da bilməz. Jurnalistlərin, orada iştirak edən, çəkilişləri aparan blogerlər və bu kateqoriyaya daxil olan şəxslərin polisin fəaliyyətinə müdaxiləsi halları daha çox müşahidə olunur. Polisin qanunsuz aksiya iştirakçılarını ərazidən uzaqlaşdırması prosesində jurnalistlərin birbaşa polis əməkdaşlarına mane olma halları çoxluq təşkil edir və bu da neqativ hal yaradır. Jurnalistlər aksiyanı kənardan, müəyyən olunmuş yerdə dayanıb işıqlandıra bilərlər, görüntüləri çəkə bilərlər. Bununla bağlı heç bir məhdudiyyət yoxdur”.
Hacıyev Əziz Məmiyevin iddiasını isə “ənənəvi” adlandırıb və ictimai fəala qaydalara əməl etməsini tövsiyə edib.
“Polislə yersiz müdaxilələrdən, yersiz mübahisələrdən çəkinsin”, deyə o, bildirib.