Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) noyabrın 23-də Minskdə keçiriləcək növbəti sammitində iştirak etməyəcək. Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Paşinyan sammitdə iştirak etməyəcəyini Aleksandr Lukaşenko ilə telefon danışığı zamanı açıqlayıb. Ermənistan hökumətininin mətbuat xidmətindən verilən məlumata əsasən, baş nazir Paşinyan “KTMT-dəki həmkarlarının bu qərara anlayışla yanaşacağına ümid etdiyini bildirib” .
Beləliklə, Ermənistan 2009-cu ildən bəri ilk dəfə olaraq KTMT sammitində iştirak etməyəcək.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya mətbuatına açıqlamasında bildirib ki, Kremlin Paşinyanın görüşdən imtina etmək qərarından xəbəri olmayıb. “Əgər bu, həqiqətən də belədirsə, biz təəssüfləndiyimizi bildirə bilərik” – deyə, o bildirib.
Bundan əvvəl Ermənistanın baş naziri qeyd etmişdi ki, Yerevan Rusiyanın hərəkətlərinə görə digər ölkələrlə münasibətlərə yenidən baxmağa və təhlükəsizlik sahəsində yeni tərəfdaşlar axtarmağa məcbur olub. O, Moskvanın Dağlıq Qarabağ münaqişəsində Ermənistan qarşısında müttəfiqlik üzrə öhdəliklərini yerinə yetirmədiyini vurğulayaraq, Rusiya hərbi bazalarının ölkədə mövcudluğunun heç bir üstünlüyü olmadığını hesab etdiyini bildirib.