ABŞ-da prezidentliyinə namizədlərin nominasiya edildiyi qurultaylar bitəndən sonra kampaniyaların təqvimindəki növbəti mühim tarix prezidentlik yarışının ilk debatının keçiriləcəyi 29 sentyabrdır.
Respublikaçı prezident Donald Tramp və onun Demokrat Partiyasından rəqibi, keçmiş vitse-prezident Co Bayden qurultaylardan bir həftə sonra seçkilərdə qalib gəlmək üçün ABŞ-ın olduqca əhəmiyyətli olan Viskonsin, Pensilvaniya, Cənubi Karolina ştatlarında ilkin arqumentlərini açıqlayıblar.
"Düşünürəm ki, prezidentliyə iki namizəd arasında qızğın debat gözləyə biləcəyik. Namizədlərin hər ikisi mübarizdir" - deyə, Texas A&M Universitetinin Kommunikasiya üzrə professoru Cennifer Mersiyeka qeyd edib.
Mersiyeka deyib ki, Trampın debat üslubunun əlamətlərini onun "əks-zərbə" kimi təsvir etdiyi 2016-cı il kampaniyasında tapmaq mümkündür.
“O mütəmadi olaraq qarşı tərəfə hücumlardan istifadə edir, arqumentlərə qarşı deyil, şəxsə qarşı hücuma keçir. Və o, debat zamanı insanları məsxərəyə qoymaq və onlara qarşı bullinqdən çəkinmir. O bunu 2016-cı ildə etmişdi”, Marsiyeka deyib. O əlavə edib ki, Baydenin debatlarının tarixi onun öz mövqeyində dayanacağını göstərir.
“Düşünürəm ki, 2012-ci ildə vitse-prezident debatlarında stilinə görə Trampa bənzər olduğunu və Baydenin bir növ qarşı tərəfi məsxərəyə qoyduğunu görmüşdük. O, Pol Rayanın üzünə baxa-baxa gülürdü” - deyə, Mersiyeka bildirib.
2016-cı ildə o zaman prezidentliyə Respiblikaçı namizəd Donald Tramp və Demokrat namizəd Hillari Klinton arasında ilk debatları təxminən 84 milyon amerikalı izləmişdi. 2020-ci ildə seçkilərə yüksək maraq yeni rekorda səbəb ola bilər, lakin bunun seçicilərin mövqeyinə təsir göstərə bilib-bilməyəcəyi aydın deyil.