İlham Əliyev: Cənubi Qafqaz iqtisadiyyatının dörddə üçü Azərbaycanın payına düşür

Prezident İlham Əliyev Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı konfransında çıxış edib

Prezident ölkə iqtisadiyyatının son on ildə sürətli inkişafından danışıb
Cənubi Qafqazın ümumi iqtisadiyyatının dörddə üçü Azərbaycanın payına düşür. Bu barədə prezident İlham Əliyev bu gün Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunan konfrans-sərgidə çıxışında bildirib.

Onun dediyinə görə, son 10 ildə Azərbaycan çox sürətlə inkişaf edib. İqtisadiyyat 3,4 dəfə, sənaye istehsalı 2,7 dəfə artıb. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istifadəyə verilməsi ölkəyə xeyli gəlir gətirib.

“Ötən il Azərbaycan iqtisadiyyatına qoyulan sərmayə rekord həddə çatıb və 28 milyard dollar təşkil edib. Daxili sərmayələr xarici sərmayələri üstələyir”.

Prezident son 10 il ərzində 1200-dən çox obyektin açılışında şəxsən iştirak edib.

“Ötən 10 ildə 17 elektrik stansiyası tikilib, ölkənin 90 faizə yaxın ərazisində qazlaşdırılma aparılıb, yolların tikintisi üzrə geniş layihələr icra edilir”.

Əliyev içməli su və kanalizasiya layihələrinin də uğurla icra edildiyini söyləyib və növbəti 5 ildə bu prosesin sürətlənəcəyini bildirib.

“10 ildə 2 min 700 məktəb tikilib, 500-dən çox tibb müəssisə inşa edilib, yaxud təmir olunub, 41 olimpiya idman kompleksi istifadəyə verilib, çoxlu sayda mədəniyyət ocağı tikilib və ya bərpa edilib”.

Prezident İlham Əliyev növbəti 5 il üçün yaxınlarda üçüncü dövlət proqramının qəbul ediləcəyini bildirib.

Birinci dövlət proqramı 2004-2009-cü illəri, ikinci dövlət proqramı 2009-2013-cü illəri əhatə edib.