Prezident Əliyev BP şirkətini tənqid edib: Bizə verilən səhv proqnozlar, yalan vədlər qəbuledilməzdir

Azərbaycan Nazirlər Kabinetinin iclası

Nazirlər Kabinetinin iclasında ölkədə böyük iqtisadi inkişafdan danışılıb. 2013-cü il dövlət büdcəsinin xərcləri 20 milyard manat olacaq
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.

Prezident Əliyev iclasda geniş nitq söyləyib.

Onun sözlərinə görə, iqtisadiyyat son doqquz ayda 1,1 faiz artıb. Ancaq qeyri-neft iqtisadiyyatı 10,3 faiz artıb.

“Doqquz ay ərzində ölkə iqtisadiyyatına 16 milyard dollar sərmayə qoyulub”.

Dövlət başçısı bildirib ki, ölkə iqtisadiyyatının 83 faizi özəl sektorda formalaşıb.

Kənd təsərrüfatı 6,3 faiz artıb. Eyni zamanda, iş yerlərinin açılması, bölgələrdə sənaye müəssisələrinin fəaliyyətə başlaması birbaşa kənd təsərrüfatının inkişafı ilə bağlıdır. Ona görə, hesab edirəm ki, 6,3 faiz artım çox yaxşıdır”.

Cənab Əliyev deyib ki, hazırda ölkənin strateji valyuta ehtiyatları ilin əvvəlindən təxminən 5 milyard dollar artıb, hazırda 45 milyard dollar səviyyəsindədir.

“Doqquz ayda əhalinin pul gəlirləri 12 faiz, inflyasiya isə cəmi 1,5 faiz artıb. Gördüyünüz kimi, inflyasiya ilə əhalinin pul gəlirləri arasında 10 faiz fərq vardır və hesab edirəm ki, Azərbaycan bu göstəricilərə görə dünya miqyasında ən qabaqcıl yerlərdədir”.

Doqquz ayın göstəriciləri də onu göstərir ki, Azərbaycanda ümumi sənaye istehsalı 3,5 faiz azalıb.

“Ancaq qeyri-neft sənayemiz 7,7 faiz artıb. Bir tərəfdən bu, yenə də bizim iqtisadi və sənaye sahələrində apardığımız islahatların məntiqi nəticəsidir”.

Dövlət başçısı hakimiyyəti dövründə ilk dəfə BP şirkətini tənqid edib.
O neft sənayesinin böyük dərəcədə aşağı düşməsindən narahatdır.

“Bu proses - yəni azalma, bu sahədə yaşanan tənəzzül bilavasitə neftin hasilatı ilə bağlıdır. Burada da biz məsələni iki yerə bölməliyik. Çünki Azərbaycanda neftin hasilatı ilə Azərbaycan Dövlət Neft Şirkəti məşğuldur və 1994-cü ildə “Azəri”, “Çıraq” yataqları üzrə bağlanmış kontrakt əsasında beynəlxalq konsorsium - Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti yaradılmışdır, operator məhz Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti idi. Ondan sonrakı mərhələlərdə o konsorsiuma daxil olan şirkətlər arasında birləşmə prosesi getdiyi üçün operator funksiyaları bp şirkətinə həvalə edilib.

O vaxtdan bu günə qədər neft strategiyamızın icrası sahəsində çox böyük uğurlar əldə edilmişdir.

Biz haqlı olaraq neft strategiyamızla fəxr edirik. Çünki Azərbaycanın uğurlu iqtisadi inkişafı, siyasi çəkisinin artması və dünya proseslərində fəal iştirakı ölkəmizin iqtisadi imkanları ilə bilavasitə bağlı məsələdir. İqtisadi imkanları bizə məhz neft strategiyamız yaradır. O da həqiqətdir ki, biz bu imkanlardan bəzi başqa ölkələrdən fərqli olaraq səmərəli şəkildə istifadə etdik - neft kapitalını qeyri-neft sektorunun inkişafına yönəltdik.

Beləliklə, infrastruktur layihələrinin icrası və digər iqtisadi islahatlar əslində imkan verdi ki, biz bugünkü reallıqlar haqqında xalqa qürur hissi ilə danışa bilək. Ancaq konsorsium tərəfindən buraxılan kobud səhvlər ucbatından son illər ərzində “Azəri”, “Çıraq” yataqlarında neft hasilatı kəskin şəkildə aşağı düşməyə başlayıb. Bu, birinci il deyildir ki, neft hasilatı aşağı düşür. Əlbəttə, neft sənayesində çalışanlar, neft mütəxəssisləri bilirlər ki, hər bir neft yatağının bir ömrü vardır. Hasilat artır, pik zirvəsinə çatır, sonra müəyyən illər ərzində sabit qalır, ondan sonra tənəzzül başlayır. Yəni, bu proses hər bir neft mütəxəssisi üçün çox tanış olan məsələdir. Ancaq söhbət ondan getmir ki, biz pik səviyyəsinə çatdıq və ondan sonra təbii, necə deyərlər, tənəzzül prosesləri yaşanır.

Söhbət ondan gedir ki, verilən proqnozlar yerinə yetirilmir. Onu da deyə bilərəm ki, “Azəri”, “Çıraq” neft yataqları üzrə kontrakt pay bölgüsü əsasında imzalanıb. İlkin mərhələlərdə payların bölgüsü bir qədər fərqli idi.
İlkin mərhələlərdə ki, böyük investisiyalar qoyulurdu, xarici investorların payı daha da böyük idi - təxminən 75-25 faiz xaricilərin xeyrinə, əgər belə demək mümkünsə. Onlar öz investisiyalarını qaytardıqdan sonra pay bölgüsü dəyişməyə başlayıb – əllinin-əlliyə səviyyəsində bölünürdü. 2008-ci ilin ortalarında artıq “Azəri”, “Çıraq” neft yataqlarının səmərəliliyini və kontrakt şərtlərini nəzərə alaraq bu pay bölgüsü Azərbaycanın xeyrinə dəyişib və hazırda - 2008-ci ilin ortalarından bu günə qədər 75-25 faiz təşkil edir. Yəni, hasil edilən mənfəət neftinin 75 faizi Azərbaycanın payına düşür. Bir daha demək istəyirəm ki, kontrakt şərtləri əsasında bu pay bölgüsündə dəyişiklik baş verdikdən sonra “Azəri”, “Çıraq” neft yataqlarında neftin hasilatı nədənsə azalmağa başlayıb.

Sözlərimə konkret rəqəmlər əlavə etmək istəyirəm. Belə ki, 2009-cu ildə “Azəri”, “Çıraq” yataqlarında bizə verilən hasilat proqnozu 46,8 milyon ton idi. Faktiki isə 40,3 milyon ton səviyyəsində neft hasil edilmişdir. 2010-cu ildə proqnoz 42,1 milyon ton idi, fakt 40,6 milyon ton olmuşdur. 2011-ci ildə proqnoz 40,2 milyon idi, real hasilat isə 36 milyon. 2012-ci ildə verilmiş proqnoz 35,6 milyon tondur. İndiki hasilatı nəzərə alaraq belə təxmin etmək olar ki, ilin sonuna qədər bp “Azəri”, “Çıraq” yataqlarından 33 milyon tondan artıq neft hasil edə bilməyəcəkdir.

Bütün bu rəqəmləri toplayaraq və neftin qiymətini 100 dollar səviyyəsində götürərək, - halbuki bu illər ərzində daha da yüksək idi, - hesablasaq görərik ki, Azərbaycanın bilavasitə əldə edilməmiş gəliri 8,1 milyard dollardır. Bu, reallıqdır. Kiçik bir statistik rəqəmin arxasında bu reallıq dayanır. Ona görə ildən-ilə, aydan-aya, rübdən-rübə neft sənayesində istehsalın düşməsi bu vəziyyətin məntiqi nəticəsidir.

Onu da deyə bilərəm və mən artıq bu barədə qeyd etdim ki, “Azəri”, “Çıraq” neft yataqlarına böyük investisiyalar qoyulmuşdur. Biz buna görə bütün investorlara minnətdarıq və yenə də deyirəm, bu investisiyalar bizə imkan verdi ki, bu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələrdən biridir. Ancaq istəyirəm ictimaiyyət onu da bilsin ki, bu investisiyalar xeyriyyəçilik funksiyalarını daşımırdı. Bu, sırf biznes layihədir. Yenə də bir neçə rəqəmi səsləndirmək istəyirəm. “Azəri”, “Çıraq” neft yataqlarına əvvəldən bu günə qədər bp-nin rəhbərlik etdiyi konsorsium tərəfindən 28,7 milyard dollar investisiya qoyulmuşdur. Bu günə qədər konsorsium 73 milyard gəlir götürmüşdür. Yəni, böyük mənfəət əldə edilmişdir. Əlbəttə, bütün bu mənfəət kontraktın şərtləri əsasında mümkün olmuşdur. Azərbaycan tərəfi də böyük mənfəət götürmüşdür. Bu gün bizim 45 milyard səviyyəsində olan valyuta ehtiyatlarımızın böyük hissəsi Neft Fondunun vəsaitidir. Nə qədər vəsait də son 12 il ərzində xərclənmişdir.

Dövlət Neft Fondu 1999-cu ilin sonunda – dekabr ayında yaradılmışdır.
O vaxtdan bu günə qədər ölkə iqtisadiyyatına qoyulan vəsaitin, infrastruktur layihələrinə, məktəblərin, yolların tikintisinə, abadlıq işlərinə qoyulan investisiyaların əsas mənbəyi bizim neft sənayemizdir. Ona görə bu, sırf kommersiya layihəsidir. Hesab edirəm ki, bütün vədlər, verilən proqnozlar yerinə yetirilməlidir.

Qeyd etməliyəm ki, gözlənilməyən bu tənəzzül sırf “Azəri”, “Çıraq” yataqları üzrə fəaliyyət göstərən konsorsiuma rəhbərlik edən bp şirkətinin kobud səhvləri nəticəsində mümkün olmuşdur. Biz bp şirkəti ilə uzun illərdir ki, əməkdaşlıq edirik. Onların fəaliyyətini bütün dövrlərdə dəstəkləmişik. Onlar üçün ən ağır günlərdə onları dəstəkləmişik. Biz adekvat münasibət gözləyirik.

Bizə verilən səhv proqnozlar qəbuledilməzdir. Dövlət Neft Şirkətinə verilən yalan vədlər qəbuledilməzdir. Dünya biznesində, biznesin bu səviyyəsində belə münasibətlərə yer yoxdur, mümkün deyildir. Biz həmişə bütün tərəfdaşlarla - istər siyasətdə, istər iqtisadi sahədə ədalətli olmuşuq. Həmişə dediyimiz sözlərə əməl etmişik. Biz adekvat münasibət gözləyirik.

Mən hesab edirəm ki, bu məsələ ilə bağlı çox ciddi dəyişikliklər edilməlidir. Mən nə üçün bu məsələ ilə bağlı məlumatı məhz bu gün ictimaiyyət üçün açıram? Ona görə ki, keçən ay bp tərəfindən mənə rəsmi qaydada söz verilmişdir ki, bütün bu xoşagəlməz halların qarşısı qısa müddət ərzində alınacaqdır. Bütün səhvlər etiraf edildi.
Etiraf edildi ki, vəziyyət çox ürəkaçan deyildir.

Mənə verilən vədlər ondan ibarət idi ki, qısa müddət ərzində çox ciddi dəyişikliklər ediləcək, işçi proqrama düzəlişlər olunacaq, hasilatı sabit səviyyədə saxlamaq üçün əməli tədbirlər görüləcək və ən önəmlisi, bu kobud səhvləri buraxan insanlar dəyişdiriləcəkdir. Ancaq o gündən bu günə qədər, - təxminən bir ay vaxt keçibdir və mən bu vədlərin yerinə yetirilməsini görmürəm. Əksinə, hesab edirəm ki, burada vaxt uzatma prosesi gedir. Ona görə, hesab edirəm ki, bu, tamamilə dözülməz bir haldır.

Artıq Dövlət Neft Şirkətinə tapşırıq verilmişdir ki, bu məsələ rəsmi qaydada qaldırılsın və lazımi tədbirlər görülsün. Öz vəzifə borcunu, kontrakt şərtlərini yerinə yetirə bilməyən investorlar gərək, nəticə çıxarsınlar, ciddi ölçülər, tədbirlər görülməlidir və görüləcəkdir”,
dövlət başçısı qeyd edib.

Prezident Azərbaycanda orta aylıq əmək haqqı, orta aylıq pensiya artdığını və MDB məkanında ən yüksək göstəricilər arasında olduğunu deyib.

“Belə ki, Azərbaycanda orta maaş 500 dollara bərabərdir, orta pensiya 190 dollara bərabərdir. Artım sürətlidir, ancaq bu, bizi qane edə bilməz.
Hazırda Azərbaycanda pensiyalar əmək haqlarının 40 faizini təşkil edir ki, bu da Avropanın inkişaf etmiş ölkələrinin kriteriyaları səviyyəsindədir”.

İ.Əliyevin sözlərinə görə, bu ilin əvvəlindən 94 min yeni iş yeri açılıb ki, onlardan 73 mini daimi iş yeridir.

“Regionların sosial-iqtisadi inkişafı proqramının əvvəlindən - 2004-cü ildən bəri bir milyon 100 min iş yeri açılmışdır ki, onlardan 800 mini daimi iş yeridir”.

Prezident bildirib ki, 2013-cü ilin dövlət büdcəsinin xərcləri təxminən 20 milyard manat səviyyəsində gözlənilir.

“İcmal büdcə 30 milyard dollardan da böyük ola bilər”, o qeyd edib.