Aprelin 14-də prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirə keçirilib. Prezident ölkədə iqtisadi durumdan, koronavirusun iqtisadiyyata təsirlərindən danışıb və müxalifəti yenidən tənqid edib.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli, Müsavat Partiyasının başqanı Arif Hacılı və Azərbaycanın AŞPA-da daimi nümayəndə heyətinin keçmiş üzvü Qulamhüseyn Əlibəyli Amerikanın Səsinə müsahibəsində Əliyevin çıxışına münasibət bildirb.
İlham Əliyev: Azərbaycan xalqı onları 27 il əvvəl tarixin zibilxanasına atıb
“İqtisadi vəziyyətə pandemiyanın təsiri qaçılmazdır. Biz artıq bunu görürük. Ona görə hökumətə tapşırıq verirəm, xüsusilə Baş Nazirə, Maliyyə nazirinə və İqtisadiyyat nazirinə ki, dövlət xərclərinə yenidən baxılsın və prioritet təşkil etməyən xərclər ixtisar edilsin. Eyni zamanda, vəsaitin xərclənməsinə çox ciddi nəzarət mexanizmi tətbiq olunmalıdır.”
Bu barədə prezident İlham Əliyev aprelin 14-də 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədə bildirib.
Onun firkrincə, bəzi hallarda cari xərclər şişirdilir.
Hökumətə tapşırıq verirəm, xüsusilə Baş Nazirə, Maliyyə nazirinə və İqtisadiyyat nazirinə ki, dövlət xərclərinə yenidən baxılsın və prioritet təşkil etməyən xərclər ixtisar edilsin.İlham Əliyev, Azərbaycan prezidneti
“Xüsusilə dövlət təşkilatlarının, dövlət şirkətlərinin cari xərcləri əfsuslar olsun ki, şişirdilir və bu sahəyə çox ciddi diqqət göstərilməlidir. Bu sahədə şəffaflığın tam təmin olunması istiqamətində əlavə addımların atılması zəruridir.”
Dövlət başçısı ölkədə aparılan islahatlardan danışarkən bildirib ki, struktur islahatlarının davam etdirilməsi məsələlərinə yenə də baxılacaq.
“Siyasi islahatlar göz qabağındadır, kadr islahatları aparılıb. Prezident Administrasiyasında, Nazirlər Kabinetində, parlamentdə böyük kadr dəyişiklikləri edilib. Bütün hakimiyyət qollarında aparılan islahatlar bir məqsədi güdür ki, idarəetmə mexanizmi daha da təkmilləşsin, təbii olaraq, gəncləşmə siyasəti aparılsın və peşəkar kadrlar önəmli vəzifələrə gətirilsin.”
O deyib ki, bütün xoşagəlməz hallara qarşı bundan sonra da ciddi mübarizə aparılacaq.
“Hesab edirəm ki, prezident tərəfindən edilən xəbərdarlıq hər kəs üçün dərs olmalıdır. Əgər kimsə bundan ibrət götürməsə, günah onun özündə olacaq.”
Prezident parlament seçkilərinin keçirlməsini islahatların davamı kimi xarakterizə edib.
“İslahatların məntiqi davamı parlament seçkiləri idi və bu ilin fevral ayında keçirildi. Parlament seçkiləri bir daha xalqımızın iradəsini ifadə etdi, bir daha göstərdi ki, apardığımız siyasət Azərbaycan vətəndaşları tərəfindən bəyənilir, dəstəklənir və parlament seçkiləri demokratik inkişaf istiqamətində atılmış növbəti addımdır. Seçkilərdən sonra parlamentin tərkibi böyük dərəcədə, rəhbər orqanları isə tam dəyişdirildi. Tarixdə ilk dəfə olaraq, müxalifət nümayəndəsi Milli Məclisin sədrinin müavini vəzifəsinə seçildi. Hesab edirəm ki, bu, siyasi sistemin təkmilləşdirilməsi və siyasi münasibətlərin sağlam zəmində qurulması istiqamətində atılmış önəmli addımdır. Eyni zamanda, tarixdə ilk dəfə olaraq, parlament komitələrinə müxalifət nümayəndələri başçılıq edirlər, həm sədr, həm müavin vəzifələrində. Hesab edirəm ki, bu da çox önəmli addımdır və ilk növbədə, siyasi sistemin yeni konfiqurasiyasına yol açan bir addımdır, eyni zamanda, Milli Məclisdə gedən proseslərə müsbət təsir göstərəcək.”
Mən hər şeyi öz adı ilə çağırıram. Əgər kimsə xalqımıza, dövlətimizə düşmənçilik edirsə, onun bir adı var - düşmən. Hər kəs bunları belə də çağırmalıdır. Bunların indiki arzuları da gözlərində qalacaq.İlham Əliyev, Azərbaycan prezidenti
Əliyev hesab edir ki, hakimiyyət tərəfindən atılan addımlar, siyasi dialoqun başlanması və müxalifət partiyaları tərəfindən buna müsbət reaksiya verilməsi müstəqillik dövründə tam yeni vəziyyətin yaradılmasına gətirib çıxarır.
“O ki, qaldı bu dialoqdan imtina edənlərə, onları siyasi qüvvə adlandırmaq düzgün olmaz. Çünki bu düşərgədə cəmləşən insanlar uzun illərdir iqtidara qarşı yox, dövlətimizə, xalqımıza qarşı çirkin mübarizə aparırlar. Onların əsas məqsədi vəziyyəti gərginləşdirməkdir. Ölkəmiz üçün, xalqımız üçün nə qədər pisdirsə, onlar üçün o qədər yaxşıdır.”
Prezident AXCP və Müsavat partiyalarından danşarkən deyib ki, indi koronavirus bunlar üçün sanki, göydəndüşmə bir hədiyyədir.
“Bu gün koronavirusa sevinən ancaq bu antimilli qruplaşmadır. Mən təbii ki, baş verən hadisələrdən xəbərdaram və bilirəm ki, bunların bu çirkin niyyətləri dəhşətli bir mənzərə yaradır. Ölənlərin sayının artmasını arzulayırlar, xəstələrin sayının artmasını istəyirlər, sevinirlər ki, insanlar vəfat edir. Yəni, bu, iqtidara qarşı deyil, dövlətə qarşı düşmənçilikdir. Mən hər şeyi öz adı ilə çağırıram. Əgər kimsə xalqımıza, dövlətimizə düşmənçilik edirsə, onun bir adı var - düşmən. Hər kəs bunları belə də çağırmalıdır. Bunların indiki arzuları da gözlərində qalacaq. Sözüm onda deyil, sözüm ondadır ki, siyasi islahatlar bu gün tam yeni bir konfiqurasiya yaradır. Əminəm ki, marginal qruplaşmaya yeni konfiqurasiyada yer yoxdur və olmamalıdır. Azərbaycan xalqı onları 27 il bundan əvvəl tarixin zibilxanasına atıbdır,” o qeyd edib.
Əliyev münaqişə ilə bağlı danışarkən deyib ki, Ermənistan təbliğatına və ümumiyyətlə, Ermənistanın münaqişə ilə bağlı mövqeyinə növbəti böyük zərbə bu yaxınlarda vurulub.
Mən demişəm, bir daha demək istəyirəm ki, onların qəbul etdikləri qətnamələr, qərarlar mənim üçün kağız parçasından artıq deyil. O təşkilatın Azərbaycanla bağlı olan fikri məni maraqlandırmır və heç vaxt maraqlandırmayıb.ilham Əliyev, Azərbaycan prezidenti
“Bu zərbəni, əslində, onlar özləri özlərinə vurdular. Əlbəttə ki, bizim məqsədyönlü fəaliyyətimiz, beynəlxalq təşkilatlarla yaranmış əlaqələr bu zərbəni daha da gücləndirdi. Söhbət qondarma “Dağlıq Qarabağ respublikası”nda keçirilmiş qondarma “prezident”in qondarma “seçkiləri”ndən gedir. Bu “seçkilər” bir daha göstərdi ki, bu qanunsuz xunta rejimini heç kim tanımır. “Seçkilər”dən sonra bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri tanımadı və açıq-aydın bəyanatlar səsləndi. ATƏT-in Minsk qrupunun həmsədrləri - Amerika, Fransa, Rusiya açıqlama verdi. ATƏT Parlament Assambleyası açıqlama verdi. Avropa İttifaqı, hətta bizə qərəzli mövqedə dayanan Avropa Parlamenti də açıqlama verdi. NATO, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Türk Şurası - bütün bu təşkilatlar dünyanın demək olar ki, mütləq əksəriyyətini cəmləşdirir. Qoşulmama Hərəkatında 120 ölkə, İslam Əməkdaşlıq Təşkilatında 50-dən çox ölkə, Avropa İttifaqında 30-a yaxın ölkə, ATƏT-də 50-yə yaxın ölkə. Bütün bu təşkilatlar bu “seçkiləri” tanımadı və bir daha göstərdilər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bu, bir daha göstərdi və mən bunu demişəm, bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi.”
Bu zaman Əliyev Avropa Şurası və Avropa Şurası Parlament Assambleyasının ünvanına kəskin tənqidi ifadələr işlədib.
“Ancaq istəyirəm Azərbaycan vətəndaşları bilsinlər ki, bu beynəlxalq təşkilatlar arasında bir təşkilatın adı yoxdur. Hesab edirəm, hər kəs başa düşür ki, söhbət Avropa Şurasından, Avropa Şurası Parlament Assambleyasından gedir, hansı ki, uzun illər, 20 il ərzində Azərbaycanı qaralamaq, Azərbaycana şər, böhtan atmaq, Azərbaycanı nüfuzdan salmaq üçün əlindən gələni əsirgəmir.”
Əliyev deyib ki, orada cəmləşən anti-Azərbaycan qüvvələr, ermənipərəst qüvvələr Azərbaycana düşmən gözü ilə baxırlar.
“Bizə qarşı o təşkilatdan gələn bütün iradların heç bir əhəmiyyəti yoxdur. Mən demişəm, bir daha demək istəyirəm ki, onların qəbul etdikləri qətnamələr, qərarlar mənim üçün kağız parçasından artıq deyil. O təşkilatın Azərbaycanla bağlı olan fikri məni maraqlandırmır və heç vaxt maraqlandırmayıb. Bir məsələyə də diqqətinizi çəkmək istəyirəm. Azərbaycanla bağlı məruzəçilər var və bu məruzəçilər də susub, bir söz demirlər. Burada balaca bir hadisə baş verən kimi ölkəmiz haqqında ağızdolusu yalan, böhtan uydururlar. Nə üçün susublar? Bundan sonra onlar Azərbaycan üzrə məruzəçi olmaq mənəvi haqqını itiriblər. Azərbaycan xalqı hər şeyi yaxşı görür. Görür ki, bunların çirkin bəyanatlarının arxasında heç də Azərbaycanda demokratiya, insan haqlarının qorunması məsələsi dayanmır. Azərbaycanı qaralamaq, şantaj etmək, nüfuzdan salmaq, beləliklə, ölkəmizin maraqlarına zərbə vurmaq bu qurumun məqsədidir,” o qeyd edib.
Əli Kərimli: İlham Əliyev müxalifətə qarşı növbəti nifrət çıxışını edib
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Amerikanın Səsinə bildirib ki, Azərbaycan xalqı, dünya birliyi tərəfindən çoxsaylı etirazlara baxmayaraq, İlham Əliyev müxalifətə, cəmiyyətin əhəmiyyətli bir hissəsinə qarşı növbəti nifrət çıxışını edib.
Your browser doesn’t support HTML5
“Əslində bu çıxış 19 martdakı çıxışın başqa bir formada davamıdır və tamamilə əsassız tezislər üzərində qurulub. Birinci əsassız, yalan məlumat ondan ibarətdir ki, biz Milli Şura, AXCP olaraq hakimiyyətlə, iqtidarla dialoqdan imtina etməmişik. Dialoqun hansı mövzuları əhatə etməsi ilə bağlı öz təkliflərimizi irəli sürmüşük. Biz mənası, görüntü xatirinə imitiasiya xarakterli görüntüdən imtina etmişik. Əsl dialoqdan imtina etməmişik. Konkret olaraq həmin ümumilli maraqlarla bağlı təkliflərimizi irəli sürmüşük ki, hansı mövzularda danışa bilərik. İkinci yalan tezis ondan ibarətdir ki, koronavirusla bağlı ölkənin vəziyyətinin pisləşməsinə biz heç vaxt sevinməmişik. Biz yanvar ayından başlayaraq dövlətin koronavirusla bağlı mübarizəyə hazırlanması üçün öz profilaktik təkliflərimizi irəli sürmüşük. Əslində, kaş ki, bizim təkliflər yanvar ayından eşidiləydi. O zaman ölkədə koronavirusla da, sosial-iqtisadi durumla da bağlı daha yaxşı vəziyyət olardı. Əgər, `ölkədə vəziyyət nə qdər pisdir, o qədər yaxşıdır` prinsipi ilə yaşasaydıq Azərbaycan iqtidarına həm koronavirusla mübarizə ilə, həm də ölkənin sosial probelmlərinin həlli ilə bağlı çoxsaylı təkliflər verməzdik. Bizim təkliflərimiz ölkədə insanların vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş təklifərdir.
Xalq Cəbhəsi bu dövlətin birbaşa qurucusu olan hərəkatın varisidir. Bu dövləti faktiki biz qurmuşuq, işğalçılardan biz qorumuşuq. Vətən uğrunda müharibədə biz şəhid olmuşuq.Əli Kərimli, AXCP sədri
Üçüncü yalan, həqiqətə uyğun olmayan tezis ondan ibarətdir ki, biz bu vəziyyətədə ölkə əhalisinə pislik arzulayırıq, dövlətə və millətə qarşıyıq. Birincisi İlham Əliyevin özündən və rəhbərlik etdiyi partiyadan fərqli olaraq Xalq Cəbhəsi bu dövlətin birbaşa qurucusu olan hərəkatın varisidir. Bu dövləti faktiki biz qurmuşuq, işğalçılardan biz qorumuşuq. Vətən uğrunda müharibədə biz şəhid olmuşuq. Bizim silahdaşlarımız şəhid olub. Xalq Cəbhəsinin sıralarından minlərlə insan şəhid olub. Hazırda da Əliyevin türmələrində neçə nəfər Qarabağ qazisi olan cəbhəçi funksioner yatır. Ona görə Azərbaycan dövlətinə qarşı olmaqda Xalq Cəbhəsini, onunla birlikdə olan Milli Şuranı ittiham etmək absurddur, yalandır. Azərbaycan xalqına qarşı olmaq, yenə də mümkün deyil. Çünki bizim elə bu koronavirusla mübarizə dövründə irəli sürdüyümüz təkliflər əslində xalqın təklifləridiir. Biz necə xalqa qarşıyıq ki, milyonlarla insanın bu gün ağır sosial vəziyyətindən öz narazılığımızı dilə gətiririk. Biz həmin insanlar üçün sosial yardım istəyirik. Birbaşa hər bir şəxsə, hər bir ailəyə çatacaq yardım tələb edirik. Biz özümüz üçün nə isə tələb edirikmi? Qətiyyən! Bizim bütün tələblərimiz Azərbaycan xalqı üçündür. Xalq bunu bilir və bizə dəstəyini artırır. Ona görə də hakimiyyət narahat olub. Ona görə də tamamilə absurd və əsassızdır.
Bizim koronavirusla mübarizə dövrünü bir fürsət bilməyimizi deməsi də tamamilə yalandır. Çünki, biz hələ dövlət rəsmi karantin elan etməmişdən qabaq özümüzün bütün strukturlarında karantin elan etmişik. Bütün toplantıları dayandırmışıq. Biz ilk gündən sıx karantinin tərəfdarı olduğunuz bildirmişik və karantin qaydalarına əməl olunmasını hamıdan xahiş etmişik. Bizim heç zaman karantik qaydalarını pozmaqla bağlı çağırışlarımız olmayıb. Karantin dövründə və koronavirusun yayıldığı dövrdə heç bir kütləvi aksiya planlaşdırmamışıq və buna cəhd etməmişik. Heç zaman insanları etiraz aksiyasına çağırmamışıq. Bu da növbəti bir yalandır.
Bu necə güclü hökumət, iqtidar başçısıdır ki, artıq tarixə yuvarlanmış siyasi qüvvə ilə bütün karyerası boyu mübarizə aparır.Əli Kərimli, AXCP sədri
Nəhayət, çıxışdakı növbəti yalan ondan ibarətdir ki, İlham Əliyev bildirib ki, biz artıq 27 ildir tarixin harasındayıq (zibilliyində deyir, nə deyir). Əgər elədirsə, onun nə işi var tarixin zibilliyində. Bizimlə nə işi var? Əgər biz artıq tarix olmuşuqsa, həm də onun hörmətsiz bir yerində olmuşuqsa, müxalifətlə də dialoq yaradıbsa, ölkədə də hər şey çox əla vəziyyətdədirsə, o zaman niyə işini-gücünü atıb ölkəyə rəhbərlik edən adam, həmin bu, guya tarixə atılmış siyasi qüvvələrlə yalnız mübarizə aparır. Bu adam nə zaman tarixin zibilliyində olmayan siaysi qüvvələrlə mübarizə aparacaq? Niyə, bu, ancaq tarixin zibilliyində olanlarla mübarizə aparır. Özünə bu barədə bir sual verirmi? Bu necə güclü hökumət, iqtidar başçısıdır ki, artıq tarixə yuvarlanmış siyasi qüvvə ilə bütün karyerası boyu mübarizə aparır. İlin-günün bu vaxtında dünyanın gündəminə nə ilə gəlir? Koronavirusdan müxalifətə qarşı istifadə emtəklə gündəmə gəlir. Danışsın, AZTV auditoriyasını öz aləmində sakitləşdirsin. Bütün dünya İlham Əliyevin koronavirusdan siyasi məqsədlər üçün sui-istifadəsindən yazır. Mənim, müxalifət partiyasının sədrinin interneti niyə bağlanmalıdır? Niyə imkan vermir ki, mən sözünü xalqa çatdırım. Bir sıra hallarda hətta məni mobil telefondan istifadədən də məhrum edir. Nəyə görə bu vəziyyət olmalıdır? Nəyə görə insanlar həbs olunmalıdır?
Xalq Cəbhəsinin, Milli Şuranın bu günlərdə yeddi nəfər fəalı uydurma ittihamlarla həbs olunub. Təkcə Xalq Cəbhəsinin, Milli Şuranın fəalları deyil, jurnalistlər həbs olunub, ADR Hərəkatının, Müsəlman Birliyi Hərəkatının, hərəsinin iki finksioneri həbs olunub. Bütövlükdə demokratik düşərgədən (mənim son günlər internetə çıxışım yoxdur, son məlumatları bilmirəm) 15-20 nəfərədək insan repressiyaya məruz qalıb. Tofiq Yaqublu kimi nüfuzlu siyasətçi şərlənərək həbs olunub. Hökumət koronavirusla mübarizə ilə məşğuldur, yoxsa tarixə gömdüyünü dediyi həmin o müxalifətlə mübarizə ilə məşğuldur? Mənə elə gəlir ki, Azərbaycan xalqı bilir ki, Azərbaycan iqtidarı uğursuz bir iqtidardır. O cümlədən son, karantin dövründə xalqın sosial problemlərini həll edə bilməyi bacarmayan bir iqtidardır. AXCP və Milli Şuraya qarşı təzyiqlər də məhz Azərbaycan xalqının sözünü dediyi üçün yaşanır,” AXCP sədri Amerikanın Səsinə müsahibəsində bildirib.
Arif Hacılı: Müxalifətin əleyhinə açıqlaması məyusluğun əlamətləridir
Müsavat Partiyasının başqanı Arif Hacılı Amerikanın Səsinə bildirib ki, İlham Əliyev hazırkı ekstremal situasiyada vəzifəsinin öhdəsindən gələ bilmir.
Your browser doesn’t support HTML5
“O, Azərbaycan xalıqnın indiki acınacaqlı sosial durumunu yaxşılaşdırmaq iqtidarında deyil. Ona görə isterikadadır və bu dövrlərdə heç bir dəxli olmadan müxalifətə qarşı repressiyaların həyata keçirilməsi, müxalifətin əleyhinə açıqlaması vəzifəsinin öhdəsindən gələ bilməməsi nəticəsində onda əmələ gələn məyusluğun əlamətləridir,” Müsavat Partiyasının başqanı prezident Əliyevin çıxışına belə münasibət bildirib.
Qulamhüseyn Əlibəyli: Azərbaycan Avropa Şurasının qərarlarını yerinə yetirmək öhdəliyi götürüb
Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin keçmiş üzvü Qulamhüseyn Əlibəyli Amerikanın Səsinə müsahibəsində prezident Əliyevin Avropa Şurası və Avropa Şurası Parlament Assambleyasının ünvanına səsləndirdiyi fikirlərə münasibət bildirib. Əlibəyli deyib ki, Azərbaycan Avropa Şurasına üzv olarkən üzərinə bu qurumun qərarlarını, qətnamələrini, tövsiyələrini yerinə yetirmək barədə öhdəlik götürüb.
Your browser doesn’t support HTML5
"Bəli, Avropa Şurası Parlament Assambleyasının qərarları məcburi xarakter daşımır. Sadəcə tövsiyəedici xarakter daşıyır. Bu tövsiyəedici xarakterli qərarların bir hissəsini müəyyən şərtlər daxilində Azərbaycan hökuməti yerinə yetirir. Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatın qərarlarını kağız parçası adlandırması o qədər də düzgün deyil.”
Əliyevin Avropa Şurasının Dağlıq Qarabağda keçirilən seçkilərlə bağlı münasibət bildirməməsi barədə dediklərinə gəlincə, Qulamhüseyn Əlibəyli qeyd edib ki, Avropa Şurası `ola bilsin ki, qondarma seçkilərə` hələ münasibət bildiməyib.
“Amma Ermənistan-Azərbaycan münaqişəsi dəfələrlə Avropa Şurasının strukturlarında müzakirə olunub, məruzə hazırlanıb. Həmin məruzələrdə Azərbaycanın ərazi bütövlüyü tanınıb və Ermənistan işğalçı tərəf kimi qiymətləndirilib,” o qeyd edib.
O, prezidentin AŞPA-nin Azərbaycan üzrə məruzəçilərini tənqid etməsini normal qarşılayır.
“Ola bilsin ki, məruzçilərin tənqidi çıxışları Azərbaycanı qane etmir. Ona görə də mən bu tənqidlərə xüsusi diqqət yetirməzdim,” Əlibəyli qeyd edib.