Prezident bir sıra dövlət qurumlarının təkmilləşdirilməsi barədə fərmanlar imzalayıb

Azərbaycan hökumətinin üzvləri

Azərbaycan prezidenti İlham Əliyev yanvarın 14-də ölkədə dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında, həmçinin Müdafiə Sənayesi Nazirliyinin əsasında "Azərsilah" Açıq Səhmdar Cəmiyyətinin (ASC) yaradılması haqqında fərmanlar imzalayıb.

Fərmana əsasən, "Azərsilah" ASC qabaqcıl texnologiyaları tətbiq etməklə Azərbaycanda silah istehsalını, ixracını, onların ölkə daxilində və xaricdə satışının təşkilini həyata keçirən işləri yerinə yetirən kommersiya hüquqi şəxs kimi müəyyən edilib.

Azərbaycan Müdafiə Sənayesi nazirliyi 2005-ci ilin dekabrında yaradılıb və ölkənin müdafiəsi ilə bağlı istehsalı həyata keçirib.

Fərmanda bir sıra idarələrin ləğvi və ya yenidən təşkili də nəzərdə tutulur.

Xüsusən, Azərbaycan prezidenti yanında Elmin İnkişafı Fondu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi özünümaliyyələşdirmə prinsipi əsasında yenidən təşkil ediləcək.

Bununla yanaşı, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ləğv edilib.

Problemi kökündən həll eləmək lazımdır - idarəetmənin ultramərkəzləşməsindən vaxt itirmədən imtina etmək, əksmərkəzləşmə strategiyası qəbul edib seçkili idarəetmə sayəsində regionlarda iqtisadi idarəçiliyin müstəqilliyini artırmaq lazımdır.
Rövşən Ağayev, ekspert

Həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi, Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu, habelə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Katibliyi fəaliyyətlərinin ictimai əsaslarla yenidən təşkili məqsədilə ləğv edilib.

Prezidentin idaretmə strukturunun təkmilləşdirməsi ilə bağlı fərmanları ekspertlər tərəfindən müsbət qarşılanıb.

İqtisadi məsələlər üzrə ekspert Rövşən Ağayev yazır ki, prezident büdcədən maliyyələşən, hər biri az qala nazir səviyyəsində bir rəisin kreslosuna qucaq açan xeyli dövlət qurumunu ləğv edib.

“Bu addımlar çox önəmlidir - illərdir icitimai rəydə bu təkliflər dönə-dönə vurğulanır. Büdcəyə yük olan, cəmiyyətə faydası dəyməyən bircə qurum belə çoxdur.”

Ekspert hesab edir ki, rəqabət qabiliyyətli iqtisadiyyat qurmaq, idarəetmə standartları baxımından inkişaf etmiş dünyanın bir parçasına çevrilmək üçün bu addımlar yetərli deyil və gözlənilən effekti verməyəcək.

Rövşən Ağayev

“Problemi kökündən həll eləmək lazımdır - idarəetmənin ultramərkəzləşməsindən vaxt itirmədən imtina etmək, əksmərkəzləşmə strategiyası qəbul edib seçkili idarəetmə sayəsində regionlarda iqtisadi idarəçiliyin müstəqilliyini artırmaq lazımdır. Yəni lazımsızları ləğv eləmək, lazımlıların isə sosial-iqtisadi sahədə lokal səlahiyyətlərini seçkili yerli orqanların xeyrinə məhdudlaşdırmaq çox mühümdür.”

Rövşən Ağayevin fikrincə, yerli səviyyədə sosial-iqtisadi problemlərin həllini sakinlər mərkəzi dövlət qurmlarından yox, özlərinin seçdiyi yerli özünüidarə orqanlarının qərarları ilə həll etməlidir.

“Sosial-iqtisadi ehtiyacları nazir və icra başçılarının kabinetlərində yox, açıq və kollektiv müzakirələr aparılan yerli parlamentlərdə (bələdiyyə şuralarında) müəyyən edilməli, ehtiyac olan vəsaiti də hamının gözü qabağında xərclənən yerli büdcələrdən ayırmaq lazımdır. Gerçək iqtisadi inkişafın yolu tarazlı regional inkişafdan, əksmərkəzləşmədən, demokratik yerli özünüidarə sisteminin qurulmasından keçir,” o qeyd edib.