Bayden: Korrupsiya ilə mübarizə milli təhlükəsizliyin əsas amilidir

Prezident Co Baydenin administrasiyası rəsmi olaraq korrupsiyaya qarşı mübarizəni milli təhlükəsizlik maraqları kimi xarakterizə edir. Bayden iyunun 4-də anti-korrupsiya gündəmini əks etdirən ilk milli təhlükəsizlik memorandumunu açıqlayıb.

"Korrupsiya Amerika Birləşmiş Ştatlarının milli təhlükəsizliyini, iqtisadi bərabərliyi, qlobal yoxsulluq və inkişaf səylərini və birbaşa demokratiyanı təhdid edir" deyən prezident təlimatında bildirib ki, "Yalnız effektiv şəkildə korrupsiyanı önləyərək və ona qarşı mübarizə apararaq, şəffaf və hesabatlı idarəetmənin üstünlüklərini nümayiş etdirərək, ABŞ və digər demokratik ölkələr üçün kritik üstünlük əldə edə bilərik."

Administrasiyanın bir yüksək səviyyəli rəsmisi brifinq zamanı deyib ki, memorandum birbaşa prezident tərəfindən göndərildiyi üçün "O, bütün federal idarələr və qurumların korrupsiyaya qarşı mübarizədə spesifik üsulların tətbiq etmələrini gözləyir".

Memorandum qismən ölkədəki və beynəlxalq maliyyə sistemlərindəki bütün qanunsuz maliyyələşmə ilə mübarizə aparmağı tələb edir. Amerika şirkətlərinə mənfəət sahiblərini Maliyyə Nazirliyinə bildirmək və ofşor hesablarını azaltmaq çağırışı edir.

Şirkətlərin mənfəət sahiblərinin qeydiyyata alınması qeyri-qanuni mülkiyyətlərin anonim ofşor şirkətlər vasitəsi ilə gizlədilməsini qarşısını effektiv şəkildə alacaq.

Adının çəkilməməsi şərtilə jurnalistlərə danışan yüksək səviyyəli bir administrasiya rəsmisi, "Bu, böyük bir işdir" deyib.

“Ötən illərdə korrupsiya gəlirlərinin ofşor şirkətlər vasitəsi ilə yığıldığı və bu qanunsuz qazancların ABŞ-dakı böyük metropolitan şəhərlərindən çıxarıldığı aydın olub. Beləliklə, bunun gələcəkdə baş verməməsinə əmin olmaq üçün əlavə addımlar atacağıq”- deyə, rəsmi bildirib.

Transparency International-ın ABŞ ofisin direktoru Gery Kalmananın fikrincə, ABŞ və digər inkişaf etmiş ölkələrdə korrupsiyalaşmış pulların maliyyə sistemlərindən keçməsinə icazə verən qanunlar "böyük bir problemdir".

"ABŞ-ın təmiz, ofşor gəlirlərdən uzaq bir ölkə olmasının vacibliyinə baxmayaraq, yəqin ki, qanunsuz maliyyə planetdəki digər ölkələrdən daha çox ABŞ-da dövriyyə edir" - deyə, Kalman Amerikanın Səsinə bildirib.