Prezident Administrasiyasının ideoloqunun bəyanatları əks tənqidlər doğurub

Przident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri qərb dövlərlərinin, Avropa İttifaqının, beynəlxalq hüquq-müdafiə təşkilatlarının, beynəlxalq medianın ünvanına kəskin bəyanatlarla çıxış etməsi sərt tənqidlərə səbəb olub.

Przident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun mayın 31-də qərb dövlərlərinin, Avropa İttifaqının, beynəlxalq hüquq-müdafiə təşkilatlarının, beynəlxalq medianın, ölkə müxalidfətinin ünvanına kəskin bəyanatlarla çıxış etməsi sərt tənqidlərə səbəb olub. Ölkənin ictimai-siyasi xadimləri ittihamları qəbul etmir. Bir çox xadimlər Ə. Həsənovun çıxışını reallıqdan uzaq, isterik, emosional, milli maraqlara cavab verməyən kimi dəyərləndirib.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Rolan Kobia rəsmi ideoloqun qalmaqallı bəyanatına fələsfi cavab verib. “Dünyada söz azadlığı mövcuddur. Ona görə də Əli Həsənov nə istəyir desin. Ancaq əlbəttə ki, biz onun dediklərinin hamısını qeydə almışıq. Eyni zamanda, biz sakitik, çünki hazırda Azərbaycanla malik olduğumuz çox yaxşı əməkdaşlığı saxlamaq istəyirik”.

Bakının Avropa Parlamentinin qətnaməsindən narazılığına gəlincə, cənab Kobia deyib ki, “bu, həqiqətən müstəqil parlamentin qətnaməsidir və heç kim onlara “bunu qəbul etməməliydiniz” demək iqtidarında deyil”.
Azərbaycanın ictimai-siyasi xadimlər Prezident Administrasiyasının şöbə müdirinin bəyanatını belə şərh edib:

“Bu, isterik çıxış idi”, - AXCP sədri Əli Kərimli bildirib.
Onun fikrincə, bu çıxış hökumətin özü üçün kifayət qədər fəsadlar yarada biləcək çıxışdır. Ə.Həsənovun çıxışını iqtidarın məsuliyyətsiz siyasətinin nəticəsi sayan AXCP sədri hökumətin əsas vəzifəsinin vətəndaşın azad, firavan, təhlükəsiz həyatını təmin etmək olmasını xatırladıb. “Mövcud siyasət ölkəni dünyadan təcird etməyə səbəb olub”, - o vurğulayıb.
Ə.Kərimli dünyanın güc mərkəzlərindən olan Avropa İttifaqı ilə qarşıdurmaya getməyi məsuliyyətsizlik adlandırıb.
Ə.Həsənovun hakimiyyətə gəlmək istəyənlərin xalqın qanı üzərindən keçməli olacağı bəyanatını AXCP sədri mövcud iqtidarın hakimiyyəti saxlamaq üçün dünyaya savaş açacağı, hakimiyyətin sivil yolla dəyişməsi niyyətində olmaması kimi dəyərləndirib.
Ə.Kərimliyə görə, iqtidar “Qarabağ problemi”ni çirkin siyasətinə alət edir. “Qarabağı düşünən, problemi həll etmək istəyən iqtidar ölkəni dünyadan təcrid etməli deyil. Əgər bu problem dünya birliyinin gücü ilə həll olacaqsa indiki siyasət Qarabağı Azərbaycandan daha da uzaqlaşdırır”, - o qeyd edib və iqtidarı yalançı vətənpərvərlikdə ittiham edib.
Ə.Həsənovun çıxışının müxalifətə aid hissəsini Ə.Kərimli əsassız adlandırıb. Onun fikrincə, “Eurovision” müsabiqəsi çərçivəsində Bakıya gələn xarici jurnalistlərin ölkənin problemlərindən yazması iqtidarı ciddi narahat edib. “Amma düşünək, ölkəni korrupsiya bataqlığına müxalifət salıb? Yoxsa korrupsiyaya uğramış hakim ailə müxalifətçi ailəsidir, ya siyasi və vicdan məhbuslarını müxalifət həbsdən azad etmir?”- Ə.Kərimli bildirib.
AXCP sədrinin fikrincə, iqtidar beynəlxalq birlikdən aldığı zərbələrdən müvazinətini itirib və bu çıxış həmin dayanıqsızlıqdan doğub.
Tədbirin QHT-lərin iştirakı ilə keçirilməsinə diqqət çəkən AXCP sədri bu məqamı iqtidarın “öz QHT-lərini ifşası” adlandırıb. Ə.Kərimliyə görə, iqtidarın bu addımı maliyyələşdirdiyi QHT-ləri öz müdafiəsinə səfərbər etməsi, rəsmi Bakıya tənqidi münasibət ifadə edən beynəlxalq qurum və mərkəzlərə ictimai nifrət yaratmaq komandasının verilməsi kimi dəyərləndirilib.
Ziyalılar Forumunun həmtəsisçisi Eldar Namazov Ə.Həsənovun bəyanatlarını ciddi şərh etməyə ehtiyac duymayıb. O, sadəcə ironiya ilə deyib: “Kül Avropanın başına, gör onun üstünə kimlər gedir”.
Politoloq Zərdüşt Əlizadə Ə.Həsənovun bəyanatlarının Azərbaycanın uğursuz xarici siyasətindən xəbər verdiyini bildirib. “Azərbaycan Avropanı, İranı rədd edir, Rusiya ilə münasibətlər gərgindir, Ermənsitanla isə məlum səbəblərdən müharibə vəziyyətindədir. Bütün bunlar Azərbaycanın “uğurlu xarici siyasətinin” nəticəsidir”.
Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Prezident Administrasiyasının şöbə müdirinin bəyanatlarına şərh verməyib. “Mən Əli Həsənovun bəyanatlarına şərh vermək fikrində deyiləm. Amma Azərbaycanın Avropa ilə əməkdaşlığı davam etdiriləcək. Çünki bunun üçün hər iki tərəfdən obyektiv maraqlar var”, - o qeyd edib.
Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu hesab edir ki, Ə.Həsənovun bəyanatları bir qədər emosional şəkildə ifadə edilsə də, xeyli qəzəb və nifrətlə yanaşı, həm də bir sıra həqiqət var. “Əvvəla, Əli müəllim ilk dəfə az qala açıq etiraf elədi ki, hakimiyyət çox ağır durumdadır və həm də onun bütün potensial tərəfdaşları ilə münasibəti pozulub. İkincisi, o bildirdi ki, hakimiyyətin heç bir dialoq və islahat aparmaq niyyəti yoxdur, çünki belə istəyi olanlar ən azı Əli müəllimin ritorikasından istifadə eləmirlər”.
Politoloqun fikrincə, nəhayət, bir məsələdə cənab Həsənovla razılaşmamaq mümkün deyil. “Xaricdən təyin olunan hakimiyyət heç zaman xalqın iradəsini ifadə eləmir və edə bilməz. Azərbaycan xalqı bunu artıq 20 ilə yaxındır ki, əyani olaraq görür. O ki qaldı açıqlamada səsləndirilən hədələrə, məncə müasir dünyada bunun ən uğurlu texnologiya olmadığı elə son bircə ildə bir neçə ərəb ölkəsinin timsalında əyani şəkildə sübuta yetirildi”, - o qeyd edib.