Mətbuat İcmalı: İstanbul sammitində Qəzza məsələsi və İranın nüvə problemi önə çəkildi

İstanbul sammiti Asiyada Etimadın Yaranması zirvəsi adlansa da İsrail təhlükəsizlik qüvvələrinin Qəzzaya yardım aparan gəmidə 9 nəfəri öldürməsi məsələsi və İranın nüvə proqramı sammit çərçivəsində təşkil edilən yüksək səviyyəli görüşlər və rəsmilərin bəyanatlarında vaxtdan vaxta gündəmə gəlib

İstanbulda keçirilən Avrasiya sammitində region ölkələrindən liderlər və yüksək vəzifəli rəsmilər iştirak edib. Rusiya baş naziri, İran, Əfqanıstan və Suriyanın prezidentləri, Fələstin Muxtariyyətinin başcısı sammitin iştirakçıları arasındadır. İstanbul sammiti Asiyada Etimadın Yaranması zirvəsi adlansa da İsrail təhlükəsizlik qüvvələrinin Qəzzaya yardım aparmaq məqsədilə İsrailin həmin əraziyə tətbiq elədiyi blokadanı yarmaq istəyən gəmidə 9 nəfəri öldürməsi məsələsi ətrafındakı münaqişə və İranın nüvə proqramı sammit çərçivəsində təşkil edilən yüksək səviyyəli görüşlər və rəsmilərin bəyanatlarında vaxtdan vaxta gündəmə gəlib. Türkiyə həmin hücumla əlaqədar İsraili məhkum edib və bu ölkənin xarici işlər naziri Əhməd Davudoğlu İsraili hadisə üzərində beynəlxalq təhqiqat aparılmasına imkan yaratmağa çağırıb.

Davudoğlu deyib ki, İsrail dünya birliyi qarşısında məsuliyyətə cəlb edilməlidir. İsrail isə beynəlxalq təhqiqat ideyasını rədd edir. Associated Pressin Qüdsdən verdiyi məlumata görə İsrail ordusu bildirib ki, öz ekspertləri Qəzzaya gedən gəmiyə basqının insan itkisi ilə nəticələnməsinin səbəblərini araşdıracaq. İsrailli ekspertlər hərbi qüvvələr daxilində artıq başlamış dörd təhqiqatın gedişini də nəzərdən keçirəcəklər.

Chiristian Science Monitor qəzetinin bu günkü nömrəsində yazılıb ki, İsrail Türkiyənin Fələstinlilərin vəziyyəti, ələlxüsus Qəzzadakı durumla əlaqədar reaksiyasını regiondakı mövqeyini möhkəmləndirmək səyi kimi qələmə verir. Türkiyənin liderləri isə Fələstinlilərlə əlaqədar narahatlıqlarının on illərdən bəri davam etdiyini deyirlər. Chiristian Science Monitor yazır ki, Türkiyə və İsrail arasında illərlə davam edən yaxın əlaqələrdən sonra Türkiyənin İsraili ən çox tənqid edən ölkələr arasında ön cərgədə yer alması İsraildə çoxları üçün gözlənilməzdi və narhatlığa səbəb olub. İsrailin Türkiyə ilə 1990-cı ilərdə inkişaf etməyə başlayan müttəfiqliyi bu ölkə üçün simvolik, strateji və iqtisadi əhəmmiyyətə malik idi.

Stanford Universitetinin tanınmış alimi Daniel Payps National Review Jurnalın online nömrəsində çıxan məqaləsində yazır ki, İslamçı Türkiyə həddini ötür. Cənab Payps problemin köklərini Türkiyənin tarixində axdarır. O yazır ki, Qərb yönümlü modern Türkiyənin banisi olan Atatürk nəzərdə tutduğu Türkiyə üçün xalq arasında heçvaxt kifayət qədər dəsdək əldə edə bilmədi və onun yaratdığı dünyəvi respublika İslam ideya və hissiyatları qarşısında müəyyən güzəştlərə getməli oldu. Daniel Payps yazır ki, Türkiyədə islamçılar 70-ci illərdə parlamentə Necməddin Ərbakanın rəhbərliyində, partiya səviyyəsində daxil olmağa başladılar. Ədalət və İnkişaf Partiyası isə 2001 və 2007-ci il seçkilərində parlamentdə böyük fərqlə əksəriyyət əldə edərək iki dəfə hakimiyyətə gəldi. Alim yazır ki, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ölkəsini Yaxın şərqdə yenidən lider mövqeyinə gətirmək üçün ehtiyatsız siyasət yeridir. O deyir ki, Davudoğlunun arzu etdiyi kimi Türkiyə Yaxın Şərqin və ümmətin mərkəzinə qayıdsa da artıq NATO-ya üzvlük onun haqqı deyil.

Nyu York Taymz yazır ki, İstanbul sammitində Rusiya, Türkiyə və İran liderləri bu gün təşkil etdikləri təhlükəsizlik sammitində regionun gücünü nümayiş etdirməklə görünür BMT təhlükəsizlik Şurasında İrana qarşı əlavə sanksiyaların səsə qoyulmasından bir neçə gün əvvəl Birləşmiş Ştatların reaksiyasını sınaqdan keçirirlər.